İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkbər Qoşalı... Dante kimi ortasındadır ömrün....

872 28.01.2023 11:00 Yazarlar A A

 

Elə bil dünəndi tanış olmağımız, yola bir körpü atmağımız, bu körpünün adına əvvəl dostluq, daha sonra qardaşlıq deməyimiz.

Əkbər Qoşalının 50 yaşı tamam olur deyəndə içimə qəribə bir hiss dolur. Müdriklik, kamillik, köhnələrin dediyi kimi ağırtaxtalı kişi obrazı ilin üstünə il, yaşın üstünə yaş gəlməklə olmur. İllərdir, ki, mən Əkbər Qoşalını tanıyanda 30 yaşı var idi və düz otuz ildir ki, eyni məfkurənin daşıyıcılarıyıq, eyni fikirləri, duyğuları, düşüncələri bölüşürük. Eyni əqidə bizi qardaşlaşdırıb, doğmalaşdırıb, aramızda söz də olub, söhbət də olub, amma bircə bir toxunulmayacaq, qırılması mümkün olmayan məqam var ki, aramızda, hətta məsafələr baxımından çox uzaq da olsaq belə, bir addım var ki, o addımı atsam, əminəm Əkbər qardaşım məni duyacaq, məni anlayacaq, ağrılarımı, nisgilimi, tərəddüdlərimi, qısaca Məni qəbullanacaq. Könül mülkünün şah damarından keçən bir yerdə mənimçün bir yer saxlayacaq... Könül mülkünün şah damarında yeri olmaq hər adama nəsib olmur. O məqam varlıqla yoxluq arasında gəzişən bir məqamdır, Sirat körpüsüdür hardasa. Baxırsan ucu-bucağı görsənmir. Amma "Əkbər!" - deyib haylasan, bilirsən ki, hay verəcək sənə, "can qardaş!" - deyəcək sənə. Yəqin o qədər yaxınındadır, addımını atmağa belə çəkinərsən, inciyər deyə.

ekberqosali.jpg (45 KB)

Amma olsun, sənin də könül mülkünün bir tərəfində az-az qəbullandığın, zamanla tanıdığın, tanıdıqca sevdiyin, saydığın, xatirələrinin, acılı, şirinli anlarının həkk olunduğu insanlar var. Dəyərlərindən vaz keçmədiyi, vaz keçməyi ağlının ucundan belə keçirmədiyi elə insanla ki, o, sənə ərk edər, küsər, inciyər, hətta səninlə dalaşar, zəng edib bircə dəfə səsini eşitmək üçün tələsərsən, burnunun ucu göynəyər, dodaqların uçuqlayar "can qardaş" - deyə bilmək üçün, amma verdiyin sözü bu və ya digər səbəblərdən tuta bilmədiyinə görə özünü qınayarsan, amma bir qutsal yol var ki, o yolu çiyin-çiyinə, sıralarınız çox seyrək ikən bərabər addımladığınız üçün o yola baş qoyanların, başından keçənlərin xətrinə, üzü-suyu hörmətinə fərqində olarsan ki, telefonu götürüb zəng vursan, soyuq Ankara səhərində içini  isidəcək bir "ömrün uzun olsun, qardaş!" alqışını duyacaqsan. Çünki bilirsən çiyinlərindəki ağır sorumluluqlara rəğmən, ətrafındakı insanlara, var olanlara, yox olanlara rəğmən, yanında qalanlara, çəkib gedənlərə rəğmən, sən varsan, o var, bir addım ötəsi, ya da bir addım bərisi, atdığın addımların hər qarışına qurban, sadağa gedəcək. Oturub yolunu gözlədiyiniz, yavaş - yavaş gerçəyə dönüşən bir nazlı Ülkü var, bir böyük Turan var...

Özümü demirəm, bu yolun yolçusu elə Əkbər Qoşalıdır. Əlli ildir yol gəlir, qıyıq gözləri üfüqlərə dikilmiş, hər Babanın, hər Ərənin anlaya bilməyəcəyi, duya bilməyəcəyi, "bizim yolumuz daşlıdır, ayağını sevən gəlməsin" düsturuna uyğun baxıb görə-görə, Qoşadan Bakıya, Bakıdan bütün Türk dünyasına adı, ünvanı zərrə-zərrə, gilə-gilə dillər əzbəri olan, xətrinə onu tanıyan hər kəsin əlini sinəsinə qoyub baş endərdiyi bir Baba İgiddir - Əkbər Qoşalı.... Mindiyimiz Altaylardan gələn bədöy Atların tərkində dediyi şeirlər onun uzaq yollarını yavuq edir, sən ağzını açmadan danışacaqlarından duyuq edir, yanında Ülküdaşın var, yanında başını yoluna qurban edəcəyin qardaşın var deyə, gözüm arxada qalmayacaq deyə buz parçası kimi soyuq edir. Türk dünyası belə bir oğul qazanıb əlli ildir. Əlli ildir Tanrı gözlərini dikib bu məmləkətə, onun bir ağac oyuğunda nurdan yaratdığı Ulusunu bir yerə toplayacaq Ərənlərin etdiklərini, etmək istədiklərini və edəcəklərini yığır bir yerə, tərəziyə doldurur. Hərənin orda öz yeri var, hərənin öz arşını, hərənin öz dolayı... Mən əminəm və əlimi qoyuram bizi biz edən bütün dəyərlərin üstünə və əminliklə deyirəm ki, orda Əkbər Qoşalının yeri, tərəzisi. mizanı ayrıdır. Adam var, yaşa dolduqca cığallaşır, "mənəm mənəm" sevdasına tutulur, özündən başqasını görmür, görmək belə istəmir, etdiklərini hamının gözünə soxmağa çalışır, amma o insanlar sadəcə Əkbər Qoşalının Dünya Gənc Türk Yazarlar Birliyi başqanı ikən hazırladığı, araya ərsəyə gətirdiyi Türkün səsi almanaxının bir nüsxəsinin belə ulusumuz üçün nə qədər dəyərli olduğunu görsəydilər kaş...

Anlaya bilsəydilər o dönəmdə Azərbaycandan Krıma, oradan Saxaya, Tuvaya, Altaylara varmanın və təzədən Orta Asiyanı gəzib Anadoluda nəfəs dərməyin nə qədər zorlu olduğunu, nə qədər hünər istədiyini... Çətin idi o illərdə... Hələ mən əminəm ki, Əkbər Qoşalı özü boynuna almasa da, bəzən yalandan gülümsəsə də, belini yerə vurmasa da, onun üçün ikiqat çətin idi. İynə ilə gor qazmağa bərabər idi hətta... Amma keçdi, getdi, üstümüzdəki qara buludlar dağıldı... Təkcə dağılmaqla qalmadı, aydın səmamızda aylı, ulduzlu bir dönəm başladı. "Türkün səsi" daha ucalardan gəlməyə, duyulmağa başladı.

16671384871095513621_1000x669.jf.jpg (110 KB)

Bu gün sadəcə müasir Azərbaycan ədəbiyyatının yox, həmçinin Türk dünyasının səhifələrində Əkbər Qoşalı imzası ayrı bir yerə, önəmə sahibdir. Onun yazdıqları ilə bərabər, yazmadıqları hələ qarşıdadır. Ona görə də bizə Əkbər Qoşalıya 50 illik yubileyində uzun ömür, can sağlığı diləməklə yanaşı, yazmaq yaratmaq eşqi diləmək də düşür. Yazsın, yaratsın ki, Turana bir addım daha yaxınlaşaq! Çünki, Turanın yükü onun kimi aydınların çiyinlərindədir!

50 yaşın qutlu olsun, QARDAŞ!

 gyo8ygqk9nkgog4s4.jpg (126 KB)

Dr.Oktay Hacımusalı
Şair- çevirmən

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR