“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması dərhal emosional və bəzən də siyasi rəngli reaksiyalara səbəb olub. Sosial şəbəkələrdə və bəzi media dairələrində hadisənin arxasında “Rusiya və ya İsrail izi”nin ola biləcəyi barədə iddialar səsləndirildi. Lakin hadisənin texniki xüsusiyyətləri, regiondakı real güc balansı və hərbi aviasiyanın risk təbiəti nəzərə alındıqda, bu kimi iddiaların elmi, texniki və strateji əsaslardan məhrum olduğu aydın görünür”.
Deputat Elçin Mirzəbəyli bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib.

Millət vəkili təyyarənin Azərbaycanın Gəncə şəhərindən Türkiyəyə istiqamətləndiyini vurğulayıb:
“Radar məlumatlarına görə, əlaqə Gürcüstan hava məkanında kəsilib, uçuşun son dəqiqələrində təyyarə fırlanma trayektoriyası ilə eniş vəziyyətinə düşüb. Ərazidə hər hansı hava hücumu, raket aktivliyi və ya xarici müdaxiləyə dair sübut qeydə alınmayıb. Gürcüstan və Türkiyə Müdafiə Nazirliklərinin ilkin açıqlamaları hadisənin texniki qəza olması ehtimalını ön plana çıxarır.
“C-130” modelləri onilliklərdir dünyanın müxtəlif ordularında xidmət göstərir və bu tip təyyarələrdə ən çox rast gəlinən qəza səbəbləri hidravlik nasazlıq, mühərrikdə güc itkisi və naviqasiya sisteminin sıradan çıxması kimi texniki faktorlarla bağlı olur”.
E.Mirzəbəyli qeyd edib ki, hadisənin dərhal Rusiya və ya İsrail kimi aktorlarla əlaqələndirilməsi, əslində, regiondakı gərgin siyasi fonun və emosional ictimai mühitin təzahürüdür:
“Türkiyə son illərdə həm Qafqazda, həm Orta Şərqdə, həm də Qırmızı dəniz hövzəsində aktiv hərbi-diplomatik fəaliyyət göstərir. Bu aktivlik bəzən ictimai şüurda “təzyiq altındayıq” təsəvvürü yaradır. Lakin bu, hər hadisəni sabotaj kimi qiymətləndirmək üçün əsas deyil. Rusiya ilə Ankara münasibətləri mürəkkəb olsa da, iki ölkə arasında hərbi və diplomatik kommunikasiya kanalları açıqdır. Gürcüstan hava məkanında Rusiyanın nəzarət imkanları məhduddur və bu ərazidən Türkiyə təyyarəsini vurmaq nə texniki, nə də siyasi baxımdan məntiqlidir”.
İsrail amilinə gəlincə, deputat bildirib ki, hazırda Ankara - Təl-Əviv münasibətləri gərgin olsa da, İsrailin Qafqaz hava məkanında əməliyyat aparmaq üçün logistik imkanları yoxdur və bütövlükdə belə bir versiyanı nəzərdən keçirmək absurddur:
“Həmçinin belə bir hücum təkcə Türkiyəyə deyil, NATO ilə münasibətlərə də ciddi zərbə olardı”.
Elçin Mirzəbəyli qeyd edib ki, texniki baxımdan “C-130” tipli təyyarələrdə qəza ehtimalı hər zaman mövcuddur:
“ABŞ, Fransa, Pakistan və Misir kimi ölkələrin hərbi aviasiyasında son illərdə bu modelin onlarla oxşar qəzası qeydə alınıb. Yəni tək bir hadisəni qlobal siyasi qəsd kimi təqdim etmək statistik olaraq da dayanıqlı deyil. Müasir hərbi aviasiyada risk tam aradan qaldırıla bilməz və texniki nasazlıqlar istənilən anda baş verə bilər. Pakistanda baş verən terror aktı ilə Türkiyə təyyarə qəzası arasında əlaqə axtarılması da analitik baxımdan yanlış yanaşmadır. Hər iki hadisə fərqli geosiyasi zonalarda, fərqli aktorların təsir sahəsində baş verib.

Əgər kimsə Türkiyəyə mesaj vermək niyyətində olsaydı, bunun üçün çox daha görünən və simvolik hədəflər seçərdi. Burada sadəcə zaman yaxınlığı konspirasiyaların formalaşmasına zəmin yaradır, lakin səbəb-nəticə əlaqəsini sübut etmir.
Hadisədən sonra sosial mediada yayılan “vuruldu”, “raket izi var”, “hədəf seçilib” kimi iddialar informasiya boşluğunun və rəqəmsal manipulyasiya cəhdlərinin nəticəsidir. Müasir informasiya müharibəsində belə qəzalardan istifadə edilərək ictimai inamı sarsıtmaq, dövlət institutlarına qarşı etimadsızlıq yaratmaq və siyasi emosiyaları alovlandırmaq cəhdləri müşahidə olunur. Buna qarşı ən doğru yanaşma rəsmi məlumatlar dəqiqləşənədək təmkinli qalmaq, sübutlara əsaslanmayan nəticələr çıxarmamaqdır.
Bütün faktlar göstərir ki, hadisə nə regional güclərin hücumu, nə də beynəlxalq qəsd planının tərkib hissəsidir. Bu, yüksək ehtimalla, müasir hərbi texnikada qaçılmaz olan texniki-mexaniki qəza hadisəsidir”.
Millət vəkili bildirib ki, Türkiyə ordusunun peşəkarlığı və texnoloji imkanları belə hadisələrdən zərbə alacaq səviyyədə deyil:
“Əksinə, şəffaf istintaq və texniki hesabatın açıqlanması ordunun etibarlılığını daha da gücləndirəcək. Nəticə etibarilə, bu qəzanı geosiyasi düşmən axtarışı ilə izah etmək emosional ehtiyac ola bilər, amma analitik baxımdan əsassızdır. Rasional düşüncə tələb edir ki, biz hadisələrə sübut və məntiq əsasında yanaşaq. Hərbi texnika qüsurları və insan faktoru reallıqdır, görünməz düşmən hekayələri isə diqqəti əsas səbəbdən yayındırır. Türkiyə üçün bu hadisə təxribat yox, texnoloji və təhlükəsizlik sistemlərini yenidən qiymətləndirmək üçün bir siqnal kimi dəyərləndirilməlidir”.
E.Paşasoy,
Musavat.com






