İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ən böyük arzum Qarabağımızdan güllə səsinin yox, muğam səsinin eşidilməsidir”

933 01.10.2022 10:28 Mədəniyyət A A

 

Bu gün xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun 62 yaşı tamam olur. Hər il doğum gününü Ağdamda qeyd edən sənətkar bu il doğum gününü qeyd etmir. Ən böyük arzusu isə Qarabağdan artıq güllə səslərinin deyil, muğam səslərinin eşidilməsidir.

Azərbaycan muğam sənətini dünyada layiqli təmsil edən Mənsum İbrahimov doğum günündə təəssüratlarını Medianews.az-a bölüşüb. Musavat.com həmin müsahibəni öz oxucuları üçün təkrar paylaşır.

-62 yaş ömrün ən gözəl, əsl yaşamalı məqamıdır. Sənətkar üçün yaşın fərqi və 62 rəqəminin bir önəmi varmı?

– Hər yaşadığım günə görə yaradana şükür edirəm. Bu ömrü bizə Allah bəxş edib.

Sənətkar kimi ömrümdən və yaradıcılığımdan məmnunam. Ona görə ki, müəyyən qədər xalqımın hörmətini qazanmışam. Həyətda qazandığım xalqın sevgisi, məhəbbəti məni xoşbəxt edir.  Sənətkara nə lazımdır? Xalqın sevgisi, diqqəti, duası, alqışı… Mən də xalqımı çox sevirəm. Azərbaycansız yaşaya bilmirəm. Bəzən səfərlərə gedirəm, bir həftədən sonra darıxıram. Vətəndə özümü xoşbəxt hiss edirəm.

-Mənsum İbrahimovu hər kəsdən, həm yaşıdlarından, həmkarlarından fərqləndirən səmimiyyəti və sənətidir. Xalqın sevgisini qazanmaq bir sənətkar üçün çoxmu çətin idi? Yəqin ki, bu uzun bir zaman alıb…

-Bəli… Xalqın bu sevgisini, görürəm, duyuram, hiss edirəm. Bunun üçün brinci növbədə Allahıma təşəkkür edirəm ki, məni bu xasiyyətdə, qəlibdə yaradıb. İkinci növbədə isə valideynlərimə minnətdaram. Xüsusən də atama ki, mən xasiyyətimin 99 faizini atamdan mənimsəmişəm. Atamın tərbiyəsini almışam və ona bənzəyirəm. Onun verdiyi o tərbiyə sayəsində bu gün cəmiyyətdə o hörməti qazana bilmişəm.

Mən oturduğum yerdə bu hörməti qazanmamışam. Ağlım kəsəndən bu günə qədər  çalışıram. Öz tələbələrimə də deyirəm ki, sənətkar ömrünün sonuna qədər çalışmalıdır. Biz təkcə özümüz üçün yaşamırıq. Xalqımızın mədəniyyətini təbliğ edir, onu tanıdırıq.  Ona görə də gərək ilk  növbədə ona layiq olub,  sənətinin öhdəsindən müəkəmməl gələsən. Digər tərəfdən, xalqa olan münasibət də önəmlidir.

İnsan ömrü su kimi axıb gedir. Bu qısa ömürdə iz qoyub getmək istəyirəm. Onu bilirəm ki, övladlarım mənə görə heç zaman utanmayacaqlar, atalarının adı çəkiləndə başı aşağı gəzməyəcəklər. Yaşadığım müddətcə cəmiyyətdə xeyirli insan olmağa  çalışıram. Öz tələbələrimi də elə yetişdirməyə çalışıram. Onlara da təbliğ edirəm ki, birinci növbədə vətənimizi, dövlətimizi sevməliyik, çünki biz istəyi də onlardan görürük. Gənclərə də deyirəm ki, hər birimiz ordumuzun yanında mədəniyyətimizin keşiyində olmalıyıq. Çünki biz özmüz də bir əsgərik.

 

– Hər il doğum gününüzü Ağdamda qeyd edirsiniz. Bu il necə?

-Elədir, hər il doğum günümü cəbhədə əsgərlərimizlə qeyd edirdim. Hətta 50-55 illiyimi Ağdamda əsgərimizlə, qaçqın-məcburi köçkünlərimizlə qeyd etmişəm…

Bilirsiniz ki, mənim qardaşımın oğlu da bu müharibədə şəhid oldu. Yəni torpaq uğrunda övlad canından keçməyin nə olduğunu yaxşı bilirəm.  Qazi qardaşımın oğlu da şəhid oldu… Bu hislər mənə tanışdır.

Mən də vətən uğrunda canından keçən oğullarımızın qarşısında baş əyirəm. Bu yaxınlarda da neçə-neçə gənc oğullar vətən uğrunda canından keçdi. İndi elə bir vəziyyətdir ki, mən hazırda ad günü keçirməyi düşünmürəm. Bu gün hər birimizin ürəyi cəbhə xəttindədir. Mənim ürəyim də həmçinin.

 

-Mənsum müəllim, qalmaqalsız, şousuz, reklamsız, muğam sənəti ilə xalqın sevgisini qazanmaq heç də asan məsələ deyil. Bu müddət ərzində heçmi reklama ehtiyacınız olmayıb?

-Xalqın sevgisini qazanmaq da, onu qoruyub saxlamaq da çox çətindir. İndiki zamanda isə daha çox çətindir. Bəzən görürsən ki, kimsə səni provokasiyaya çəkir. Bəzən də görürük ki, kim ki, uğur qazana bilmir və başlayır onun səbəbini başqalarında görməyə. O, elə bilir ki, onun uğursuzluğunun səbəbi başqalarındadır. Amma mən hər zaman tələbələrimə də deyirəm ki,  çalışın başınızı salın aşağı, işinizi gürün. Sizi haqlı və haqsız tənqid edənlərə cavab verməyin. Sizin cavabınız ancaq yaradıclığınız, ifanız olsun. Sənətkar öz yaradıcılığı ilə gündəmdə olmalıdır. Qalmqalla, evini, maşınını reklam etməklə deyil. Bu günə qədər heç zaman evimdən veriliş çəkdirməmişəm.  3 övladımın  toyunu etmişəm, birində belə nə mətbuatı çağırıb reklam etdirmişəm, nə də buna icazə verməmişəm.  Bu, mətbuat üçün deyil axı, mənim övladımın xeyir işi şou deyil. Sənətimlə diqqətdə olmağa çalışmışam. Ailəmlə və ya başqa nəyisə reklam etməklə deyil. Ümumiyyətlə, hay-küyü sevmirəm.

 

-Bu gün geriyə boylananda Mənsum İbrahimov yeniyetmə arzularının hamısını həyata keçiribmi?

-Mən Ağdamda gözümü açıb, böyük arzular qurmuşam.  Mənim üçün indi olduğum yerdə olmaq sadəcə bir xəyal idi. O zaman gənclərə bu imkanlar yaradılmırdı və mənim üçün bu arzu idi. Amma arzu olaraq qalmadı. Kənd uşağı idim. Kənddən şəhərə gəlmək, dahi sənətkarların yanında çalışmaq, tanınmaq asan olmadı. O zaman bir televiziya kanalımız vardı, ora çıxmaq üçün bir neçə mərhələdən keçməli idin. Gərək fədakar olasan, fanat olasan ki, arzularının arxasınca gedə biləsən.

-Siz bu sənətin fanatı idinizmi? Hansı fədakarlıqları etdiniz?

– “Leyli və Məcnun”-da Məcnunu oynamaq mənim uşaqlıq arzum idi. Ürəyimdə deyirdim ki, görəsən, mən nə zamansa Məcnunu oynaya biləcəmmi? Bu obrazın xəyalını quraraq yaşayırdım.

 

-Arzudan səhnəyə gedən yolda sizə kimlər çıraq tutdu?

-Unudulmaz sənətkarımız Şövkət Ələkbərova məni kəşf etdi.  Hər zaman  tələbələrimə deyirəm ki, insan bir şeyi ürəkdən istəyəndə Allah onu yetirir. Elə bil beyni proqramlayır. Mən gecə-gündüz bu obrazın xəyalını qururdum. Şövkət xanım  təklif edəndə ki, gəl səni aparım Opera və Balet Teatrına,  sən ora getsən yaxşı Məcnun oynaya bilərsən, o zaman eşitdiklərimə inanmamışdım. Dedim görəsən oynaya bilrəmmi? Çünki tələbə idim, gəncdim.

-Şövkət Ələkbərova sizi necə stimullaşdırdı?

– Dedi ki, sən çalışsan, zaman gələcək, səni yaxşı Məcnun ifaçısı kimi barmaqla göstərəcəklər. İndi hər dəfə səhnəyə çıxandan sonra tamaşaçıların alqışını görəndə Şövkət xanımın ruhuna dua oxuyuram ki, mənim sənət yolumu o açdı. Bu gün mən gənclərə dəstək oluram. Çünki zamanında o dəstəyi mən də görmüşəm.

– Bəs siz gənclərə necə dəstək olursunuz?

– 20-yə qədər muğam müsabiqəsinin qaliblərini  Opera və Balet Teatrının rəhbərliyini tövsiyə  etmişəm və onlar bu gün də teatrda baş rolları ifa edirlər, onları dəstəkləyirəm.  Yəni həyat qısadır. Hər bir sənətkar öz sahəsində özündən sonra 5-10 ifaçı, davamçı yetişdirməlidir. Bax, onda ölkəmiz də inkişaf edəcək.

 

– Növbəti yaşınızda özünüzə nələr arzu edirsiniz?

– Allah ömür qismət etsin. Çalışıram Allahın verdiyi canı sağlam yaşayım. Öz sənətimlə məşğul olum. İnsanın arzuları tükənmir. Artıq torpaq nigisili çəkmirik. Çox şükür bu günümüzə.

İndi ən böyük arzum Qarabağımızdan güllə səsinin yox, muğam səsinin eşidilməsidir.  Qarabağdan nəinki muğam, körpə səsi eşitmək istəyirəm, Qarabağa köç başlasın, yeni  səslər dünyaya gəlsin,  xalqımız bir daha güllə səsi eşitməsin.

  Xəyalə Rəis

Medianews.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR