İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya indi də gübrə qıtlığı astanasında - Azərbaycan nə edəcək?

1661 22.07.2022 08:10 İqtisadiyyat A A

İki gübrə növü üzrə daxili istehsal təmin olunub, digərlərinin idxalı diversifikasiya olunmalıdır

Ukraynadakı müharibənin qlobal ərzaq bazarına mənfi təsirinin bir istiqaməti gübrə bazarındandır. Belə ki, Ukraynada müharibə səbəbindən əkin sahələrinin azalması, üstəlik, Rusiyadan və Belarusdan gübrə ixracının məhdudlaşdırılması kənd təsərrüfatı üçün mühüm olan məhsulu həm əlçatmaz edib, həm də xeyli bahalaşdırıb. Ekspertlərin fikrincə, ərzaq məhsullarının bahalaşmasının bir səbəbi də gübrələrin qiymətindəki artımdır. Rusiya-Ukrayna müharibəsi fonunda qlobal gübrə bazarında yaranmış tədarük çatışmazlığı bu məhsulun qiymətini rekord həddə çatdırıb. Məlumata görə, son 1 ildə əmtəə birjalarında təkcə azot gübrəsinin 1 tonu 250 dollardan 700 dollara qədər bahalaşıb. Gübrə istehsalında istifadə olunan ammonyak, azot, nitrat, fosfat, kalium və sulfat isə 30 faizə qədər bahalaşıb.

Bitkilərin hərtərəfli inkişafı üçün torpaqda 3 növ elementin olması vacibdir: azot, kalium və fosfor. Bunlardan hər hansı birinin olmaması bitkinin inkişafını əngəlləyir. Azot, fosfor və kalium bitkilərin inkişafı və yüksək məhsuldarlıq üçün əsas qida maddələridir. Azot gübrələri təbii qazdan istifadə etməklə ammonyakdan hazırlanır. Fosfat və kalium gübrələrinin istehsalı isə zəruri filizlərin çıxarılmasından və onların kimyəvi çevrilməsindən asılıdır.

Dünyada ən çox tələbat azot gübrələrinədir. Çünki kalium və fosfor gübrələri 3 ilədək dövrdə torpaqda qalır, azot gübrələri isə qısa müddətdə parçalanır. Buna görə də torpağa azot gübrələrini hər il vermək lazım gəlir. Hazırda dünyada istifadə olunan mineral gübrələrin 50 faizdən çoxunu azot gübrələri təşkil edir. Dünya Gübrə İstehsalçıları və İxracatçıları Assosiasiyasının(IFA) məlumatına görə, 2020-2021-ci il mövsümündə qlobal gübrə istehlakı 203,8 milyon ton təşkil edib. Bunun yarıdan çoxu  - 113,7 milyon tonu azot gübrələri olub. Fosfor gübrələri 24 faiz, kalium gübrələri isə 20 faiz paya malik olub. Dünya üzrə fermerlərin gübrə xərcləri məhsulun maya dəyərinin 15 faizinə bərabər olur. Taxıl istehsalçılarında bu göstərici 35-36 faizə qədər yüksəlir.

Azərbaycanda gübrənin qiyməti dörd dəfə bahalaşdı

Gübrələrin əsas istehlakçıları qarğıdalı, buğda və düyü istehsalçılarıdır. Dünyada azot gübrələrinin ən böyük ixracatçıları Rusiya və Çindir. Bu ölkələr son illərdə birinci və ikinci yerləri bölüşdürürlər. 2021-ci ilin son məlumatlarına görə, Rusiya liderliliyi ələ alıb. Bu ölkə ötən il dünya bazarını 25 faiz ammonyak, 14 faiz karbamid və 42 faiz karbamid-ammonyak qarışığı (UAN) ilə təmin edib və bundan 12,5 milyard dollar qazanıb.

2021-ci il dekabrın 1-dən Rusiya daxili tələbatı ödəmək üçün gübrə ixracı kvotası tətbiq edib. Onlar 31 may 2022-ci ilə qədər etibarlı idi, lakin sonra ilin sonuna qədər uzadıldı. Fevral ayından ammonium nitratın ixracına da qadağa qoyulmuşdu, lakin onun müddəti mayın 1-də başa çatıb.

Azot gübrələrinin qiyməti təbii qazın qiymətindən kəskin asılıdır. Belə ki, təbii qazdan bu gübrələrin istehsalında əsas xammal kimi istifadə olunur. Qaz azot gübrələrinin maya dəyərinin 70-90 faizini təşkil edir. Dünyada yalnız Çin azot gübrələrini daş kömürdən istehsal edir. Ölkə istehsal etdiyi gübrənin hamısını özü istehlak edir.

Ukraynadakı müharibə səbəbi ilə təbii qazın qiymətinin kəskin bahalaşması dünyada ondan alınan azot gübrələrinin də sürətli bahalaşmasını şərtləndirib. Hətta bir çox Avropa istehsalçıları təbii qazdan gübrə istehsalını dayandırmaq təhlükəsi ilə üzləşib - yüksək qiymətə alınan qazdan istehsal olunan gübrənin alıcısını tapmaq mümkünsüz olmağa başlayıb.

Halbuki dünyada münbit torpaqların artan əhali sayını yedirtmək üçün getdikcə dahada azalması gübrələrdən istifadəni mütləq şərtə çevirib. Məhz gübrələrin hesabına inkişaf etmiş ölkələr yüksək məhsuldarlığı təmin edə bilirlər. Buna görə də ABŞ Rusiyaya qarşı sanksiyalardan gübrə ixracına dair istisnaya gedib. Gübrələrin əsas istehsalçısı və istehlakçısı olan Avropa İttifaqı isə Rusiyadan bu məhsulun alışını tam dayandırmayaraq, məhdudiyyət tətbiq etməklə kifayətlənib.

Dünyada kalium gübrələrinin əsas istehsalçıları Kanada, Rusiya və Belarusdur. Ötən il bu məhsulun 60 faizini dünya bazarına onlar çıxarıb. Lakin ötən ilin dekabrından ABŞ-ın tətbiq etdiyi sanksiyalar üzündən Belarusun gübrə ixracı minimuma enib. Hazırda Minsk məhsulunu Rusiya üzərindən Asiya bazarlarına yönəltməyə çalışır. Belarusun bazardan çıxması nəticəsində kalium gübrələrinin 1 tonu 1100 dollara qədər bahalaşıb.

Qlobal gübrə bazarında gedən proseslər Azərbaycandan da yan ötüşmür. 2018-2020-ci illərdə ölkədə mineral gübrə istehlakı orta hesabla illik 359 min ton təşkil edib. 2021-ci ildə isə bu göstərici 163 min tona qədər azalıb - pandemiya səbəbindən daşıma zəncirindəki qırılmalar üzündən.

Dünya bazarında gübrə qiymətlərinin artımından sonra ölkəyə gübrə idxalının və istehlakın həcmi azalıb. Bazarın stabil olduğu 2018-2020-ci illərdə orta hesabla ölkəyə illik 325 min ton mineral gübrə idxalı həyata keçirilib. 2021-ci ildə isə 129.9 min ton və ya 44.3 milyon ABŞ dolları dəyərində mineral gübrələr idxal olunub. Ölkəyə mineral gübrə idxalının 85 faizi Rusiya Federasiyasından həyata keçirilir. Belə ki, azot tərkibli gübrələrin 81 faizi, qarışıq tərkibli gübrələrin isə 96 faizi bu ölkənin payına düşür.

Qeyd edək ki, ölkəmizdə fermerlərin mineral gübrələrə olan ehtiyacı uzun illər tam idxal hesabına ödənilib. Lakin 2019-cu ildə  Sumqayıt Karbomid Zavodu fəaliyyətə başladıqdan sonra azot gübrələrinin idxalı sürətlə azalıb. 2019-2021-ci illər üzrə ölkədə istehsal olunan karbamidin orta hesabla illik 45 min tonu daxili bazarda istehlak edilib.  Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub. Ötən ildən azot gübrələrinin ixracında böyük artım müşahidə olunur. Belə ki, rəsmi rəqəmlərə əsasən bu ilin 6 ayında Azərbaycan 98 milyon 783,39 min dollarlıq 153 min 26,51 ton azot gübrəsi ixrac edib. Ötən ilin eyni dövründə ixrac 7 milyon 649,94 min dollar dəyərlə 35 min 185,40 ton olmuşdu. Bu isə ixracın dəyər ifadəsində 13 dəfə, həcm ifadəsində isə 4,5 dəfə artması deməkdir.

Dünya bazarındakı bahalaşma Azərbaycanda da əksini tapır. Belə ki, ötən mövsüm kisəsi 20-30 manata təklif olunan gübrələr indi 80-100 manata satılır. Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına dövlətin verdiyi subsidiya gübrələrin alınmasını da əhatə edir. Belə ki, fermerlər aldıqları subsidiya ilə gübrə əldə edə bilirlər. Lakin bu həcm məhsul yetişdirmək üçün olan ehtiyacı tam örtmür. Üstəlik, qiymətlər bahalaşdığına görə fermer aldığı subsidiya ilə keçən ilkindən daha az gübrə əldə edə bilir.

Azərbaycanda kənd təsərrüfatının inkişafı əsas prioritetlərdən biridir. Bu, həm də ölkənin ərzaq təhlükəsizliyinin təminatı üçün vacibdir. Və hazırda ölkəmizin aqrar istehsalında ən böyük problem məhz gübrələrdən istifadə sahəsindədir. Keyfiyyətli və daha çox məhsul istehsalı üçün gübrə ən vacib elementlərdən biridir və gübrə çatışmazlığı kənd təsərrüfatı sahəsində rentabelliyin aşağı düşməsinə səbəb olur. Azərbaycanda yalnız son illərdə gübrələrin aqrar istehsalda rolunun düzgün qiymətləndirilməsi müşahidə olunur: istehsalçılar gübrələrdən daha intensiv istifadə etməyə başlayıblar. Belə bir zamanda gübrələrin kəskin bahalaşması fermerlərin ondan istifadəni azaltmalarına, bu isə məhsuldarlığın daha da aşağı düşməsinə gətirib çıxara bilər.

Ən çox istehlak olunan azot gübrələrinin yerli istehsalının təmin olunması müsbət məqamdır. Bu, ölkənin xarici idxaldan asılılığını minimuma endirməyə imkan verib. Yaxın vaxtlarda ölkəmizdə fosfat gübrələrinin istehsalının da artırılması nəzərdə tutulur.  “Azərsulfat” MMC-nin rəhbəri Emil Quliyevin verdiyi məlumata görə, ölkəyə sulfat turşusunun idxalı dayandırılacaq, yerli istehsala yer veriləcək və istehsal olunan yerli məhsullar ixrac olunacaq: “Hazırda Gürcüstanın ”Rustavi Azot" müəssisəsi ilə müqavilə imzalanıb. İstehsal olunan yerli məhsulun 10 min tonu ixrac üçün ayrılıb".

Qeyd edək ki, “Azərsulfat” MMC-də mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə edilən sulfat turşusu məhsulunun istehsalı həyata keçirilir. Zavodun məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə xarici ölkələrə ixrac ediləcək.

Kalium və qarışıq gübrələrin yerli istehsalının nə vaxt təmin olunacağı bilinmir. Lakin Avropa İttifaqı və ABŞ-ın Belarusa qarşı sanksiyaları bu ölkənin istehsalı olan kalium gübrələrinin həmin bazarlara yolunu bağlayıb. Öz məhsulunu reallaşdırmağa bazar tapmaqda çətinlik çəkən Belarus Azərbaycan fermerləri üçün əlverişli bazar hesab oluna bilər. Azərbaycan çox qısa müddətdə kalium gübrələrinin idxalını diversifikasiya edərək, Rusiyadan asılılığı azaltmaq imkanındadır.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR