İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya bazarında dəbdən düşən “kiçik bacı”

2094 27.09.2022 13:25 Yazarlar A A

Fransa polisi dünən İran səfirliyi önündə toplaşan etirazçılara qarşı gözyaşardıcı qaz və xüsusi taktika tətbiq edib. Yəni yetərincə qəddar davranıb. Amma cəmi 9 gün öncə Azərbaycan səfirliyinin binasına daxil olmaq istəyən bir qrup erməni vandalın hərəkətinə polis tam seyrçi qalmış, insident rəsmi Paris Bakının sərt reaksiyasına səbəb olmuşdu. Səfir Zakari Qross haqlı olaraq, bizim XİN-ə çağırılmış və ona etiraz notası təqdim edilmişdi.

Bu, əlbəttə ki, ermənilərin 1 nömrəli havadarı Fransa dövlətinin Azərbaycana qarşı ənənəvi “ikili standart” siyasətidir, hayları daha da qudurtmaq, şirnikləndimək kursudur. Təsadüfi deyil ki, səfirliyimiz önündəki video-görüntülərdə əksini tapan vəhşiliklərə görə bir Fransa ermənisi də saxlanılmadı. Ona görə ki, ermənilər sanki bu ölkənin ən titullu milləti sayılır, onlara nə istəyirlər eləməyə icazə var - xüsusən də Azərbaycana, Türkiyəyə, türklərə qarşı.

27 sentyabr Anım Günündə məxsusən yada salaq: bu həmin Fransadır ki, onun parlamenti heç bir beynəlxalq hüquqa, Qarabağdan etnik təmizləmə nəticəsində qovulan 700 min azərbaycanlı köçkünün elementar hüququna məhəl qoymadan, müharibədən dərhal sonra qondarma “artsaxı” dövlət kimi tanımışdı. Yaxşı ki, son anda Makron bu avantüraya gedib qərarı təsdiqləmədi. Ona görə ki, tanınma qərarının salfet kağızı qədər dəyəri olmayacağı, əvəzində Fransanın nüfuzdan düşəcəyini kimsə ona başa sala bilmişdi...

Fransanın həm də bir erməni dövləti olduğunu az qala, uşaq da bilir. Təsadüfi deyil ki, erməni separatçılar, Nikol Paşinyan Vaşinqton kimi artıq Parisi də “su yoluna” döndəriblər.

Yeri gəlmişkən, Nikol iki gündür yenə Fransada sülənir. Nyu-Yorkdan birbaşa Parisə uçub. “Soros uşağı” bununla sadəlövhcəsinə ümid edir ki, ABŞ və Fransa Ermənistanı Azərbaycana qarşı qısa müddətdə pula-qızıla tutacaq, ən müasir silahlarla silahlandıracaq, Bakıya qarşı sanksiyalar tətbiq edəcək. Yəni erməni hələ də sülhü bölgədə, qapıbir qonşularla anlaşmalarda yox, çox uzaqlarda, Avropada, Qərbdə axtarır.

Əslində isə bu, sülh yox, ağa axtarışıdır. Fransanın “kiçik bacı” saydığı Ermənistanın özünü təzədən bazara, satışa çıxarmaq cəhdidir. Ancaq ermənilər unudur ki, indi XIX əsr deyil. Güney Qafqazdakı şərtlər də, dövran da bambaşqadır, o səbəbə “satlıq mal” kimi artıq dəbdən düşüblər. Fransanın “kiçik bacı” saydığı Ermənistan qlobal siyasi bazarlıqda alver vasitəsi kimi köhnəlib.

Ermənilərin ən böyük bədbəxtliyi də elə budur: öz iradələrinin yiyəsi ola bilməmək, əsrlədir başqalarının əlində qonşulara qarşı maşa rolu oynamaq...

O ki qaldı səfirliyimizlə bağlı məlum qalmaqala, belə baxanda təəccüblü bir şey yox. Azərbaycan və İran səfirliklərinin mühafizəsinə fərqli münasibət Azərbaycana və İrana ikili münasibəti çılpaqlığı ilə ortaya qoyur.

Ermənistan, Fransa, İran. Bu sıralama sizə heç nə demir Kİ? Türk düşmənlərinin ilk üçlüyüdür. Erməni işğalını on illər ərzində ən çox hansı güclər dəstəkləyib: əlbəttə ki, Fransa, İran. Onlar ermənilərlə eyni bezin qırağı.

Odur ki, dost-düşmənlərimizi bir daha yaxşı tanımalı, “Dəmir yumruğu” daim işlək vəziyyətdə saxlamalıyıq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR