İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bankı "ağıllı kənd"lərin inşasını maliyyələşdirə bilər - Böyük Qayıdış sürətlənir

855 31.10.2023 11:11 Gündəm A A

Fikrət Yusifov: “Azərbaycan hökumətinin bununla bağlı müraciəti Dünya Bankı tərəfindən həmən və məmnuniyyətlə qəbul ediləcək”

Azərbaycanın istəyi olarsa, Dünya Bankı (DB) "ağıllı kənd"lərin maliyyələşdirilməsinə kömək edə bilər.

Bu barədə DB-nin Azərbaycan üzrə meneceri Stefani Stallmeister məlumat verib.

“Biz Azərbaycanda "ağıllı kənd"lərin yaradılmasının tərəfdarıyıq. Və bu kəndlərin maliyyələşdirilməsi məsələsi dövlətin səlahiyyətindədir. Azərbaycan tərəfi istəyərsə, dəstək verməkdən məmnun olarıq. Bu, qeyri-hökumət təşkilatlarının inkişafı baxımından da uğurlu yanaşmadır. Amma bu, dövlətin qərarından asılıdır", - deyə o qeyd edib.

DB-nin bu dəstəyi Azərbaycan üçün sərfəlidirmi və Qarabağa Böyük Qayıdışı sürətləndirə bilərmi? İndiyədək Azərbaycanla DB arasında əməkdaşlıq hansı səviyyədə olub və nə verib?

Fikrət Yusifov İctimai Nəzarət Mərkəzinin icraçı direktoru seçilib

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bu suallar ətrafında “Yeni Müsavat”a çox maraqlı tarixi faktlar açıqladı: “Dünya Bankı Birləşmiş Millətlər Təşkilatının 1944-cü ildə keçirilmiş pul-kredit və maliyyə konfransı olan Bretton Vuds (Bretton Woods) razılaşması nəticəsində yaradılıb. Bank fəaliyyətə başlayarkən onun cəmi 38 üzvü olsa da, 50-60-cı illərdə dünyada yeni dövlətlərin sayının artması nəticəsində onun üzvlərinin sayı da əhəmiyyətli dərəcədə artmışdı. Hazırda dünyanın 189 ölkəsi Dünya Bankının üzvüdür. Bəs bu Beynəlxalq Maliyyə İnstitutunun yaradılmasını bütövlükdə zəruri edən nə idi?

Keçən əsrin 20-ci illərinin əvvəllərindən etibarən başlamış iqtisadi böhran və onunla paralel yaşanan maliyyə təlatümləri dünyanı əsaslı şəkildə narahat edirdi. İqtisadi böhran səbəbindən beynəlxalq valyuta sistemləri də mütəmadi olaraq ciddi problemlərlə üz-üzə qalırdı. Beynəlxalq valyuta sistemində baş verən problemləri aradan qaldırmaq məqsədilə uzun müddət idi ki, müxtəlif səviyyələrdə müzakirələr aparılsa da, bu müzakirələrin bir nəticəsi olmurdu. Dünyanın yeni valyuta sisteminə ehtiyacının nə qədər böyük olduğunu iri dövlətlər yaxşı başa düşürdü. Elə bu səbəbdən də uzun sürən müzakirələrdən sonra nəhayət onların iştirakı ilə bu problem 1944-cü ildə Amerika Birləşmiş Ştatlarında Bretton Vuds (Bretton Woods) konfransının qəbul etdiyi qərarlar əsasında öz həllini tapdı. Konfransda dünya maliyyə sisteminin yeni formasını tətbiq edəcək və onun təkmilləşdirilməsi işini daimi həyata keçirəcək iki Beynəlxalq Maliyyə İnstitutunun - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) və Beynəlxalq Valyuta Fondunun yaradılması haqqında müqavilə imzalandı. Qəbul edilmiş qərarlar, dövlətlər arasında valyuta-maliyyə və kredit münasibətlərinin və ticarət təşkilatının qaydalarını müəyyən etdi və bununla da dünya valyuta sisteminin yeni forması - Bretton Vuds sistemi yarandı.

Dünya Bankı öz qurumları vasitəsilə bu gün dünyanın hər yerində - xüsusilə də zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə geniş fəaliyyət göstərir. Bu gün Dünya Bankı 189 üzv ölkənin birgə sahib olduğu qlobal inkişaf təşkilatıdır. Dünyanın ən böyük inkişaf bankı olan bu bank orta gəlirli ölkələrin və ödəmə qabiliyyəti olan aşağı gəlirli ölkələrin hökumətlərinə kreditlər, zəmanətlər, risklərin idarə edilməsi məhsulları və məsləhət xidmətləri təqdim etmək kimi mühüm bir missiyanı yerinə yetirir. Bundan başqa, Dünya Bankı bir sıra regional və qlobal problemlərin həlli üzrə tədbirlərin əlaqələndiricisi kimi də çıxış edir.

Dünya Bankı dedikdə “Beynəlxalq İnkişaf Assosiasiyası” və “Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı” nəzərdə tutulsa da daha üç qurum - Beynəlxalq Maliyyə Korporasiyası, İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik və İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz Bankının uğurlu fəaliyyətini təmin edən əsas qurumlar hesab olunurlar.

Dünya Bankı maliyyə resurslarının əsas hissəsini dünya kapital bazarlarından cəlb edir. Bank bütün dünyada yoxsulluğun azaldılmasına kömək etmək üçün 1946-cı ildən bu günə qədər dünyanın ayrı-ayrı ölkələrinə ümumilikdə 500 milyard dollardan çox kredit ayırıb. Bu illər ərzində banka üzv olan ölkələrin bankın kapitalının formalaşması üçün ödədikləri vəsaitin həcmi isə cəmi 14 milyard dollar təşkil edib.

Dünya Bankı 1959-cu ildən etibarən özünün ən yüksək kredit reytinqini qoruyub saxlayır ki, bu da ona dünyanın maliyyə bazarlarında ən ucuz kredit resursları cəlb etməyə imkan yaradır. Nəticədə digər kredit institutlarından fərqli olaraq Dünya Bankı və onun aidiyyəti strukturları inkişaf etməkdə olan ölkələrin kapitala olduqca sərfəli şərtlərlə çıxışına imkan yaratmış olurlar. Bank öz gəlirlərini verilən kreditlərə əlavə edilən kiçik marjadan əldə edir ki, bu da ona bankın əməliyyat xərclərini ödəməyə, maliyyə imkanlarını gücləndirmək üçün ehtiyatları artırmağa  imkan verir".

Sabiq nazir Azərbaycanın müraciətinin Dünya Bankı tərəfindən dərhal qəbul olunacağını bildirdi: “Azərbaycan müstəqilliyini bərpa etdikdən bir qədər sonra 1992-ci ilin sentyabrında dünyanın ən iri maliyyə institutu olan Dünya Bankına üzv olub. Son 30 il ərzində bank Azərbaycanda milli prioritetlərin və ehtiyacların dəstəklənməsi üçün geniş spektrli bilik mübadiləsi, potensialın yaradılması və texniki yardım fəaliyyəti ilə yanaşı 4,5 milyard ABŞ dollarından çox məbləğdə 50-dən artıq investisiya layihələrini maliyyələşdirib. Dünya Bankının dəstəyi ilə maliyyələşdirilən layihələr dövlət sektoru, maliyyə və özəl sektorun inkişafı, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, enerji, sosial müdafiə, təhsil və səhiyyə, nəqliyyat, bağlantılar və s. kimi bir çox sektorları əhatə edib.

Dünya Bankı ilə 30 illik tərəfdaşlığı dövründə Azərbaycan yoxsul ölkədən bankın dünyanın ən yoxsul ölkələrinə yardım edən qolu olan Beynəlxalq İnkişaf Assosiasiyasına töhfə verən ölkəyə çevrilib. Bu illər ərzində bank Azərbaycana əsas iqtisadi və institusional islahatların hazırlanmasında və həyata keçirilməsində, infrastrukturun qurulmasında və vətəndaşlarımız üçün digər mühüm xidmətlərdən yararlanmaqda kömək edib.

Bu gün Azərbaycan hökuməti Qarabağda işğaldan azad olunmuş torpaqlarda geniş quruculuq işləri aparır. Ölkəmiz nə qədər geniş maliyyə imkanlarına sahib olsa da, bu məqsəd üçün sərfəli şərtlərlə kredit resurslarının cəlb olunması onun üçün maraqlı olmalıdır. Hesab edirəm ki, biz Dünya Bankının mövcud imkanlarından istifadə edərək, işğaldan azad edilmiş ərazilərdə bir çox mühüm layihələrin reallaşdırılmasına sərfəli şərtlərlə kredit resursları cəlb edə bilərik. Nəzərə alaq ki, dünyanın heç bir maliyyə mərkəzindən bu cür kreditlərin alınması mümkün deyil. Dünya Bankının ayırdığı kreditlərin bir özəlliyi də ayrılmış vəsaitlərdən daha səmərəli istifadə edilməsinə bankın mütəxəssislərinin nəzarətidir. Bir sözlə, bank seçilmiş layihələrin effektliyini və şəffaflığını təmin edə bilən şərtlərə əməl olunmasına ciddi nəzarət edir.

Bu gün biz Dünya Bankının mövcud imkanlarından yararlanıb, Qarabağımızın işğaldan azad olunmuş bütün bölgələrində "ağıllı kənd"lərin tikintisini sərfəli şərtlərlə veriləcək maliyyə resurslarından istifadə etməklə həyata keçirə bilərik. Bu addım eyni zamanda Azərbaycan hökumətinin Qarabağ torpaqlarımızda aparılan geniş quruculuq işlərində maliyyə yükünü optimallaşdırmağa imkan yarada bilər. Hesab edirəm ki, Azərbaycan hökumətinin bununla bağlı müraciəti Dünya Bankı tərəfindən həmən və məmnuniyyətlə qəbul ediləcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR