İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan İrana Zəngəzur iradı - Tehranın “qızıl” susqunluğu və...

2419 17.06.2023 11:40 Siyasət A A

Natiq Cəfərli: “Tezliklə məsələ həllini tapacaq”

“Zəngəzur dəhlizi məsələsində problem Ermənistandan yox, İrandan qaynaqlanır”. “Yeni Müsavat” xatırladır ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində söyləyib.

Türkiyə Prezidenti bu xüsusda habelə qeyd edib: “İki ölkə (İran və Azərbaycan - red.) əhalisinin əksəriyyəti müsəlmandır. Tehranın mövqeyi Bakını və Ankaranı məyus edir. Halbuki vəziyyət onlarda (İranda) da təəssüf yaratmalıdır”.

Ərdoğanın sözlərinə görə, dəmir yolu yüklərinin daşınmasında rüsumlar çox yüksəkdir. “Ümid edirəm ki, bu problem (bir vaqona görə daşınma rüsumu) tezliklə həll olunacaq. Bölgədə kommunikasiya məsələlərinə müsbət yanaşma ilə Türkiyə-Azərbaycan-İran vahid dəmir yolu və avtomobil yolları şəbəkəsini formalaşdırmaq, hətta ola bilsin, Pekin-London marşrutunu açmaq mümkün olacaq”, - deyə Türkiyə Prezidenti əlavə edib.

Açıqlamadan da göründüyü kimi, son Bakı səfəri çərçivəsində R.T.Ərdoğanın prezident Əliyevlə müzakirə etdiyi əsas mövzular sırasında Zəngəzur dəhlizi də yer alıb. Bəs dəhlizə Ermənistandan çox əngəl yaradan, ermənidən çox erməni olmaq istəyən İran elan elədiyi yalançı “qırmızı xətti”ndən hansısa mərhələdə imtina edə bilərmi? Hərçənd bu da var ki, Ermənistan rəhbərliyi vaxtaşırı Zəngəzur dəhlizinin deyil, sadəcə, kommunikasiyaların açılacağı, həm də adi yol məntiqi ilə açılacağı haqda Tehranın qulağına xoş gələn bəyanatlar verir. Hələ ki rəsmi Tehran Ərdoğanın haqlı Zəngəzur iradına reaksiya bildirməyib. Ümumiyyətlə, bildirəcəkmi? Yoxsa yenə çeynənmiş “sionizm” kartını ortaya atacaq?

Yeri gəlmişkən, iyunun 17-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında “Biz 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, regiondakı nəqliyyat-kommunikasiya xətlərini açmağa hazırıq” bəyanatını yenidən səsləndirib. O, tərəflərin artıq bir-birilərinin ərazi bütövlüyünü tanıdığını xatırladıb. Paşinyan bildirib ki, növbəti addım demarkasiya və delimitasiya olmalıdır.

İranı Turan yolundan necə qovaq? – Ərdoğanın Zəngəzur bəyanatının  pərdəarxası - GlobalInfo.az

İran parlamentinin üzvü Ara Şaverdyan isə deyib ki, Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin əldə etdiyi pərdəarxası razılaşmaları nəzərə alsaq, Cənubi Qafqazda sərhədlərin və xəritələrin dəyişdirilməsi ilə bağlı narahatlıqlar var. O bildirib ki, bu, 44 günlük müharibədən sonra imzalanan 10 noyabr bəyanatından “kənara çıxır”. Sitat: “İran XİN-in bu barədə diqqətli olması lazımdır. Çünki Ermənistan hakimiyyəti hər zaman Zəngəzur dəhlizinin əleyhinə olduğunu desə də, faktlar göstərir ki, biz bu dəhlizə addım-addım yaxınlaşırıq, bu da İrana ziyandır, çünki bu, Cənubi Qafqazda Tehranın mövcudluğunu məhdudlaşdırır və Cənub-Şimal dəhlizinə ziyan vurur”.

İranın erməni əsilli deputatı qeyd edib ki, Qarabağdan sonra Azərbaycan addım-addım irəliləyəcək və Zəngəzur və digər dəhlizləri ələ keçirəcək: “Çünki onlar (azərbaycanlılar - red.) Avropa və Türkiyə ilə əlaqə qurmaq istəyirlər və bu, bizim (İranın) Avrasiyaya, Qara dənizə və Gürcüstana çıxışımızı məhdudlaşdıracaq. Bu gün Türkiyənin Naxçıvan və İran torpağı vasitəsilə Azərbaycanla əlaqələri var və sərhəd dəyişikliyinə, bölgədə baş verən digər proseslərə ehtiyac yoxdur. Təəssüf ki, Cənubi Qafqazda sionist rejim və NATO kimi üçüncü qüvvələr İranın Avrasiyaya çıxışını məhdudlaşdıran amillərdir və bu, bizə siyasi, iqtisadi və strateji baxımdan zərər vurur. Biz Avrasiya İqtisadi İttifaqının daimi üzvü olacağımıza ümid edirik”.

Natiq Cəfərli: “Virus olmasaydı da, neft ucuzlaşacaqdı”

Natiq Cəfərli 

İqtisadçı ekspert Natiq Cəfərli qəzetimizə söylədi ki, Ərdoğanın açıqlaması daha dərin məsələlərdən xəbər verir. Onun sözlərinə görə, İranın Zəngəzur koridorunu “qırmızı xətt” elan etməsi layihəyə qarşı çıxması deyil, yola kimin nəzarət edəcəyidir: “Bu problem İranla bağlı deyil, Ermənistanla-Rusiyanın arasında olan məsələdir. İran isə Rusiyanın yox, Ermənistanın yola nəzarət etməsini istəyir. Ona görə məsələ dərindir. Çünki İranın Ermənistana dəmir yolları var. Tehran Moskvaya açıq deyə bilmir ki, yola erməni tərəfinin kontrol etməsini arzulayır. Yəni Tehran yeganə moderator Rusiyanın olmasını istəmir. Amma son zamanlar İran-Azərbaycan münasibətlərində yumşalma var. Nəticə etibarı ilə kompromis tapılacaq. Onsuz da Azərbaycan kompromis təklif edib, yəni həm Ermənistan, həm İrandan keçən iki paralel yol olacaq. Bununla da İranın narazılığı qalmayacaq. O baxımdan, düşünürəm ki, tezliklə məsələ həllini tapacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR