İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan və Əliyevin “dünya 5-dən böyükdür” təklifi gerçəkləşir

1010 24.05.2023 11:57 Siyasət A A

BMT baş katibi də dilə gəldi - "islahatlara ehtiyac var" dedi

BMT Təhlükəsizlik Şurasında və Bretton-Vuds institutlarında islahatların aparılmasının vaxtı çatıb və onları “bugünkü dünyanın reallıqlarına” uyğunlaşdırmaq lazımdır. Bunu BMT-nin baş katibi Antoniu Quterreş Xirosimada keçirilən G7 sammitindən sonra mətbuat konfransında deyib.

“Qlobal maliyyə arxitekturası köhnəlib, işləmir və ədalətsizdir”, - deyə A.Quterreş bildirib. BMT-nin baş katibinin sözlərinə görə, COVİD-19 pandemiyası və Ukraynadakı münaqişənin yaratdığı “iqtisadi sarsıntılar qarşısında” qlobal maliyyə sistemi “qlobal sığorta şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilməyib”.

Aprel ayında BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən A.Quterreş bildirmişdi ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bildirir.

Yada salaq ki, ilk dəfə Türkiyə Prezidenti Ərdoğanın səsləndiurdiyi “Dünya 5-dən böyükdür” təklifindən sonra Azərbaycanın dövlət başçısı İlham Əliyev də bu mövzunu müxtəlif səviyyələrdə gündəmə gətirib.

“BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək”, - deyə İlham Əliyev bildirib.

Bəs regional münaqişələrin həllində, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında faktiki lüzumsuz və amorf quruma çevrilmiş BMT TŞ-də islahat mümkünmü? Böyük monopolist dövlətlər buna razı olacaqmı?

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..." » Azia.az

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, İkinci Dünya müharibəsindən sonra bretton woods beynəlxalq ticarət sistemi məhz qalib tərəfin özünün maraqlarını qlobal bir konsepsiyada qəbul etdirmək və ümumilikdə daha sonrakı mərhələlərdə dünya müharibələrinin olmaması üçün sülhün  formalaşması konsepsiyasını tətbiq etdi: “İlkin mərhələdə bu konsepsiyanı irəli sürərək bretton woods beynəlxalq ticarət sisteminin əsasını qoyanlar ümumilikdə qlobal səviyyədə bir sıra dövlətlərin maraqlarının müdafiəçisi qismində meydan gəldilər. Onlar hesab edidilər ki, İkinci Dünya müharibəsindən sonra formalaşan bu sistem ümumilikdə həm də sülh və sabitliyə gətirəcək. Bu sistemin formalaşması qloballaşmanın ilkin mərhələsi idi. Burada da vacib alət kimi BMT və BMT Təhlükəsizlik Şurası oldu. Təhlükəsizlik Şurası bretton woods beynəlxalq sisteminin formalaşmasında mexanizm kimi nəzərdə tutuldu və get-gedə dünya üç hissəyə, üç sinifə bölündü. Nəticədə bütün dünyada bərabərsizlik artdı. Təhlükəsizlik Şurasının daimi üzvlərinin əsas missiyası BMT-ni öz maraqlarını yeritmək üçün alət kimi istifadə edərək Afrika, Yaxın Şərq kimi regionlarda resurslar ələ keçirmək oldu. BMT TŞ-də ən çox qazanan ölkə həmişə Fransa olub.

Son illərdə, xüsusən COVİD-19 pandemiyası zamanı bretton woods sisteminin, yəni BMT TŞ-nin dünya üçün müsbət nəsə vermədiyi, yetərsiz olduğu bir daha ortaya çıxdı. 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi hücumu isə qlobal səviyyədə problemləri, BMT TŞ-nin tamamilə iflic olduğunu ortaya çıxardı. BMT TŞ-nin beç daimi üzvündən biri BMT-nin üzvü olan dövlətin ərazisinə hərbi hücum etdi və ərazisinin bir hissəsini işğal elədi. TŞ-nin digər üzvü bu məsələni müzakirəyə çıxardı. Amma 5 daimi üzvdən biri olan aqressor dövlət buna veto qoydu. Beləliklə, TŞ-nin iflic, işlək olmadığı bir daha isbat oldu. Bu sistemin özünü doğrultmadığı, islahatlara ehtiyac olduğu şəksizdir. İdarə edənlərlə idarə olunanlar arasında uçurum, qeyri-uzlaşma bu sistemi iflic vəziyyətinə gətirdi. BMT TŞ dəfələrlə beynəlxalq hüququ çeynəyib. Artıq dünyada onlara etimad qalmayıb".  

Ekspert qeyd etdi ki, BMT-nin dünyanın bir nömrəli beynəlxalq təşkilatının Təhlükəsizlik Şurası xristian klubu kimi tanınır: “İslahatlara ciddi ehtiyac var. İlk növbədə daimi üzvlər sırasında iki milyarddan çox müsəlmanı təmsil edən dövlət olmalıdır. İslam dünyasının maraqları bretton woods sistemində qorunmadı və qorunmur. Ona görə də İslam Əməkdaşlıq Təşkilatının rotasiya qaydasında müəyyən edəcəyi bir müsəlman dövləti TŞ-nin daimi üzv olmalıdır. BMT-nin yenidən qurulması, orada islahatlar aparılması məsələsi son illərdə gündəmin əsas müzakirə olunan məsələlərindən birinə çevrilib. Hamı yaxşı bilir ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələr özlərinin veto hüququndan istifadə edərək fərqli xarakterli məsələlərin müzakirəsi zamanı həmin məsələlərə dair qərar və qətnamələrin qəbul edilməsini bloklayırlar. Bu nöqteyi-nəzərdən BMT dünyanın bütün coğrafi mövqelərini əhatə edən qlobal xarakterli məsələləri müzakirə edərkən həmişə bu 5 dövlətin geosiyasi maraqlarının toqquşmasından irəli gələn qərarsızlıqlara tuş gəlir və bu səbəbdən də səmərəli fəaliyyət göstərə bilmir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT-nin yenidən qurulması, eyni zamanda qurumun həm Təhlükəsizlik Şurasının, həm də Baş Məclisinin fəaliyyətini artırmaq üçün təkliflər verib. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının 5 daimi, 10 da keçici, 2 il müddətinə seçilmiş üzv ölkəsi var. Keçici üzvlərin heç bir veto qoymaq səlahiyyəti yoxdur. Onların tərkibi hər iki ildən bir təzələnir. Amma 5 daimi üzv orada qəbul edilən qərarların hamısını öz nəzarətində saxlayır. Ona görə də bu gün bir çox dövlətlər-islam ölkələri, Qoşulmama Hərəkatı, digər qurumlar tərəfindən belə səslər eşidilməkdədir ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməli, oraya yeni üzvlər qəbul olunmalıdır. Almaniya kimi böyük dövlət Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddia edir. Bunu demək mümkündürsə, BMT-nin ilk növbədə, Təhlükəsizlik Şurasının üzvlərinin tərkibinin dəyişdirilməsini, onların sayının 15-ə qaldırılmasını təklif edən dövlətlər çoxdur. Azərbaycan da, İslam Əməkdaşlıq Təşkilatı da, Qoşulmama Hərəkatı da bu mövqedədir. BMT-nin işini daha səmərəli qurmaq üçün Baş Məclisində dəyişikliklər aparması təklifləri var. Bir sözlə, BMT-nin dünyada sülh və əmin-amanlığın başlıca qoruyucusu kimi səmərəli fəaliyyəti üçün bu təşkilatda ciddi struktur islahatlarına ehtiyacın olduğunu əksər dövlətlər deyir. Artıq elə vəziyyət gəlib yetişib ki, BMT baş katibi də BMT-də islahatların vacibliyindən danışır.

Lakin islahatlar təklifinin reallaşmasına məhz Təhlükəsizlik Şurasının daimi üzvləri olan dövlətlər-bretton woods sisteminin üzvləri imkan vermirlər. Eyni zamanda Türkiyənin TŞ daimi üzvü olmasını istəmirlər. Çünki onlar BMT-nin öz monopolyalarından çıxmasına qarşıdırlar".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR