İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bankının Azərbaycanla bağlı 247 səhifəlik pessimist hesabatı

1879 19.10.2022 08:10 İqtisadiyyat A A

Ekspertlər hökuməti çağırışları düzgün qiymətləndirməyə səsləyir

Dünya Bankı bu günlərdə Azərbaycanla bağlı 247-səhifəlik iqtisadi memorandum dərc edib. “Azərbaycan ölkə iqtisadi Memorandumu” adlı sənəddə uzunmüddətli artım modeli (LTGM) əsasında ölkə iqtisadiyyatının gələcəyi qiymətləndirilib. Sənədə görə, Azərbaycanda adambaşına düşən milli gəlir 2000-2014-cü illərdə dörd dəfədən çox artsa da, 2015-ci ildən bəri dollar ifadəsində azalmaqdadır.

Hesabata görə, ölkədə ümumi işsizlik səviyyəsi ilə müqayisədə (2018-ci ildə 4,9 faiz), gənclər arasında işsizlik səviyyəsi (12,7 faiz) yüksəkdir. Bu göstərici 2018-ci il üçün gənc kişilərlə müqayisədə (11,0 faiz) gənc qadınlar üçün 14,7 faiz olub.

Dünya Bankının tədqiqatları göstərir ki, son iki onillikdə Azərbaycan iqtisadiyyatı resurslardan asılı olaraq qalıb, ölkənin əsas aktiv bazası diversifikasiya edilməyib.

Dünya Bankı hesab edir ki, qeyri-neft/qaz özəl sektorunun böyüməsi məhduddur. Dünya Bankının uzunmüddətli artım simulyasiyaları göstərir ki, hazırkı çağırışlarla üzləşən və onlara qarşı heç bir siyasət reaksiyası olmadan Azərbaycan iqtisadiyyatının böyüməsi 2024-2050-ci illərdə orta hesabla cəmi 0,5 faiz ola bilər. Belə ki, ÜDM artımı 2024-cü ildəki 1,5 faizdən 2050-ci ilə qədər sıfıra enəcək. Nəticədə adambaşına düşən ÜDM 2020-ci ildə 5900 ABŞ dollarından 2050-ci ildə 6500 ABŞ dollarına dəqər artacaq ki, bu da növbəti 30 il ərzində yalnız 11 faiz artım deməkdir.

Dünya Bankı həmçinin Azərbaycanda əhalinin artımının ləngidiyini, qocaldığını qeyd edir. Belə ki, son 10 ildə (2011-2021) ölkədə əhalinin hər min nəfərinə düşən doğulanların sayı 19.4-dən 11.2-ə enib, başqa sözlə, 40 faizə yaxın azalıb. Əgər 10 il öncə 65 yaşı aşan insanlar ölkə əhalisinin 5.8 faiziydisə, bu gün həmin göstərici 8 faizdir.

Dünya Bankı narahatdır ki, Azərbaycanda insan kapitalının ümumi aktiv portfeldə yığımı zəifdir. Belə ki, İnsan kapitalı 2000-ci ildə yüzdə 40 ilə müqayisədə 2018-ci ildə onun ümumi aktiv portfelinin yalnız 23 faizini təşkil edib.

Dünya Bankı belə nəticəyə gəlib ki, Azərbaycan iqtisadiyyatının resursdan asılılığı və demoqrafik tendensiyalar struktur dəyişikliklərinə səbəb olur və ölkənin gələcək inkişaf perspektivlərini risk altına qoyur. Bank ekspertləri diqqəti əhalinin artım tempinn azalmasına, əhalinin qocalmasına və neft və təbii qaz ehtiyatlarının tükənməsinə çəkirlər.

LTGM dövlət sərmayəsinin uzunmüddətli artımın əsas hərəkətverici qüvvəsi ola bilməyəcəyini göstərir. Hesabatda qeyd olunur ki, qeyri-neft/qaz sektorunda məhsuldarlığın (TFP) yaxşılaşdırılması və insan kapitalının yaradılmasına diqqət yetirməklə artımı canlandırmaq mümkündür. LTGM model vurğulayır ki, yalnız iddialı islahatlarla Azərbaycanın yüksəlişi mümkündür. Bu halda 2024-2050-ci illərdə orta illik artım 1,7 faiz bəndi ola bilər. Nəticədə 2050-ci ildə Azərbaycanda adambaşına ÜDM 10,250 ABŞ dollarına çata bilər.

Dövlət Statistika Komitəsinin (DSK) son məlumatlarına görə, 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 84 milyard 880.4 milyon manatlıq ÜDM istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.8 faiz çoxdur. Maliyyə Nazirliyindən  "Turan"a bildirilib ki, makroiqtisadi proqnoz göstəricilərə əsasən, bu il ölkədə ÜDM-in real artımı 3.5 faiz olmaqla 117.3 milyard manat təşkil edəcək: "ÜDM-in həcmi 2023-cü ildə 105.8 milyard manat, 2024-cü ildə 108.4 milyard manat, 2025-ci ildə 112.9 milyard manat, 2026-cı ildə isə 118.3 milyard manat səviyyəsində proqnozlaşdırılır".

Rəsmi proqnozlara əsasən, ölkədə qeyri-neft ÜDM-in həcminin isə əksinə, ilbəil artacağı gözlənir. Yəni 2023-cü ilin sonuna onun 73.1, 2024-cü ildə 79.2, 2025-ci ildə 85.5, 2026-cı ildə isə 92.3 milyard manata qədər artacağı və real artım tempinin 4.5-5.1 faiz olacağı gözlənilir.

Natiq Cəfərli: "80 min yeni iş yerinin açılması inandırıcı deyil”

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Dünya Bankının hesabatında Azərbaycanla bağlı çox pessimist və təhlükəli məqamların olduğu yanaşma var: “Adətən hər dəfə belə hesabatlar açıqlanarkən ilkin Azərbaycanın neft-qazdan kifayət qədər asılı olması önə çəkilir. Bu dəfə də belə qiymətləndirmə var. Dünya Bankı əlavə olaraq iki mühüm problemə diqqət çəkir: birincisi, əhalinin yaşlaşması, doğumun aşağı düşməsidir. Bu da ondan irəli gəlir ki, insanların sosial vəziyyəti pisləşdikcə, uşaq dünyaya gətirmək imkanları azalır. Dünya Bankının diqqət çəkdiyi digər məqam insan kapitalı və qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Bu istiqamətlərdə də Azərbaycanda hədəflərə çatılması mümkün olmadı və bu, yaxın gələcəkdə ölkə üçün heç də yaxşı perspektivlər vəd etmir. Neft-qaz sektorundan böyük asılılıq Azərbaycanda çox ciddi problemlər yaradır. Dünya Bankı bu təhlükənin böyüdüyünü, ölkənin gələcək iqtisadi inkişafını təhdid edəcək həddə çatdığını görür və Azərbaycanı xəbərdar etməyə çalışır”.

Ekspert qeyd edir ki, bütün dünyada ənənəvi enerji mənbələrindən alternativ enerjiyə keçid sürəti son dərəcə artıb: “Bu proses tezliklə Azərbaycanın əsas gəlir mənbəyi olan neft və qazın qiymətinin sürətlə düşməsini şərtləndirəcək. Belə olduğu halda ölkə iqtisadiyyatı bu prosesə hazır olmadığı şəraitdə iqtisadi artımın minimuma düşməsi, hətta durğunluğun yaşanması qaçılmaz olacaq. Dünya Bankının ekspertləri bu perspektivi görür və müvafiq xəbərdarlıqlarını açıqlayırlar. Hesabatı ümumiləşdirərək demək olar ki, Azərbaycan hökuməti ölkə qarşısında duran çağırışları düzgün qiymətləndirməli, qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək islahatlara getməlidir”.

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir -  26.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Dünya Bankının Azərbaycanla bağlı bu hesabatı kifayət qədər mütərəqqi metodologiya əsasında hazırlanıb: “Simulyasiyalar mövcud statistik məlumatlar, ölkə iqtisadiyyatının mövcud durumu, həyata keçirilən siyasət əsasında hazırlanıb. Bu baxımdan, gəlinən nəticələr reallığı ən yaxşı əks etdirən nəticələrdir. Bu, o deməkdir ki, həqiqətən də yaxın 20-30 ildə iqtisadiyyata baxış, strategiya dəyişməsə Azərbaycan iqtisadiyyatı üçün heç də ürəkaçan dövr olmayacaq. Çünki resursdan asılılıq yüksək olaraq qalır və eyni zamanda hökumətin məsələlərə baxışı da kifayət qədər konstantdır. 2016-cı ildə hazırlanaraq qəbul edilən strateji yol xəritələrinə baxın: onların əhatəliliyi, qarşıya qoyduğu hədəflər və prioritetlərinə. Eyni zamanda baxın “2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyası”nın hədəfləri, tədbirlər planına. Bu iki sənəd arasındakı fərqləri dərhal görmək olur. İkinci sənəd hədəflər, strateji planlama baxımından xeyli zəif, ölkənin iqtisadi inkişaf tempini radikal dəyişməyə qadir olmayacaq səviyyədədir. Hökumət yaxın beş ilə bu iqtisadi siyasətlə - iqtisadiyyata, biznesə bu baxışla davam etmək niyyətindədir. Halbuki ölkənin neft gəlirləri sürətlə azalmağa doğru gedir – hasilatın təbii azalması nəticəsində. Qaz gəlirləri bu istiqamətdən azalan gəlirləri qismən kompensasiya edir – indilik. Aydındır ki, Ukrayna böhranı qaz qiymətlərinin yüksəlməsini şərtləndirib. Lakin belə yüksək qiymətlərin ömrü uzun deyil. Buna görə də ortamüddətli dövrdə neft-qaz gəlirlərinin kəskin azalması baş verəcək. Bu şəraitdə ölkənin fiskal öhdəlikləri artır, işğaldan azad olunmuş ərazilərin bərpası kimi nəhəng maliyyə resursu tələb edən vəzifə var. Bütün bunlarınm fonunda iqtisadiyyatın neft-qaz gəlirlərinin qarşısı alınmaz azalmasına hazırlanması üçün radikal addımların atılması tələb olunur. Dünya Bankının simulyasiyalarında bu hazırlıq prosesinin müxtəlif sürətləri nəzərə alınıb”.

Ekspert bildirir ki, Azərbaycanda təbii artım sürəti 90-cı illərdən azalmağa başlayıb: “90-cı illərdə təbii artım sürəti hər min nəfərə 20,4 nəfər idisə, 2020-lərdə bu göstərici düşüb 8,4 nəfərə. Bu templə davam edərsə, 2050-ci illərdə 3,5 nəfərə qədər azala bilər. Azərbaycanda digər problem xüsusilə gənclər arasında işsizlik səviyyəsinin yüksək olmasıdır. Təbii ki, simulyasiyanın nəticələrinə təsir göstərən müəyyən başqa faktorlar da var. Bu, mövcud statistik göstəricilərin reallığı tam əks etdirməməsi, statistik göstəricilərin keyfiyyətinin aşağı olmasıdır. Bu da təbii ki, modelin nəticələrində öz əksini tapır. Lakin düşünürəm ki, ümumi prinsip olaraq qəbul olunan budur ki, ciddi siyasət dəyişikliyi olmazsa, yaxın 20-30 il Azərbaycan iqtisadiyyatı, vətəndaşları üçün yaxşı heç nə vəd etmir. Risklər kifayət qədər böyükdür, ölkə artıq orta gəlir tələsinə düşüb. Biz orta gəlirli ölkələr qrupundan irəli adlaya bilmirik. Yaxın bir neçə ildə bunu proqnozlaşdırmaq mümkün deyil. İqtisadiyyatın real artım tempini yaxın gələcəkdə qeyri-neft sektoru saxlamalıdır. Lakin mövcud şərtlər daxilində bu sektorun bunu edə biləcəyi real görünmür”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR