İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın ardınca Pakistanın baş naziri Bakıda: qardaşlığın təntənəsi, düşmənə gözdağı

524 17.06.2023 11:26 Siyasət A A

Murad Sadəddinov: “Artıq de-fakto Azərbaycan-Türkiyə-Pakistan üçlü ittifaqı formalaşıb...”

Pakistan İslam Respublikasının baş naziri Şahbaz Şərifin Azərbaycana ilk rəsmi səfəri başa çatdı. Diqqəti dərhal çəkən məqam səfərin Türkiyə lideri R.T Ərdoğanın Bakıya rəsmi ziyarətindən cəmi bir gün sonraya təsadüf eləməsi oldu. Təkcə bu faktın özü Azərbaycanın düşmənlərinə özünəməxsus bir mesaj, hətta gözdağı idi.

Yeganə müsəlman nüvə dövləti olan Pakistanın müstəqilliyimizin ilk illərindən Azərbaycanın yanında olduğu sirr deyil. Bu da məlumdur ki, erməni işğalına görə rəsmi İslamabad Ermənistanla hələ də diplomatik münasibətlər qurmayan yeganə dövlətdir. Bakıda bu məsələyə toxunan cənab Şərif bildirdi ki, “Biz Ermənistanla diplomatik əlaqələrin qurulmasına yalnız Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanandan sonra qayıda bilərik”.

Yəni gerçək qardaşlıq örnəyi. 44 günlük müharibə zamanı da biz bu qardaşlığı bir daha, əyani şəkildə gördük. Xalqımız bu yaxşılığı heç vaxt unutmayacaq, eləcə də Ermənistanın dostu olan cənub qonşumuz İranın tarixi pisliyini... 

“Azərbaycanla Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata bəyanatında deyib.

“Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram”, - deyə dövlət başçısı bildirib.

“Biz həmçinin müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik əvvəllər keçirdiyimiz birgə hərbi təlimlərin sayını artırmaq barədə razılığa gəldik. Buna ehtiyac var, çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik zonaları çoxalır”.

Bunu da ali qonaqla keçirdiyi mətbuat konfransında İlham Əliyev söyləyib.

Məlumdur ki, İslam dünyasının bu üç mühüm dövləti - Azərbaycan, Türkiyə və Pakistan arasında xüsusən də son illər əsl qardaşlıq münasibətləri formalaşıb. Üç dövlət vaxtaşırı ortaq hərbi təlimlər keçirir, faktiki bir “yumruq” kimidir. O dərəcədə ki, bəzi təhlilçilərə görə, onlar arasında artıq üçtərəfli strateji müttəfiqlik müqaviləsinin imzalanmasının vaxtı çatıb.

Getdikcə daha da qəlizləşən qlobal və regional şərtlər fonunda belə bir ortaq sənəd imzalanmalıdırmı? Xüsusən də hərbi-strateji sahədə Azərbaycan və Pakistanın əməkdaşlığı hansı yeni perspektiv vəd edir?

Bakının tələbi ünvana çatdımı - Rusiya Müdafiə Nazirliyinin bitməyən  toponim oyunu

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, artıq de-fakto Azərbaycan-Türkiyə-Pakistan üçlü ittifaqı formalaşıb: “Üçlü ittifaqın hüquqi baxımdan reallaşdırılması qalır ki, gələcək perspektivdə bu da baş verə bilər. Azərbaycanla Türkiyə, Azərbaycan Pakistan, eləcə də Türkiyə ilə Pakistan arasında əməkdaşlıq, müttəfiqlik istiqamətində bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlərin  əksəriyyəti əslində üçlü ittifaqı rəsmiləşdirmək yolunda baza sənədləri hesab etmək olar. Yəni həmin sənədlərə əsaslanıb üç ölkə birgə müttəfiqlik sənədi hazırlaya və imzalaya bilər. Azərbaycan-Türkiyə-Pakistan geosiyasi üçbucağı qurulub. Qarşılıqlı səfərlər və təmaslar sıxlaşır. Bu isə üçtərəfli əlaqələrin inkişafına, həm də səmərəli fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

2021-ci il iyul ayının 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsinin imzalanmasını da bu xüsusda qeyd etmək lazımdır. Bu, tarixi-mənəvi və siyasi-strateji baxımdan olduqca mühüm əhəmiyyətə malikdir, eləcə də dost, qardaş və strateji tərəfdaş olan üç ölkə arasında çoxşaxəli münasibətlərin yeni mərhələdə daha da möhkəmləndirilməsinə xidmət edən, tərəflər üçün yeni perspektivlər yaradan sənədlərdən biridir. Tərəflər arasında parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təkcə qanunverici hakimiyyətlər arasında münasibətlərin inkişafı baxımından müstəsna önəm daşımırdı, eyni zamanda, siyasi məzmuna malik olmaqla strateji işbirliyinin güclənməsinə töhfə verib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafı da yüksələn xətt götürüb. Hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsal sahələrində Azərbaycan Pakistan və Türkiyənin üçtərəfli əməkdaşlığı üçün işlər həyata keçirilir. Regional və beynəlxalq əhəmiyyətə malik geostrateji reallıqların yarandığı yeni dönəmdə hər üç ölkə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirir. Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir.

Bu üç dövlət beynəlxalq müstəvidə , regional məsələlərdə bir-birinə ən yüksək səviyyədə dəstək verir. Azərbaycan, Türkiyə və Pakistanın ortaq müttəfiqlik sənədi imzalaması üçün maneələr demək olar ki, yoxdur. Belə bir ittifaqın rəsmi sənədlə rəsmiləşdirilməsi hər üç ölkə üçün yeni imkanlar açar. Eyni zamanda bu ittifaq dünyada ən səmimi müttəfiqlik hesab olunacaq. Azərbaycan-Pakistan-Türkiyə əməkdaşlığı bütün istiqamətlərdə daha da dərinləşdirilməkdədir. Gələcəkdə bu əməkdaşlığın nəticəsində üç dövlətin dünyada təsir imkanları artacaq".

Ekspert onu da vurğuladı ki, artıq Azərbaycan Ordusu 21-ci əsrin tələblərinə cavab verən ordular sırasına daxil olan silahlı qüvvələrdir. Bu səviyyəyə gəlib çatmağımızda Azərbaycan Ordusunun Türkiyə və Pakistan ordusu ilə birgə təlimlərinin də ciddi əhəmiyyəti var: “Azərbaycan miqyasca kiçik dövlət olsa da müasir, güclü ordusu olan dövlətlər sırasındadır. Bizim ordumuzla birgə təlimlər keçirməyə dünyanın əksər ölkələri həvəs göstərirlər. Türkiyə və Pakistan isə bizə qardaş ölkələrdir və onlarla bizim birgə təlimlərimiz, müttəfiqliyimiz tamamilə təbiidir. Bu üçlük bir-birinə o dərəcədə sıx bağlıdır ki, istər siyasi, istər hərbi ittifaq təbii proses olaraq meydana gəlir. Azərbaycanın istənilən bölgəsində Azərbaycan, Türkiyə və Pakistanın bayraqlarını bir yerdə görürük. Yəni bu üç dövlətin birliyinə bütün ictimaiyyət dəstək verir. Azərbaycan Prezidenti İlham Əliyev müharibə zamanı bəyan etmişdi ki, biz bundan sonra biləcəyik kim bizim həqiqi dostumuzdur və münasibətimizi məhz bu prizmadan quracağıq. Türkiyə və Pakistan bizim yanımızda oldular. Dediyimiz kimi, Azərbaycan-Türkiyə-Pakistan birliyi artıq uzun müddətdir qurulub”.    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR