İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan eyni gündə Putin və Zelenski ilə danışdı - nə baş verir?

1124 31.05.2022 21:09 Gündəm A A

Asif Nərimanlı: “Hazırda vasitəçilik edə biləcək tək ölkə Türkiyədir”

Ukraynada istədiyi nəticəni əldə edə bilməyən, əksinə, getdikcə daha ağır sanksiyalarla üzləşən Rusiya qlobal ərzaq böhranı yaratmaqla özünə qarşı təzyiqlərin azaldılmasına nail olmağa çalışır. Belə ki, Rusiya hərbi gəmiləri Ukrayna limanlarından xaricə taxıl və digər ərzaq məhsullarının ixracına imkan vermir. Rusiya özü də taxıl ixracını xeyli məhdudlaşdırıb – baxmayaraq ki, ölkədəki taxıl istehsalçıları anbarlarda rekord həcmdə məhsulun qaldığını bildirirlər, hökumət kvotalaşmaya gedərək əlavə ixracın qarşısını alır. Digər tərəfdən, Rusiya taxılını daşıyan gəmilərin sığortalanması, onlara texniki xidmətin göstərilməsi, satılan məhsulun dəyərinin alınması sahəsində ciddi problemlər yaranıb. Qərbin tətbiq etdiyi maliyyə sanksiyaları Rusiyadan ixracı qadağan olunmayan məhsulların da satışını əngəlləyir. Rusiya Taxılçılar İttifaqının rəhbəri Arkadi Zloçevskinin verdiyi məlumata görə, 2022-2023-cü il mövsümündə ölkənin 50-55 milyon ton taxıl ixrac etmək potensialı olacaq. Lakin mövcud məhdudiyyətlər nəticəsində bu həcmin hamısını ixrac etmək mümkün olmayacaq: “2021-2022-ci il mövsümündə biz 49 milyon ton taxıl ixrac etmək istəyirdik. Lakin biz qarğıdalı ixracı üzrə kvotanın yarısını, arpanın yarıdan çoxunu ixrac edə bilməmişik. Buğdanı demək olar ki, tam ixrac etmişik. Nəticədə bu təsərrüfat ilində real ixracımız 43-44 milyon ton təşkil edəcək. 2021-ci ilinin 1 iyulundan bu ilin 30 mayınadək 34,4 milyon tonu buğda olmaqla, 39,4 milyon ton taxıl ixrac etmişik”. 

Hər tərəfdən sıxışdırılan Rusiya isə dünyanın kasıb ölkələrini aclığa məhkum etməklə özünə qarşı sanksiyaların yumşaldılmasını hədəfləyir. Moskva nəinki Ukraynadan taxılın başqa ölkələrinə ixracına imkan vermir, hətta işğal etdiyi ərazilərdəki məhsulu öz ərazisinə daşımağa başlayıb. İki gün əvvəl Ukraynanın Xerson vilayətindəki anbarlarda yığılıb qalan taxılın Rusiyaya ixracına başlandığı açıqlanıb. Guya Rusiya bu taxılı pulla alır və məqsəd də yeni məhsul yığımına qədər anbarları boşaltmaqdır. Özü taxıl ixracatçısı olan, hazırda anbarlarında milyonlarla ton taxıl qalan Rusiyanın Ukraynadan taxılı hansı ehtiyacdan aldığı açıqlanmır. Xatırladaq ki, Ukrayna hökuməti mayın əvvəli Rusiyanın işğal etdiyi ərazilərdən taxılı oğurlayaraq satmağa başladığını açıqlayıb. Bu günlərdə Kiyevin yaydığı məlumata görə, Ukrayna taxılı Suriyaya satılır, çünki heç bir digər dövlət oğurluq məhsulu almaq istəmir. 

Xersondan həmçinin günəbaxan tumlarının da Rusiyanın emal müəssisələrinə daşınmasına başlanıb. Ukrayna keçən il günəbaxan yağı ticarətinin 50 faizdən çoxunu təmin edib. İndi emal müəssisələrinin dağıdılması nəticəsində bu məhsulun ixracı minimuma enib. 

Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bəyan edib ki, Ukrayna taxılının dünya bazarına çatdırılmasını o halda təmin edəcək ki, ölkəsinə qarşı sanksiyalar aradan qaldırılsın. 

ABŞ və Avropa hazırda Ukraynadakı taxılın dünya bazarına çıxarılması üzərində işləyir. Polşa ərazisi və Dnepr çayı ilə ixrac sürətləndirilib, lakin bu, limanlarla ixracı əvəz etmir. Buna görə də Avropa İttifaqı Odessadan taxılın və günəbaxanın ixracı üçün hərbi müşayiət dəhlizinin yaradılması məsələsini müzakirə etməkdədir.

Belə bir həssas məqamda Türkiyə prezidenti Ərdoğan mayın 30-da Rusiya və Ukrayna prezidentləri ilə telefonla danışıb. Türkiyə prezidenti ilk öncə Rusiyalı həmkarına zəng vurub. Hər iki tərəfin yaydığı açıqlamalardan ayın olur ki, Erdoğan Putinə tərəflər arasında inam yaradacaq addımların atılmasının zəruri olduğunu bildirib. O, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə İstanbulda danışıqların təşkil olunmasını təklif edib. 

Kremlin yaydığı məlumata görə, prezidentlər Azov və Qara dənizlərində mülki yük gəmilərinin təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə ediblər. Rusiya prezidenti öz növbəsində Türkiyə ilə koordinasiya olunmuş şəkildə taxıl da daxil olmaqla, yüklərin daşınmasına yardım etməyə hazır olduğunu bildirib. Bundan əlavə, o, sanksiyaların qaldırılacağı təqdirdə Rusiyanın öz taxıl və gübrələrinin ixracını artıracağını qeyd edib.

Putindən sonra Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng vuran Ərdoğan Moskva və Kiyev arasında dialoqun bərpa olunmasının vacibliyini vurğulayıb. Türkiyə prezidenti Ukraynanın kənd təsərrüfatı məhsullarının təhlükəsiz şəkildə ixracı üçün xüsusi dəhlizin yaradılmasına xüsusi önəm verir. O həmçinin Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə nəzarət mərkəzinin yaradılması, bu mərkəzin İstanbulda yerləşməsinə müsbət yanaşır. 

Xatırladaq ki, bir müddət öncə Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron birlikdə Rusiya Prezidentinə zəng vurub, Ukrayna məhsullarının ixracı məsələsini müzakirə ediblər. Lakin danışıqdan sonra baş verənlər göstərir ki, Almaniya və Fransa dövlət başçıları hər hansı nəticə əldə edə bilməyiblər. Ümumiyyətlə, dünyada indi çox az dövlət başçısı var ki, bir-biri ilə amansız müharibə aparan iki dövlətin -  Rusiya və Ukraynanın prezidentləri ilə danışmaq imkanına sahibdir. Türkiyə hal-hazırda elə bir siyasi manevrlər edir ki, o, həm Rusiya ilə, həm də Ukrayna tərəfi ilə münasibətlərini qoruya bilib. Üstəlik, Türkiyə Kollektiv Qərb adlanan yeni ittifaqın əsas hərbi gücünün -  NATO-nun aparıcı üzvlərindən biridir. Görünən budur ki, Ərdoğan bu kritik anlarda Putin və Zelenski ilə bir məsələni razılaşdırmağa çalışır -  Azov və Qara dəniz vasitəsi ilə təhlükəsiz naviqasiya xəttinin yaradılması və oradan zəruri kənd təsərrüfatı və ərzaq məhsullarının ixracını təmin etmək. ABŞ və Avropanın Rusiya ilə münasibətlərinin indiki səviyyəsi ilə buna nail olmaları mümkün deyil. Buna görə də mövcud şərtlər daxilində Putini nələrəsə razılaşdıra biləcək yeganə şəxs Türkiyə prezidentidir. Çünki hazırda Rusiyanın Türkiyəyə kəskin ehtiyacı var: Ankara bütün təzyiqlərə rəğmən Moskva ilə münasibətlərini soyuqlaşdırmaq, qarşılıqlı ticarətdə hansısa məhdudiyyətlərə getmək istiqamətində hər hansı addım atmayıb. Faktiki olaraq Türkiyə Rusiya üçün həm Yaxın Şərqə, həm də Qərbə açılan nəfəslik rolunu oynayır. Putinin Qərblə danışıqlarının Erdoğanın aracılığı ilə aparması perspektivi getdikcə daha çox reallığa çevrilir. 

Türkiyənin özünün də Ukrayna məhsullarına ehtiyacı var. Belə ki, Türkiyə heyvandarlıq, quşçuluq, bir sıra ərzaq məhsullarının istehsalı sənayesi Ukraynadan xammal asılılığındadır. Ölkədə böyük sürətlə inflyasiyanın getdiyi bir zamanda Ukraynadan idxalın bərpası bazarlarda bir sıra məhsulların ucuzlaşmasını şərtləndirə bilər. 

Avropa və ABŞ-ın Ukraynadan məhsul ixracını təmin etmək üçün Qara dənizə hərbi gəmiləri göndərməsi üçün Türkiyənin razılığı lazımdır. Montrö sazişinə əsasən sahil ölkələrinin iştirakı ilə baş verən müharibələr zamanı boğazlardan Qara dənizə hərbi gəmilərin keçməsinə Türkiyə tərəfi qərar verir. Buna görə də Avropa və ABŞ-ın dəniz yolu ilə Ukraynadan ixracı təmin etməklə bağlı hər hansı planı olarsa, orada Türkiyənin iştirakı labüddür. 

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının  strateji hədəfləri var” - JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, qlobal taxıl böhranı Ukrayna müharibəsinin gedişinə də təsir edir: “Əgər İstanbul görüşündən sonra Qərbin Ukraynaya dəstəyi ilə Rusiyanın ən azı irəliləməsinin qarşısı alındısa, yaranmış taxıl böhranı Moskvanın əlini gücləndirdi. Kreml taxıl üçün dəhlizin yaradılması qarşılığında sanksiyaların ləğvini, yaxud əsas hissəsinin aradan qaldırılmasını istəyir və mövcud vəziyyətdə əli güclənmiş tərəfdir. Çünki taxıl böhranı təkcə Avropada yox, dünyanın üçüncü ölkələrində ciddi çətinliklər yaradır və bu, Avropa üçün əlavə miqrant probleminə səbəb olacaq. Artıq Qərbdən Ukraynaya problemin həlli üçün güzəştə getməsi çağırışları var. Fikrimcə, Türkiyənin tərəflər arasında vasitəçilik etməsi həm də Qərbin istəyindən irəli gəlir. Hazırda vasitəçilik edə biləcək tək ölkə Türkiyədir və Qərb problemin tezliklə həllinə çalışır. Ukrayna müharibəsinin uzanması Rusiyanın əleyhinə görünürdü, ABŞ-ın məqsədi də bu idi ki, Rusiya bu müharibədən qalib çıxmasın, maksimum zəifləsin. Lakin proseslərin inkişafı göstərir ki, ərzaq böhranı və enerji amili fonunda müharibənin uzanması Rusiyanın xeyrinə işləyir. Moskva hesab edir ki, növbəti qışa qədər böhran daha da kəskinləşəcək və təkcə Ukraynadan istədiklərini yox, həm də ABŞ-NATO-dan istədiklərini müəyyən qədər ala biləcək”. 

A.Nərimanlının fikrincə, taxıl böhranının həlli üçün Rusiya Türkiyə üzərindən dəhlizə razı ola bilər: “Lakin dediyimiz kimi, sanksiyaların ləğvi şərti var. Bunun fonunda Ukraynaya edilən təzyiqlər də rəsmi Kiyevin çətinliklə üzləşdiyini göstərir. Burada həlledici məqam Türkiyənin təşkil edəcəyi mümkün görüşdə tərəflərin hansı şərtlərlə çıxış edəcəyidir. Rusiya İstanbul görüşündə razılaşdırılan, sonradan işləməyən razılaşmaları yenidən gündəmə gətirə və Ukraynadan yenə neytral statusu qəbul etməsini istəyə bilər. Kiyevin mövqeyi Qərbin yanaşmasından asılı olacaq”.

 

Dünya SAKİT,

Musavat.com 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR