Kubada enerji böhranı dərinləşir, elektrik və yanacaq qıtlığı gündəlik həyatı iflic edir.
Musavat.com xəbər verir ki, ABŞ sanksiyalarının dördüncü aya daxil olduğu bir vaxtda Kubada enerji böhranı gündəlik həyata daha ciddi təsir göstərməyə başlayıb.
Məlumata görə, dövlət enerji şirkəti əhaliyə gün ərzində yalnız bir neçə saat elektrik verə bilir. Yanacaqdoldurma məntəqələrində isə aylardır benzin qıtlığı müşahidə olunur.
Bildirilir ki, paytaxt Havana şəhərində bəzi ailələr yaşayış evlərinin yararsız vəziyyətə düşməsi səbəbindən idman zalında məskunlaşaraq həyatlarını davam etdirməyə çalışırlar.
Qərb mətbuatının yazdığına görə, Vaşinqtonda Kuba hakimiyyətinin bütün təzyiqlərə baxmayaraq fəaliyyətini davam etdirməsi narazılıq doğurur.
Qeyd olunur ki, cümə axşamı Kuba prezidenti Migel Dias-Kanel, onun ailə üzvləri və Kastro ailəsinin bəzi nümayəndələri də daxil olmaqla bir sıra tanınmış kubalılara qarşı yeni sanksiyalar tətbiq edilib.
Həmçinin bildirilir ki, ABŞ-nin “Nimitz” aviadaşıyıcısı yaxın vaxtlarda Kubanın cənubunda yerləşən Yamayka yaxınlığından ayrılıb. Müşahidə təyyarələrinin ada üzərində patrul uçuşları həyata keçirdiyi qeyd olunur.
Musavat.com






