İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əlunla qəbruvi qazma!” hədəsindən “gözümüzün nuru” nağılına - Vilayətiyə xatırlatmalar...

5718 21.11.2022 21:17 Yazarlar A A

"Yolundan çox azma,

Əlunla qəbruvi qazma!

Edur İran elan:

Bunu bilsin Azərbaycan!”

Bu zəvzəvələr hamımızın yadındadır, unutmamışıq! Amma İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti elə danışıb ki, elə bil Azərbaycandan kimsə İrana “Əlunla qəbruvi qazma!” yazıb. Hansı ki, bizim deməyə daha çox sözümüz var, özü də faktlara əsaslanan, sübutların müşayiətilə... Sən demə Vilayəti bizim təəssübümüzü çəkirmiş, xəbərimiz yox imiş. Sitat: “Əgər bir gün Azərbaycan Respublikası hər hansı xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq”. Əzrayıl misalı: “Balama dəymə, bala istəmirəm”.

Şərqi Zəngəzur, Qarabağ – İranın “müsəlman torpağı” adlandırdığı tarixi Azərbaycan əraziləri 30 ilə yaxın erməni daşnakların murdar tapdağı altında qaldı, 65 məscidimizi yer üzündən sildilər, yarıuçuq olanlarda da donuz saxladılar vandallar. İran bircə dəfə Araz kənarına, Mehri tərəflərə qoşun yığmadı. Nəinki qoşun yığmadı, əksinə, ermənilərlə ittifaqa girib, Şuşadakı Yuxarı Gövhərağa məscidini farslaşdırmağa cəhd göstərdi. 65 məscidi qurban verdi, təki birinin qarşısında farsi lövhə asılcın...Necə ki, bənzər oyunu İrəvanda oynayıblar.

Amma sən demə Vilayətinin “xəbəri yox imiş” İran ordusunun son iki ildə Azərbaycan sərhədlərində keçirdiyi irimiqyaslı hərbi təlimlərdən. Azərbaycan İranla saziş imzalayıb, Naxçıvana, oradan da Türkiyəyə gedəcək yolun təməli qoyulub, Araz üzərindən körpü atılır...İranın atdığı “körpü”nü gördük: üstündən tankların keçməsi, qəfildən Azərbaycana hücuma keçilməsindən ötrü. “İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq”mış. Belə dəstək olmaz olsun!

Əli Əkbər Vilayətinin “Azərbaycan xalqı bizim gözümüzün nurudur. Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur” -sözləri bəzilərini ovsunlayıb, az qala inanmağa başlayıblar. Gözünün nuru olan ölkənin torpaqlarını on illər boyunca işğalda saxlayan terrorçu rejimi bağrına basanlara necə inanasan? İran TIR-ları Xankəndiyə, erməni terrorçularına illərdir yanacaq daşıyanda niyə yada düşmürdü Azərbaycanın “göz nuru” olması?

Azərbaycan ordusunun hücumunun qarşısını kəsib, azı bir sutka ləngidən İranın davranışı düşmənçilik deyilsə, bəs nədir? Biz bunu da bilirik ki, bir ovuc erməninin Qarabağdakı evlərimizi söküb daşımağa, ağaclarımız doğramağa, yeraltı sərvətlərimizi talan etməyə hünəri və sayı yetməzdi, bu vandallıqla onlara yardımçı olanlar olub! Arazın üstündən keçib Qarabağa gələn yolları ən azı Google-dən izləmişik illər boyu...Bu, azı namərdlikdir!

Nikol Paşinyan bir neçə yerdə sərsəmləyib “Qarabağ Ermənistandır” demişdi, o məkanlardan biri İran idi. Tehrandan iti qovan kimi qovmalıydılar onu, amma etmədilər, çünki maraqlar üst-üstə düşürdü.

İran parlamentinin deputatları elə bu günlərdə Azərbaycanı təhdid etdilər, Azərbaycan rəhbərliyinə öz aləmlərində Gülüstan müqaviləsini xatırlatdılar. Anlamırlar ki, məhz Azərbaycanın dövlət başçısı yüksək tribunalardan Azərbaycanın tarixi torpaqlarının bölüşdürülməsini uca səslə bəyan edir, Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrinə istinad edir, İrandan köçürülən ermənilərin İrəvan mahalında dövlətə sahibləndiyini bildirir və xülasə, tarix dərsi keçir! İndi bu, “gec banlayan xoruz” səsi çıxaranlar öz aləmində guya bizi təhdid edirlər. Olsun, görək kim peşman olacaq!

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bir az əvvəl dedi ki, Tehran Ermənistanla əlaqəsinin kəsilməsinə imkan verməyəcək. Bu sözlərlə də Zəngəzur dəhlizinin açılmasına qarşı olduqlarını bir daha dilə gətirmiş oldu. İndi burada kimdir düşmənçilik edən? Kimdir araya nifaq salan? Hətta Ermənistan istəyir ki, yollar açılsın, İran deyir yox, ağaye-Nikol, sən bərk dayan, mən Qafanda konsulluq açmışam, sənin yanındayam! Hələ üstəlik, Azərbaycanın tarixi paytaxtı Təbrizə dil uzadır, burada ermənilərə konsulluq qayırmaq istəyirlər. Düşmənçilik başqa necə olur ki?

İranda çap edilmiş 9-cu sinif “Müdafiə hazırlığı” dərsliyinin üz qabığındakı şəkildən görünür ki, İran raketləri Azərbaycan Respublikası və Təbrizə doğru hədəflənib. “Gözünün işığı”na raket tuşlayırlar, ağaye-Vilayəti?

 Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi illərdir ki, xaricdə yaşayan soydaşlarımızla iş apardığı halda, İranda, Güney Azərbaycanda yaşayan milyonlarla canı bir, qanı bir qardaş-bacılarımızla təmasları reallaşdıra bilmir. Səbəbi rəsmən açıqlanmasa da, bəllidir – İran hər vəcdlə Arazın bu tayından o tayına körpülərin atılmasına mane olub, bunu öz taleyi, mövcudluğu üçün təhdid hesab edib. Azərbaycan Respublikasından İrana səfər edən rəsmi şəxslərin nadir hallarda Güney şəhərlərində, Təbriz, Ərdəbil, Urmiyə və digər tarixi şəhərlərimizdə olduğunu görmüşük. Fars rejimi Quzey Azərbaycan nəfəsinin Güney Azərbaycanda duyulmaması üçün əlindən gələni edib. Eyni zamanda azərbaycanlı uşaqlara, tələbələr ana dilində təhsil almaq hüququnu belə çox görüb. 100 min erməniyə hər cür imkanlar yaradan rejim Azərbaycan türklərinə münasibətdə düşmənçilik mövqeyi tutub. İndi Vilayəti gəlişigözəl sözlərlə vəziyyəti yumşaltmağa çalışır. Ancaq biz biz unutmamışıq, seçkidən-seçkiyə fars namizədlər Təbrizə gələrək “siz qəhrəmansınız” deməklə soydaşlarımızı ələ alıb, vədlər veriblər və sonra hər şey unudulub. Budəfəki geridönüş Azərbaycanın sərt reaksiyası, həmçinin İsraildə səfirlik açılması qərarının verilməsi, ardınca Azərbaycan və İsrail müdafiə nazirləri arasında baş tutan telefon danışığından sonraya təsadüf etdi. İran böyük səhvə yol verdiyini anlayıb, ancaq bu, bir kəlmə ilə unudulası məsələlər deyil, qan tökülüb.

 Hansısa nağıllarla başımızı qata bilməzlər. İran Azərbaycan dövlətinin varlığını hər zaman özünə təhlükə hesab edib, məhz bu səbəbdəndir ki, həm 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda, həm də 1991-ci ilin 18 oktyabrında müstəqilliyimizin bərpası elan olunanda Tehran rejimi Azərbaycanın istiqlalını ən gec qəbul edən ölkələrdən olub, bir gün Güney Azərbaycan ayağa qalxar və bütövləşməyə qərar verilər. Yeri gəlmişkən, 1945-46-cı ildə sovetlər Azərbaycanın cənubunda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokratik Firqəsinin yaradılması və bir il mövcud olmasına dəstək versə də, sonradan ABŞ-ın təkidi ilə güneyli soydaşlarımızı İranın repressiya maşını ilə baş-başa buraxdı, sonrakı dönəmlərdə İranda qohumları olanlar sanki suç sahibləri kimi sorğulanmağa başladılar. Amma zaman gələcək, sovet imperiyası tarixin arxivinə göndərildiyi kimi, İrandakı teokratik rejim də öz ömrünü başa vuracaq.

Heç şübhəsiz İran bu nəbz yoxlanışından özünə müəyyən dərs aldı. Gördü ki, Azərbaycanla sərt ritorika onunçün fəlakətli perspektivlər vəd edir, Vilayətini dövriyyəyə buraxdı. Azərbaycanın İsraildə səfirlik açmağa qərar verməsi, Azərbaycan-İsrail müdafiə nazirlərinin telefonla danışması, xüsusi təyinatlılarımızın İranla sərhəddə hərbi təlimləri, Güney Azərbaycanın ayağa qalxması, Azərbaycan bayraqlarının dalğalanması, Prezident Əliyevin şəkillərinin Güney şəhərlərini bəzəməsi İranı təşvişə saldı...Bu dəfə aldanan deyilik, tanıdıq İranı. Özü bu yolu seçdi...Erməni felinə uyub da, Azərbaycan kimi qonşusunu, illər boyunca hər cür təzyiqlərə sinə gərib, İrana qarşı planlarda yer almaqdan imtina edən Kişi Dövləti hədəf seçdi!

İndi görək kim öz əli ilə qəbrini qazır?..

Elşad Paşasoy,
Musavat.com
237160_3mukv90bk9.jpg (28 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR