İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı atom silahı ilə hədələyən “humanist” işğalçı – Rusiya 4 halda düyməyə basa bilər

2100 26.03.2022 15:26 Yazarlar A A

Rusiya bir ay ərzində Ukraynadakı hədəflərinin heç birinə çatmadı. Əvəzində ortada ruslar da daxil, böyük sayda ölüm-itim, dağıntı var. Həlak olanları əlbəttə ki, geri qaytarmaq mümkün olmayacaq, ancaq yerlə bir edilən mülki və inzibati obyektlərin, infrastrukturun bərpasına, müharibə bu gün dayansa belə, artıq fantastik vəsait tələb olunacaq. Rusiyanın itirdikləri də öz yerində.

Kreml şübhəsiz, belə nəticəni, yaxud nəticəsizliyi xəyalına da gətirmirdi. Plan belə idi ki, Ukrayna ildırım sürəti ilə, uzaqbaşı 2-3 günə ram ediləcək və nə bunca canlı itki və dağıntı, nə də Moskvaya qarşı güclü nifrət və qəzəb yaranacaq. Amma sən saydığını say, gör fələk nə sayır...

İndi də Rusiyadan başqa eyforik səslər gəlir ki, bəs özümüz dağıtmışıq, özümüz də bərpa edəcəyik. Məsələn, Rusiya Federasiya Şurasının 1-ci müavini Andrey Turçak özündənrazı şəkildə deyib: “Ukraynada hərbi əməliyyatlar bitəndən sonra rus inşaatçılar Mariupola daxil olacaqlar. Hamımız ora axın edəcəyik. Evləri və müəssisələri də, limanları, bağçaları və məktəbləri də bərpa edəcəyik”.

Rusiya Qərbin iqtisadi təcavüzü ilə üzləşdi - Turçak

Əcəb işdir. Sən min bir bəhanə ilə qonşunun evinə - suveren bir dövlətin ərazisinə soxul, oranı yağmala, viran qoy, insanları yurdundan didərgin sal, uşaqları qətlə yetir, qadınlarına təcavüz elə, sonra da de ki, evinizi, şəhərinizi özümüz bərpa edəcəyik. “Ədalətli” və “humanist” işğalçıya bax. Normal, sağlam məntiqə təhqir yəni!..

Nəyə arxayındırlar, bilinmir. Hər şey qırağa, görəsən Ukraynanın şəhər və qəsəbələrinin, lap elə həmin o daşı daş üstdə qalmayan Mariupulun təzədən qurulması üçün lazım olan on milyardlarla dolları sanksiyalar altında inləyən və iqtisadi çöküşə doğru gedən Rusiya hardan tapacaq? Aclıq və qıtlığın gözlədiyi bir ölkənin əhalisi bunun öhdəsindən necə gələ bilər?

Yaxşı, fantastik də olsa, belə təsəvvür edək ki, xaraba qoydunuz Ukrayna şəhərlərini abad eləməyə gücünüz çatdı, bəs qətlə yetirilən minlərlə ukraynalı mülki şəxs və hərbçilər, uşaqlar və onların doğmaları, qaçqın düşən milyonlarla yerli sakin? Ukrayna xalqından qazandığınız və artıq nəsildən-nəslə keçəcək kin-nifrət necə olsun? Onlara yenə “qardaş” deyəcəksiz, onlardan qardaş münasibətimi umacaqsınız?

Ukrayna şəhərləri müharibədən əvvəl və sonra - FOTOLAR

Turçakın “çəhrayi arzuları”ndan keçək bəzi rusiyalı analitiklərin müharibə ilə bağlı acı etiraflarına.

Sitat: “Azad (oxu: işğal – red.) edilmiş ərazilərin qeyri-müəyyən statusu Ukraynada xüsusi əməliyyatın sürətləndirilməsinə xeyli dərəcədə mane olur. Əksər rayonlarda keçmiş hökumət orqanları fəaliyyət göstərmir, yeni idarəçiliklər isə yaradılmayıb. Nəticədə humanitar problemlər kəskinləşir, talançılıq və millətçilik çiçəklənir. İqtisadi və sosial fəaliyyətin, təhsilin, tibbi xidmətin bərpası üçün şərait yoxdur”.

Bəs nə gözləyirdiniz? Hansı xalq işğalçını duz-çörəklə qarşılayır ki. Tarix dəfələrlə sübut edib ki, bir ölkəni işğal edib xalqını əsir almaq - əsarətdə, işğalda saxlamaqdan qat-qat asandır. Rusiya da istisna olmayacaq. Hərbi təcavüzü indi nə adlandırır, adlandırsınlar. Barı erməni işğalından dərs götürəydilər...

Qarabağda gərginliyin götürülməsi istiqamətində Putinin işi filiqrandır" -  Medvedyev

Amma Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev dünyanı nüvə zərbəsi ilə hədələyir: “Rusiya üçün nüvə silahından istifadəyə əsas verəcək bir neçə hal var. Birincisi, nüvə silahından istifadə etməklə Rusiyaya raket zərbəsinin endirilməsi; ikinci hal Rusiya və ya müttəfiqlərinə qarşı atım silahından istifadə; üçüncü, ölkənin kritik infrastrukturuna hücum, nəyin nəticəsində ki, Rusiyanın çəkindirici nüvə qüvvələrinin fəaliyyəti iflic ola bilər; dördüncü hal isə Rusiya və ya müttəfiqlərinə qarşı hətta nüvə silahından yox, adi silahlarla təcavüz aktının həyata keçirilməsi və bunun nəticəsində ölkənin mövcudluğunun təhlükə altına düşməsi”.

Rusiya nüvə silahı təlimlərinə başlayır - Unikal.org

İlk 3 şərt normaldır. Yəni Rusiyaya nüvə zərbəsi endirilməsə, o da düyməyə basmayacaq. 4-cü şərtə isə məxsusi diqqət. Bu ki axmaq bəhanədir. Çünki Rusiyanın xilası naminə ilk olaraq nüvə zərbəsi endirilərsə, 15 dəqiqə sonra Rusiyanın özü olmaz - bütün qohum əqrəbanızla birgə. Dəyərmi? Hərçənd Ukraynaya təcavüzdən sonra Rusiya hərbi-siyasi isteblişmentinin hərəkətlərində ağıl və məntiq axtarmağa lüzum qalmayıb.

Deyəsən Kremldə unudublar ki, dəhşətli kütləvi qırğınlar üçün nəzərdə tutulan nüvə silahı məhz heç vaxt tətbiq edilməmək üçündür. Sadə səbəbə: çünki ondan başqalarında, o cümlədən sənin düşmənlərində də var. Özü də nəinki Rusiyanı, bütün dünyanı bir neçə dəfə yox edəcək qədər...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR