İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ərzaq qıtlığı təhlükəsi - Azərbaycan hökumətinin planları

1682 07.09.2022 08:50 İqtisadiyyat A A

Qonşularımızdakı bolluqdan bizə də pay düşəcək; buğda idxalında çətinlik yaşamayacağıq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dünya ərzaq bazarındakı vəziyyətdən danışaraq deyib ki, dünyada qiymətlərdə ciddi artımlar baş verir və ərzaq qıtlığı real təhlükəyə çevrilir. Onun fikrincə, müasir dövrdə bəşəriyyətin qlobal problemlərindən və vəzifələrindən biri əhalinin ərzaq məhsulları ilə etibarlı və dayanıqlı təminatını həyata keçirməkdən ibarətdir.

Agentlik sədri həmçinin qeyd edib ki, hazırda dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ərzaq çatışmazlığının və aclığın aradan qaldırılması istiqamətində geniş işlər görülür: “Buna baxmayaraq, qeyd edilməlidir ki, son illər enerjidaşıyıcılarının, istehsal vasitələrinin qiymətlərinin artması, kəskin iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, hərbi münaqişələr və digər neqativ amillər səbəbindən ərzaq məhsullarının qiymətlərində ciddi artımlar baş verir, ərzaq qıtlığı real təhlükəyə çevrilir. Digər tərəfdən, qloballaşma, ticarətin inkişafı və iqlim dəyişikliyi nəticəsində zərərli orqanizmlərin yeni ərazilərə keçməsi sürətlənir, onların arealı genişlənir, bitkilər üçün zərərli olan bir sıra yeni virus və bakteriya mənşəli xəstəliklər sürətlə yayılır. Fitosanitar riski yüksək qiymətləndirilən həmin virus və bakteriyalar məhsulların iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərməklə, bəzi hallarda 40-80 faizə qədər məhsul itkisinə səbəb olur. Bu baxımdan, dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün bir həyati zərurətə çevrilir”.

Qeyd edək ki, artıq 5-ci aydır ki, dünya ərzaq qiymətləri indeksində azalma qeydə alınır. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesablamalarına əsasən, avqust ayında qlobal ərzaq qiymətləri indeksi iyulla müqayisədə 2,7 bənd və ya 1,9 faiz azalaraq 138 bənd təşkil edib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,1 bənd və ya 7,9 faiz çoxdur.

Avqustda ən çox azalma maye yağların qiymətində qeydə alınıb. Belə ki, bu məhsulun qiyməti avqustda iyulla müqayisədə 5,5 bənd və ya 3,3 faiz ucuzlaşaraq 163.3 bəndə düşüb. Bu azalma palma, günəbaxan və raps yağının ucuzlaşması hesabına baş verib. Nəticədə maye yağ qiymətləri ötən ilin iyulundakından da aşağı həddə düşüb.

FAO-nun hesablamalarına əsasən, ötən ay taxıl qiymətləri indeksi aylıq ifadədə 2 bənd və ya 1,4 faiz azalsa da, ötənilki göstəricidən 11,4 faiz və ya 14,8 bənd yuxarıdır. Taxıl məhsulları arasında ən çox ucuzlaşma buğda qiymətlərində qeydə alınıb: 5,1 faiz. Buna səbəb Kanada, ABŞ və Rusiyada əldə edilən bol məhsul, həmçinin Ukrayna buğdasının dəniz yolu ilə daşınmasına başlanmasıdır. Ucuzlaşmaya baxmayaraq, ötən ay buğdanın qiyməti 2021-ci ildəkindən 10,6 faiz baha olub.

FAO-nun şəkər qiyməti indeksi avqustda əvvəlki ayla müqayisədə 2,4 bənd və ya 2,1 faiz azalmaqla 110,4 bənd təşkil edib. Bu, ötən ilin iyulundan bəri ən aşağı qiymət səviyyəsidir. Şəkər qiymətlərini belə azaldan Hindistandan ixracın kəskin artması, həmçinin Braziliyada etanolun qiymətinin ucuzlaşmasıdır.

Süd məhsulları indeksi isə avqustda bir öncəki aya nisbətən 3 bənd və ya 2 faiz düşməklə 143,5 bənd təşkil edib. Süd məhsullarının qiyməti ikinci aydır düşsə də, ötənilkindən 27,3 bənd və ya 23,5 faiz yüksək olaraq qalır. Bu məhsulllhardan kərə yağı və quru süd ucuzlaşsa da, pendir bahalaşıb.

FAO: Qlobal ərzaq məhsullarının qiymətləri iyun ayında artıb

Ət qiymətləri indeksinə gəlincə, bu göstərici illik ifadədə 9,3 bənd və ya 8,2 faiz yüksək olsa da, aylıq ifadədə 1,8 bənd və ya 1,5 faiz azalmaqla 122,7 bənd olub. Ən çox azalma quş ətində qeydə alınıb - bu məhsulun ixracı artıb, ona tələb isə azalıb. Eyni səbəbdən mal ətində də ucuzlaşma baş verib. Əvəzində donuz və qoyun ətinə tələbatın artması ilə bu məhsulların qiymətində yüksəlmə qeydə alınıb.

Beləliklə, göründüyü kimi, son 5 ayda qlobal ərzaq qiymətlərində ucuzlaşma prosesi gedir. Lakin bu prosesin pərakəndə bazarlara təsiri hiss olunmamaqdadır. Buna enerjidaşıyıcıların qiymətinin yüksək olaraq qalması səbəb olur. Belə ki, bahalı enerji və yanacaq ərzaq məhsullarının daşınma, emal saxlanma xərclərini artırır ki, bu da istehlakçıya çatan son məhsulun bahalaşmasını şərtləndirir.

Ukraynadakı müharibə səbəbilə sanksiyalarla üzləşən Rusiyadan neft və neft məhsulları alışının kəskin məhdudlaşdırılacağı gözlənilən qış aylarında bu məhsulların daha da bahalaşması, nəticədə ərzaq bazarında qiymətlərin sürətlə yüksəlməsi təhlükəsi də diqqətdə saxlanmalıdır. Düzdür, dünyanın ən böyük istehlakçısı olan Çində koronavirus pandemiyasının yenidən alovlanması üzündən enerjidaşıyıcılarına olan tələbatın azalması və bunun nəticəsində bu bazarda qiymətlərin sürətlə düşməsi ehtimalı da getdikcə güclənməkdədir. Lakin hətta dünya iqtisadiyyatında daralma nəticəsində enerjidaşıyıcıları ucuzlaşsa belə, qlobal səviyyədə ərzağa olan tələbatın azalması gözlənilən deyil. Bu isə ərzaq bazarında vəziyyətin daim diqqətdə saxlanmasını tələb edir.

Əsas ərzaq məhsulları ilə özünü tam təmin edə bilməyən Azərbaycan üçün qlobal bazarlarda gedən proseslər təsirsiz ötüşmür. Artıq 2022-ci il ərzində ölkədə unun və çörəyin qiyməti iki dəfə - yanvarda və avqustda bahalaşıb. Baxmayaraq ki, dövlət buğda idxalçıları və un istehsalçılarına yönəlik mexanizmləri tətbiq edir, bu, bahalaşmanın qarşısını almağa kifayət etmir. Hökumətin ölkədə ərzaqlıq buğda istehsalını artırmağa hesablanmış əlavə dəstək mexanizmi isə ən yaxşı halda 2-3 il ərzində təsirli nəticələr verə bilər.

Dünyada ərzaq qiymətləri onillik maksimuma çatdı

Azərbaycan üçün ərzaq təminatında əsas müsbət məqam iki böyük ərzaq ixracatçısı ölkə ilə qonşu olmağıdır. Bunlardan birincisi Rusiyadır. Hansı ki, bu il Rusiyada rekord həcmdə taxıl, o cümlədən buğda əldə olunur. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, sentyabrın 2-nədək Rusiyada 88,2 milyon ton təmizlənməmiş halda buğda istehsal olunub. Ötən ilin eyni dövründə bu göstərici 66,4 milyon ton olmuşdu. Ölkə üzrə buğda səpilən 29,5 milyn hektar sahənin 22,2 milyon hektarında biçin prosesi başa çatdırılıb. Məhsuldarlıq 1 hektar üçün keçənilki 29,9 sentnerdən bu il 39,7 sentnerə yüksəlib. Nazirliyin proqnozlarına əsasən yığım sonunda qurudulmuş və təmizlənmiş halda ölkədə buğda istehsalı 82,77 milyon ton təşkil edəcək. Ümumilikdə taxıl istehsalının isə keçən ilki 121,4 milyon tona qarşı 140 milyon ton təşkil edəcəyi gözlənilir.

Azərbaycanın buğda idxalında ikinci yerdə olan Qazaxıstanda da bu il məhsuldarlıq yüksəkdir. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, bu mövsümdə buğda istehsalı 13,5 milyon tona yaxın olacaq. Buna görə də qurum avqust ayında hökumət qarşısında may ayından buğda və un ixracına qoyulan məhdudiyyətin vaxtından əvvəl aradan qaldırılması təklifi ilə çıxış edib: “Bu il 13 milyon tondan çox buğdanın yığılması planlaşdırılır ki, bu da ötənilki məhsulu 12 faiz üstələyir. Daxili istehlak üçün təxminən 6,5 milyon ton buğda tələb olunur. Keçən ildən qalıq məhsulu da nəzərə aldıqda, kənd təsərrüfatı istehsalçılarının öz məhsulunu ixrac etməsi üçün əlverişli şəraitin yaradılmasına ehtiyac yaranıb. Bu səbəbdən də 10 sentyabr 2022-ci ildən buğda və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb”.

Süd məhsullarının enən qiyməti oktyabr ayı üzrə FAO ərzaq qiymətləri  indeksini zəiflədib - AZƏRTAC

Azərbaycanın özündə isə əlverişsiz hava şərtləri taxıl istehsalında artıma nail olmağa imkan verməyib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7 faiz, bitkiçilik məhsulları üzrə isə 3,4 faiz artıb. Lakin ötən payız və qışın ilk həftələrində müşahidə olunan əlverişsiz hava şərtləri, quraqlıq üzündən 100 min hektardan yuxarı sahədə əkinlər məhv olub. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 1032,0 min hektar sahədən 922,0 min hektar payızlıq dənli bitkilərin sahəsi cari ilin yaz əkini dövrünün sonunadək salamat qalıb ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 93,5 faizinə bərabərdir. 101,3 min hektar sahədə əkilmiş payızlıq dənli bitkilər tamamilə məhv olub, 6,0 min hektar sahə yem üçün istifadə edildikdən sonra yerində yazlıq bitkilər əkilib, payızlıq dənli bitkilərin 2,7 min hektar sahəsi isə yem üçün saxlanılıb.

Buna baxmayaraq, yaxın qonşularımızda, xüsusilə də Qazaxıstanda bol məhsulun əldə olunması Azərbaycanın buğda idxalında çətinlik yaşamayacağına imkan verəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR