İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlacsızlıq

1643 20.11.2022 18:44 Yazarlar A A

“Yolunuz bir həkimdən, bir də polisdən düşməsin” – bu yerli duamızın oxşarı, alternativi görəsən başqa ellərdə, ölkələrdə varmı? Bir də dilimizdə “əlacsızlıq” sözü var. Anlamı yerinə görə fərqlənir. Çıxılmazlıq, çarəsizlik, əlindən heç bir şey gəlmədiyini bildirir, eyni zamanda hansısa xəstənin dərdinə dərman olmadığı deməkdir. Sənə doğma, əziz insanla bağlı əlacsızlığı yaşamaq çox ağırdır.

Son çağlar yolum xəstəxanalarımızdan düşəndə hər dəfə təəccüblənirəm. Ölkədə nə qədər xəstə, çarəsiz, yazıq insanlar var... Özəl, dövlət, xüsusi – fərqi yoxdur, bütün xəstəxanalar, klinikalar basabasdır. Bəzən xəstələrin əlindən dəhlizlərdən keçmək olmur. Rentgen otağının, exokardioqramma, kompüter tomoqrafiyası kimi əməllərin  qapısında növbə tutanlar saatlarla gözləyir. Növbələr tez-tez pozulur, çünki bir də görürsən hansısa ağır xəstəni xərəkdə rentgen üçün gətirdilər. Bu zaman nisbətən ayaqüstü xəstələr deyinsələr də növbələrini verirlər. Xalq humanist xalqdır. Xidmətçiləri bərbaddır.  

Səhiyyə xidmətimiz problemlərin öhdəsindən gələ bilmir. Guya islahatlar aparılır. İlk dəfə uzaq 1999-cu ildə qəbul olunan tibbi sığorta haqda qanun son iki-üç ildə nəhayət ölkə miqyasında tətbiq edilməyə başlayıb, ancaq həmişəki vəziyyətdir – biz bütün yaxşı ideyaları zibil eləməyin ustasıyıq. Neçə adamı cinayət başında tutdular, baş həkimlər, xəstəxana direktorları iynə üstündə oturmuş kimi çalışırlar, hər gün cürbəcür yoxlamaların sorağı gəlir, lakin “araba elə həmin yerindədir”. Niyə? Çünki həmin təmsili bizə reallıqda oynayırlar. Hərə bir tərəfə çəkir – ördək göyə, xərçəng quruya, balıq suya.

Zəng vurursan təcili yardıma. Qabağında tərsinə “ambulans” yazılmış qəşəng bir maşın gəlir. Bu, güzgüdə yazını başqa avtomobillərin görməsi, yol verməsi üçündür, ancaq vəziyyətimizi tam ifadə edir – tərsinədir hər iş. Xəstəni yoxlayırlar, görürlər vəziyyət ağırdır, ilk sual sizcə nədir? “Belə olanda nə edirsiniz adətən?”. Heç nə. Canımıza azar edirik. Belə bilsək vaxtında həkimlik oxuyub rədd olub harasa gedərdik. İkinci sual da birincidən geri qalmır: “Hansı xəstəxanaya məsləhət görürsünüz, aparaq?”. Özləri qanunla ancaq yerli rayon xəstəxanasına apara bilərmiş. Deyirsən ki, orda həkim yoxdur, vaxtilə aparmışdıq, elə sizin soruşduğunuzu soruşmuşdular: “Hansı iynəni vuraq?”. Vaxtilə İnsanovun rüşvətxorluğun “zirvəsini” yapdığı bir xəstəxananın adını çəkirlər. Ordan telefon tapırsan, o başdakı adam deyir: “Mən həkim deyiləm ki. Mən universitetdə tibbdən dərs deyirəm”.

Məşvərət davam edir, xəstə isə əzab içindədir. Bu dəfə xəstənin köhnə həkimi yada düşür, ancaq təcili yardım deyir ki, indi ora ancaq yerli rayon qeydiyyatında olanları götürürlər. Göndəriş almaq üşün gərək rayon poliklinikasına xəstəni aparasan. Belə bir bardaq durum. Hətta həkimlə danışıb ağır xəstəni ora aparsan belə reanimasiyaya ancaq təcili yardımla gələnləri götürürlər. Təcili yardımın ora başqa rayonun xəstəsini aparmasına isə TƏBİB, sığorta icazə vermir: “Yerlər doludur”. İstəyirsən xəstəni apar, basabas dəhlizlərdə ora-bura dığırla. Əzab və əlacsızlıq içində. Çünki dövlət xəstəxanası özəl klinikanın dünən çəkdiyi rentgen şəklini qəbul etmir. Ardıcıl iki gün xəstəni rentgenə salmalıdırlar. Nəticə: sıfır. Prosedur: sıfır. Dərman? Keçəl bir dərman bilsə öz başına yaxar, sizcə niyə o dövlət qulluqçuları dişləri ağrıyanda belə xarici klinikalara qaçırlar?

Yayda televizor reklamıyla bir obyekt tapmışdıq. Xəstəni ora apardıq. Ömrümdə o cür mənasız “müalicə” müəssisəsi görməmişəm. Həmin obyekti öz biabırçı verilişində reklam edib zəqqum qazanan aparıcıya lənət oxuyur camaat. Tərslikdən, hara getsən bunun reklam elədiyi tiplər qarşına çıxır. Savad yox, dərman yox. Ancaq pullu reklam var.

Bir az abırlı sanatoriya tapırsan, orda da məlum olur bəsit prosedurların günü 300 manatdan başlayır. Təsəvvür elə. P.xludərə klinikasının ayı 9 min manat edir. Təbii ki, buraya əlacsızlıqdan başqa heç bir müalicə üsulu daxil deyil. Sağ qalarsan, həkim sağ olsun. Öldün – Allah bilən məsləhət imiş.

Əlacsızlıq çox pis şeydir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR