İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya dərin böhrana doğru: Rusiyanı neytrallaşdırmaq mümkün olacaqmı?

934 15.11.2022 09:30 İqtisadiyyat A A

Çöküşün hansı sahədən başlayacağı bilinmir; aparılan təhlillər göstərir ki...

Dünya iqtisadiyyatının perspektivləri bir ay əvvəlkindən daha tutqun görünür. Beynəlxalq Valyuta Fondunun açıqladığı hesabatda bu qənaətə gəlinir ki, 2022-ci ilin yekunu üzrə qlobal ümumi daxili məhsulun artımının iyuldakı proqnozdan 0,2 faiz daha aşağı - 2,7 faiz görüldüyü ötən aydan bəri vəziyyət daha da pisləşib.

BVF-nin ekspertlərinin fikrincə, pisləşməni sübut edən əsas göstərici son aylarda G-20 ölkələrində işgüzar aktivlik indeksinin aşağı düşmə tempinin davamlı hal almasıdır. Fondun saytında yerləşdirilən qrafikdən aydın olur ki, oktyabr ayında Yaponiya və ABŞ istisna olmaqla, inkişaf etmiş, Türkiyə, Rusiya, CAR və Çin istina olmaqla, inkişaf etməkdə olan ölkələrin hamısında işgüzar aktivlik indeksi azalıb.

BVF analitiklərinə görə, əksər ölkələrdə pul-kredit siyasətinin sərtləşdirilməsini tələb edən yüksək inflyasiya, pandemiyaya qarşı sərt karantin tədbirləri və daşınmaz əmlak bazarındakı böhran üzündən Çində iqtisadi artım tempinin azalması, Ukraynadakı müharibənin yaratdığı enerjidaşıyıcıları bahalığı və ərzaq təhlükəsizliyinə təhdidlər yaxınmüddətli dövrdə qlobal iqtisadiyyatda çox ciddi çağırışlar formalaşdıracaq: “Dünya iqtisadiyyatının üzləşmiş olduğu problemlər çox böyükdür. İqtisadi göstəricilərin aşağı düşməsi göstərir ki, qarşıda bizi yeni çağırışlar gözləyir”.

Fond ekspertləri hesab edirlər ki, yaxın aylarda ölkələr inflyasiyanı azaltmaq üçün vergi-büdcə və pul-kredit siyasətlərini sərtləşdirməyə davam edəcəklər.  Bu addımlar isə xüsusilə daşınmaz əmlak bazarı kimi sahələrdə aktivliyi kəskin azaldacaq. 

BVF-nin oktyabrda apardığı qiymətləndirməyə görə, 2026-cı ilədək dünya iqtisadiyyatı böhran üzündən 4 trilyon dollar itirə bilər.

Böyük Britaniyanın baş naziri Rişi Sunak isə G-20 liderlərinin görüşü öncəsi bildirib ki, qrup ölkələrinin dörddə üçü 7 faizdən yuxarı inflyasiya ilə üzləşib. O, bunun əsas səbəbləri sırasında Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətini xüsusi qeyd edib. Baş nazir deyib ki, Rusiyanın sayəsində dünya əhalisinin ərzaq təhlükəsizliyi böyük təhdid qarşısındadır. O, dövlətləri topladıqları ərzaq ehtiyatlarının bir qismini bu təhdidi aradan qaldırmaq üçün bazara çıxarmağa çağırıb.

Yalnız ayrı-ayrı dövlət xadimləri, beynəlxalq qurumlar deyil, bütün analitik mərkəzlər qlobal iqtisadiyyatın böhrana yuvarlanmaqda olduğunu bildirirlər. Aparılan təhlillər göstərir ki, bu mərkəzlər artıq böhranın olub-olmayacağını deyil, onun nə qədər dərin, nə qədər uzunmüddətli olacağını, hansı sahələri daha çox təsirləndirəcəyini müzakirə edirlər.

Hazırda müşahidə olunan mənzərə müzakirələrdə dəqiq nəticələrə gəlməyə imkan verməsə də, bəiz ipuclarını müəyyənləşdirmək olur. Belə ki, dünya iqtisadiyyatının 3 aparıcı mərkəzinin üçü də, iqtisadiyyatlar fərqli də olsa,ciddi problemlərlə üzləşib. Söhbət ABŞ, Avropa İttifaqı və Çindən gedir. Qlobal istehsalın və istehlakın üçdə ikisinə malik bu üç mərkəzin iqtisadiyyatlarındakı vəziyyətdən dünyanın qalan ölkələri və əhalisi birbaşa asılıdır. Bu gün Rusiyadan qaz nəqli dayandığına görə Avrozonada inflyasiya yüksək həddə çatıb. Çində pandemiya əleyhinə sərt mübarizə, həmçinin daşınmaz əmlak bazarındakı böhran iqtisadi artıma ciddi təhdidlər yaradıb. ABŞ-da isə yüksək inflyasiya şəraitində əhalinin gəlirlərinin və istehlakının azalması  müşahidə olunur. BVF-nin rəhbəri Kristalina Georgiyevanın sözlərinə görə, bu şəraitdə antiinflyasiya tədbiri kimi kredit faizlərinin artırılması investisiyaların da azalmasına səbəb olur: “Bütün bunlar isə kasıb və inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərir. Onlar getdikcə daha az qazanırlar, çünki onların ixrac məhsullarına tələbat azalır, ərzaq və enerjidaşıyıcılarının bahalaşması nəticəsində xərcləri isə çoxalır”.

Dünyada ərzaqla bağlı vəziyyət böhran həddinə yaxınlaşır

Dünyanın ən böyük banklarından birinə - “JPMorgan Chase”ə rəhbərlik edən Ceymi Daymon bildirir ki, yeni qlobal böhranı indidən proqnozlaşdırmaq mümkündür: “Bundan əvvəlki bütün böhranları əvvəlcədən proqnozlaşdırmaq mümkün olmayıb. Amma indi, fikrimcə, böhranın böyük ehtimalla baş verəcəyini söyləyə bilərik.  Bəs böhran haradan, hansı sahədən başlayacaq: kredit, yaxud fond bazarından və ya başqa sahədən? Bəlkə də bu, hansısa ölkə olacaq, ya da bizim heç güman etmədiyimiz bir sahə olacaq”...

BVF-də hesab edirlər ki, dünya iqtisadiyyatı 2020-ci ilin koronavirus pandemiyasının vurduğu zərbədən özünə gəlmədən yeni böhranın başlanması çox ciddi problemlər yarada bilər: “2020-ci ildə qlobal iqtisadiyyat 3 faiz kiçildi, 2021-ci ildə 6 faiz böyüdü, amma pandemiyanın təsirlərindən tam çıxa bilmədi. Bu il iqtisadi artım ötənilkindən iki dəfə az olacaq, gələn il isə daha da azalma gözlənilir. Bu ilin problemləri dünya iqtisadiyyatının hələ tam sağalmamış yaralarını yenidən qanadır. Bir sözlə, pisi hələ qabaqdadır”.

Fond ekspertləri ümid edirlər ki, gələn ilin birinci yarısında davam edəcək resessiyaya rəğmən qlobal iqtisadiyyat ən pis halda ili 2 faizlik iqtisadi artımla başa vura biləcək. Lakin resessiyanın dərin böhrana keçməsi halında bu nəticəni əldə etmək, ümumiyyətlə, mümkün olmayacaq. K.Georgiyevanın fikrincə, 2023-cü ildə cüzi artım qeydə alınsa belə, gəlirlər azalıb, qiymətlər qalxdığı üçün bu, daha çox resessiyanı xatırladacaq.

Birinci yarımil ərzində iqtisadi azalma yaşamağa əsas namizəd Avropadır. Burada inflyasiya rekord həddə çatıb. Avropa İttifaqının əsas ölkəsi olan Almaniyada enerjidaşıyıcılarının bahalaşması sənaye böhranına doğru aparır.

Avropa İttifaqından ayrılan Böyük Britaniyada hökumət böhranı yaranıb, sabiq baş nazir Liz Trasın addımları ölkədə ciddi problemlərə səbəb olub. Ölkənin pensiya sistemini böhrana yuvarlanmadan qorumaq üçün İngiltərə bankı on milyardlarla funt yeni pul buraxmalı olub. Əks halda, pensiya sistemindən problem ümumi maliyyə sisteminə keçməklə qlobal maliyyə böhranı yaradacaqdı. 

Dünyanı ağır iqtisadi böhran gözləyir – PROQNOZ | RealMedia.az

Avropa Komissiyasında artıq resessiya ehtimalını real qəbul edirlər. Komissiyanın nümayəndəsi Valdis Dombrovski son xəttə yaxınlaşıldığını deyib: “Biz son həddə çatmışıq. Bu ilin ikinci rübünə Avrozona iqtisadiyyatı covidəqədərki həddə qədər bərpa olundu. Lakin ondan bəri inkişaf drayverləri sıfıra düşüb. Rusiyanın Ukraynaya qarşı aqressiyasının yaratdığı təlatümlər önə keçdi. Buna görə də bizim iqtisadi proqnozlarımız əvvəlkilərdən çox məhdud görünür”.

“JPMorgan Chase”in baş bankiri isə deyir ki, ABŞ-da enerjidaşıyıcları bahalaşmasa da, yüksək inflyasiyaya qarşı Federal Ehtiyatlar Sisteminin həyata keçirdiyi sərt pul-kredit siyasəti investisiya və istehlakın azalması risklərini artırır.  Böhran dalğası Çinin, İsveç, Yeni Zelandiyanın əmlak bazarı ciddi silkələnmələrlə üzləşib, Amazon, Meta kimi dünya nəhəngləri gözlənilən resessiyaya hazırlıq məqsədilə xərcləri azaltmaq üçün işçi sayını ixtisar edir. ABŞ-ın dövlət qiymətli kağızlar bazarında likvidlik problemi yaranıb.

İqtisadçı və maliyyəçilər qeyd edirlər ki, bundan əvvəlki dərin böhranların nəticələrini 80-ci illərdə texnoloji-biznes inqilabı aradan qaldırmağa imkan verdi. 2008-ci il böhranının nəticələri pul stimullaşdırması ilə dəf olundu. İndi bu iki inkişaf imkanının ikisi də tükənib. Qlobal iqtisadiyyatı təhdid edən bir sıra struktur problemlərinin aradan qaldırılmasına isə nail olunmayıb, əksinə, onlar daha da dərinləşib. Bura ilk növbədə əhalinin yaşlanması, əməyin istehsalçı potensialının artım tempinin aşağı düşməsi, iqlim dəyişikliklərinin təsirinin azaldılması daxildir.

“Oxford Economics” Araşdırmalaq Mərkəzinin aparıcı iqtisadçısı Adam Slater deyir ki, dünya iqtisadiyyatını yeni böhrandan yalnız yeni texnoloji inqilab xilas edə bilər. Onun fikrincə, 2022-ci ilin son, 2023-cü ilin birinci rübündə dünya iqtisadiyyatında resessiya qeydə alınacaq.

Analitiklər hesab edirlər ki, dünyanı yeni və dərin iqtisadi böhran təhlükəsindən uzaqlaşdırmaq üçün ilk addım Çində sıfır yoluxma siyasətinin daha yumşaq mübarizə tədbirləri ilə əvəz olunması ola bilər. Çünki dünyanın ən böyük istehlakçısı, iri istehsalçısı olan bu ölkədə iqtisadi artım sürətlənməsə bütün dünyada resessiyanın dərinləşməsi davam edəcək. Amma bir məqam da var ki, Çindəki açılım enerjidaşıyıcılarına tələbatı artırmaqla bu məhsulların bahalaşmasını sürətləndirəcək.

Buna görə də enrejidaşıyıcıları bazarında qiymətlərin normallaşması, volatilliyin aradan qaldırılması ikinci addım hesab olunur. Lakin Ukraynada müharibə davam etdiyi bir şəraitdə buna nail olunması real görünmür. Bu səbəbdən də hazırda qlobal iqtisadiyyatda müşahidə olunan resessiya enerjidaşıyıcılarına tələbatı azaldıb, qiymətləri salan əsas vasitə kimi görünür. Bu isə o deməkdir ki, dünya faktiki olaraq seçim qarşısındadır: enerjidaşıyıcılarının ucuzlaşması, inflyasiyanın  azalması üçün Rusiya ilə əməkdaşlıq etmək, yaxud onun tam məğlub edilərək heç bir sahədə diqtə edəcək halda olmaması üçün Ukraynaya dəstəyi gücləndirmək. Avropa İttifaqı, ABŞ və digər inkişaf etmiş ölkələr ikincini üstün tutaraq hərəkət edirlər. Onların Rusiya ilə münasibətləri geridönməz şəkildə soyuqlaşıb. Lakin bu yolun qlobal iqtisadi böhrana qədər getməsi ehtimalı da getdikcə artır. Bu isə Qərbin Rusiyanın məğlubiyyətini sürətləndirmək üçün daha radikal qərarlar verməsini tələb edir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR