İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya ölkələrinin ən müxtəlif Yeni il adətləri

1209 17.12.2023 21:07 Dünya A A

2024-cü ilə artıq sayılı günlər qalıb. Qeyd edək ki, dünya ölkələri Yeni ili ən müxtəlif adətlərlə qarşılayır.

Musavat.com onlardan bir neçəsini təqdim edir:

Böyük Britaniya. Bu ölkədə insanlar Yeni il axşamı evdə ideal təmizlik yaradırlar. Artıq gecə olanda ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özü ilə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

İsveçrə.  İsveçrəlilər Yeni il axşamı bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı ailə başçısı - ata zibil atmaq bəhanəsi ilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdaraq, uşaqlara hədiyyələr paylayır.

Fransa. Fransızlar Yeni il axşamı Şaxta baba, Per Noel (Noel ata) evlərin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Ümumiyyətlə, bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

İtaliya. İtaliyada Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam “sərbəstlik” verirlər. Beləcə onlar həm də köhnə illə vidalaşırlar.

İtaliyada daha bir adət var. Yeni il bayramı ərəfəsində insanlar köhnə əşyalarını pəncərədən aşağı atır. İtalyanlar hesab edir ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

Almaniya. Almanlar Yeni il gələn anda ovuclarında metal pul sıxaraq, tullanırlar. Bununla da inanırlar ki, yeni il daha bərəkətli olacaq.

Finlandiya. Finlandiyada  Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba - Youlupukkidir.

Argentina. Cənubi Amerika ölkəsi olan Argentinada isə bayram günü mənzildə olan bütün lazımsız kağızlar, qəzet-jurnallar, ötən ilin təqvimləri, qurumların lazımsız sənədləri və kitablar pəncərədən çölə atılır. Yerli sakinlər bu adətlə həm də stress atmağın yolunu görürlər.

İspaniya. İspaniyada Yeni il gecəsi hamı şəhərin mərkəzi meydanına üzüm yeməyə axışırdı. Adətə görə hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir.

Ekvador. Bu ölkədə isə yerli sakinlər bir neçə metr hündürlüyündə kuklalar hazırlayır və həmin kuklanı yaşadıqları məhəllədə, yaxud meydançalarda yandırırlar. Hesab olunur ki, bununla ekvadorlular növbəti ilə yeni insan kimi daxil olmağı simvolizə edirlər.

Kuba. Azadlıq adası sayılan Kuba da zəngin Yeni il adətləri ilə seçilir. Burada bayram günü hər kəs evdəki qab-qacağı, stəkanları su ilə doldurur. Əqrəblər 12-ni göstərdikdə isə bütün su dolu qablar evlərin pəncərəsindən çölə axıdılır. Hesab olunur ki, bununla yeni il su kimi axar və açıq il olur. Paralel olaraq, kubalılar bayram gecəsi ilin aylarını simvolizə edən 12 üzüm dənəsi yeməlidir. Bu onlara uğur gətirməlidir. Gecənin sonunda isə ada sakinləri əllərində fişəng və məşəl küçələrdə rəqs edirlər.

Yaponiya. Bu ölkədə Yeni il simvolu Kadomaçu ağacı hesab olunur. Küknar və bambuk ağacının calağından bitən bu ağac Yeni ili salamlayan simvol kimi görülür. Yaponiyada təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. Yaponlar inanır ki, həmin zəng zərbələrinin hər biri insandakı mənfi cəhəti öldürür. Evlərinə xoşbəxtlik gəlməsi üçün onlar mənzillərinin qapısına bambuk, küknar və şam ağacının budaqlarını bağlayırlar. Yeni ildə ən çox verilən hədiyyələr avar olur. Onlar inanırlar ki, avar çəkməklə evlərə xoşbəxtlik daxil olacaq. Digər bir adət isə bununla bağlıdır ki, hansı ixtisasa sahib olmaq istəyirlərsə, onun şəklini çəkib öz balınclarının altına qoymalıdır. Yeni ildə həmin istəklər reallığa çevriləcək.

İsveç. Soyuq Skandinaviya xalqı isveçlilər isə Yeni il gecəsi qonşularının qapısı ağzında qab-qacaq sındırmaqla məşğul olur.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR