İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan nazirin İsveçrəyə getməsini istəmədi - İLGİNC SƏBƏB

2897 15.01.2024 17:22 Son xəbər A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşkilatçıların İsrail-HƏMAS müharibəsi ilə bağlı mövqeyinə görə hökumət rəsmilərindən builki Davos İqtisadi Forumuna qatılmamağı xahiş etdiyi iddia edilir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Nəşrə danışan mənbələr xəzinə və maliyyə naziri Məhmət Şimşəyin bu gün başlayan sammitdə iştirak etməyi planlaşdırdığını, lakin Ərdoğanın istəyindən sonra qərarını dəyişdiyini bildirib. Hələlik bu iddia ilə bağlı açıqlama verilməyib.

“Bloomberg” bəyan edib ki, Ərdoğanın bu qərarı Türkiyənin xarici investorlarla əlaqə yaratmaq cəhdlərini çətinləşdirəcək.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun qurucusu və prezidenti Klaus Şvab oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi hücumları “terror hücumu” kimi qiymətləndirib və onları pisləyib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə İsrailin o vaxtkı prezidenti Şimon Peres və moderator Devid İqnatius ilə paneldə mübahisə etdikdən sonra sammitdə iştirak etməyib. Davos böhranı və ya “bir dəqiqə” çıxışı kimi adlanan hadisədə Ərdoğan Peres və İqnatiusa reaksiya verdikdən sonra Davos sammitinə bir daha qatılmayacağını bildirib.

Qeyd edək ki, Davos İqtisadi Forumunun 54-cü iclası bu gün başlayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR