İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əhmədin ömürlük cəza alması ehtimalı böyükdür” – hüquqşünas

750 19.02.2024 20:24 Gündəm A A

Xətai rayonunda baş vermiş dəhşətli qətl ölkə gündəminin əsas mövzularındandır. Əhməd Əhmədovun ikisi azyaşlı olmaqla 5 nəfər yaxın qohumu amansızlıqla qətlə yetirməsi onun barəsində ən ağır cəza tələblərini şərtləndirib. Psixoterapevt Elmir Əkbər isə fərqli fikirdədir. O, Baku Tv-yə deyib ki, Əhməd Əhmədovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübut olunsa, 9 aylıq məcburi müalicədən sonra sərbəst buraxıla bilər. Psixiatr Orxan Fərəcli isə həmkarı ilə razılaşmır. Hesab edir ki, ağır cinayəti törətmiş şəxsin bir neçə aydan sonra azadlığa buraxılması mümkünsüzdür.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Əhməd Əhmədovun azadlığa çıxması mümkün ola bilər: “İstintaq bu cinayəti yaradan səbəbləri ortaya çıxarmalıdır. Əhməd 10 il əvvəl idmançı dostunu bıçaqlayıb, onu yarımcan edib. Amma o zaman bu işin üstünü bağlayıblar. Hətta Əhməd Əhmədovun qohumları bu hadisəni təkzib edir, belə bir hadisə baş verməyib deyirlər. Yəni o zaman da, indi də Əhməd Əhmədovu müdafiə edən ailə üzvləri var. Bu baxımdan onun bu cinayətin altından çıxarılması ehtimalı qalır. Ona görə də mətbuat, cəmiyyət bu məsələni unutmamalı, diqqətdə saxlamalıdır”.

Natiq Ələsgərov deyib ki, Əhməd Əhmədovun psixoloji durumunu yoxlamaq üçün təyin edilən ekspertizanın cavabından sonra onun hansı cəzaya məhkum ediləcəyi bəlli olacaq: “Ekspertiza müəyyən eləsə ki, o, qəddar cinayəti törədərkən affekt vəziyyətində olub, yəni öz hərəkətlərini idarə edə bilməyən, hərəkətlərinin nəticəsini görməyən bir vəziyyətə düşüb, bu halda o, cəzadan azad ediləcək, məcburi müalicəyə göndəriləcək. Əgər şəxsin qətli anlaqsız vəziyyətdə törətdiyi sübut olunarsa, o, sağalandan sonra sərbəst buraxılır. Yəni, şəxs cinayət törədərkən anlaqsız vəziyyətdə olubsa, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəlilik dərəcəsini dərk etməyibsə, o, sonradan müalicə nəticəsində sağalsa da, cinayət məsuliyyətinə cəlb edilə bilməz.  Ümumiyyətlə, bizim qanunlar affekt vəziyyətində olan şəxsi cəzadan azad edir. Ancaq həmin şəxsin ruhi narahatlığının olması özlüyündə onun cəzadan azad olmasına hüquqi əsas vermir. Ola bilsin, ruhi xəstədir, amma hərəkətlərini idarə edə və nəticəsini görə bilir. Bu halda şəxs qanunda nəzərdə tutulmuş cəzanı alır. Əgər xəstəlik hansısa məqamda tutursa, müalicə alır, sonra yenidən cəzaçəkmə müəssisəsinə keçirilir. Bu hadisədə əsas istintaq və məhkəmənin qərarıdır. Hadisələrin gedişatına baxın, adam atasını, ayrı evdə qalan bacısını və onun azyaşlı övladını öldürür, sonra zəng edib məktəbdən anasını çağırır. Yəni bu, artıq göstərir planlaşdırılmış bir şeydir. Kimi harada tapacaq, necə öldürəcək, bir sözlə, bitkin bir plan hazırlayıb. Bu, affekt vəziyyəti sayıla bilməz. Affekt vəziyyətində olan insanın törədəcəyi qətli o dərəcədə planlaşdırması mümkün deyil. Ona görə, təsdiq olunsa ki, qatil doğrudan planlı hərəkət edib, deməli, ortada qəsd və istək var. Bu cinayətdə açıq-aşkar qəsd var. Qəsdən bir və ya bir neçə şəxsi öldürənə Azərbaycan qanunlarına görə ən ağır cəza verilir. Əhməd Əhmədovun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhküm ediləcəyi ehtimalı böyükdür”.

Natiq Ələsgərov deyib ki, Əhməd Əhmədov hazırda təqsirləndirilən şəxs statusundadır: “Məhkəmə hökmü ilə Əhməd Əhmədovun həmin cinayəti planlı şəkildə törətməsi təsdiqlənərsə, ona 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilmə cəzası verilə bilər. Şəxsin əməlində iki və daha artıq şəxsi öldürmə, həm də xüsusi amansızlıq öldürmə cinayətinin tərkibi təsdiqlənərsə, bu halda ömürlük həbs cəzasının tətbiqi qaçılmaz olacaq. Amma istintaqın gedişi zamanı başqa nüanslar da araşdırılmalı, hadisəni motivi, səbəbi öyrənilməlidir. Anlaqsızlığı irəli sürülsə, bəli, yenidən cəmiyyətimizə qayıtması mümkündür. Əgər o xəstə idisə, valideynlərinin təkidi ilə xəstəxanadan çıxarılıbsa, səhiyyə müəssisəsinin də günahı var. Müalicə başa çatmamış, yenidən hansısa bir affekt vəziyyət və ya psixoloji şok yaranmayacağına əmin olmadan onu buraxmaq olmazdı, o, ömrü boyu müalicə almalıdır. Affekt vəziyyəti olubsa, bu o demək deyil ki, 1 ay müalicə aldı və yenidən cəmiyyətə qayıtmalıdır. Bunu səhiyyə müəssisəsi müəyyən eləməlidir ki, bu adamda belə tutmalar gələcəkdə də mümkündürmü? Əgər belə bir rəy veriləcəksə, o müalicəsini həbsdə çəkəcək. İstənilən insan cəza çəkən zaman xəstələnə bilər. Xroniki və ya müvəqqəti xəstəlikləri ola bilər. Penitensiar Xidmətin özünün tibb mərkəzi var, məhkumlar müalicə alır və yenidən cəzaçəkmə müəssisənə qaytarılırlar”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR