Rusiyanın Kremlinə yaxınlığı ilə tanınan "Çarqrad" təbliğat resursunun sahibi, milyarder Konstantin Malofeyev Rusiyanın rəsmi dövlət messenceri olan "Max" platformasındakı kanalının fəaliyyətini dondurduğunu elan edib və hakimiyyəti Teleqramı yenidən blokdan çıxarmağa çağırıb.
Musavat.com xəbər verir ki, Malofeyev Rusiyada Teleqramın guya "təhlükəsizlik məqsədilə" məhdudlaşdırıldığını, lakin bunun fonunda ölkə ərazisinə yönələn diversiya və hücumların sayının azalmadığını bildirib. Oliqarx kinayə ilə qeyd edib ki, Ukrayna dronlarının Rusiyada mesajların gec yüklənməsi xəbərini eşidib "dəhşətdən geriyə dönəcəyini" düşünmək sadəlövhlükdür.
O, dövlət tətbiqi olan "Max"ı kəskin tənqid edərək vurğulayıb ki, bu proqram hava həyəcanı zamanı stabil "push" bildirişləri göndərə bilmir, müntəzəm olaraq donur, çökür və Teleqrama demək olar ki, bütün parametrlərdə uduzur. Bundan əlavə, Malofeyev "Max" tətbiqinin daxilində "casusluq funksiyalarının" olması barədə ciddi şübhələrin mövcudluğunu, həmçinin proqramın "Apple" və "Huawei" rəqəmsal mağazalarında yerləşdirilməsi ilə bağlı böyük problemlərin yaşandığını diqqətə çatdırıb.
Musavat.com






