İnsanlara hürriyət, millətlərə istiqlal!

Dronlar minalara qarşı - işimiz nə qədər sürətlənəcək?

1916 16.04.2022 10:50 Gündəm A A

Hərbi ekspert: “Dronlar mina axtarışlarını sürətləndirməklə yanaşı, onların zərərsizləşdirilməsi üçün də əlverişli imkanlar yaradır...” 

Məlumatlara görə, ərazilərimizin minatəmizləmə tədqiqatlarında süni intellektdən istifadə prosesi artıq həyata keçirilir. Belə ki, Böyük Britaniyanın RPS Energy LTD şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar azad olunan ərazilərdə mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub. Şirkətlə ANAMA arasında bununla bağlı müvafiq razılaşma əldə olunub. ANAMA və RPS Energy Ltd. arasındakı razılaşmaya əsasən, layihə çərçivəsində keçən il ərzində süni intellektin istifadəsi ilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib.

ANAMA 2022-ci il, martın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 68, tank əleyhinə 97 mina və 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 306,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

ANAMA-dan minatəmizləmə ilə bağlı - AÇIQLAMA

2021-ci il ərzində Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində ümumilikdə 20 min165 hektar ərazi təmizlənib, 41 min 503 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib. Minatəmizləmə işləri ANAMA mütəxəssisləri tərəfindən Müdafiə Nazirliyi, FHN və Dövlət Sərhəd Xidmətinin nümayəndələri ilə birlikdə aparılır. 2020-ci ilin yekunlarında 6 min hektar ərazinin təmizlənmə öhdəliyi qarşısında, ANAMA-nın minaaxtaranları 6 min 201 hektar ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyərək aidiyyəti üzrə təhvil verib. ANAMA-nın maddi-texniki bazasının genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb. 2021-ci ildə  imzalanan müqavilələrə əsasən bu il ölkəyə əlavə texnika və avadanlıqların gətirilməsi davam etdirilib. ABŞ-ın “Marşal İrsi İnstitutu (MLİ) ilə imzalanan memoranduma əsasən, 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib və işğaldan azad edilmiş ərazilərdə xidmətdədirlər.  2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra işğaldan azad olumuş ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 97 hərbi qulluqçu, 40 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2020-ci ilin noyabr ayının 10-dan 2022-ci ilin fevralınadək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 min  668, tank əleyhinə 4 min 962 mina və 14 min 347 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Eyni zamanda 7 min 866 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu sahədə görülən işlərin sürəti beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Bu baxımdan yeni nəsil  dronların ərazilərimizin təmizlənməsində bizə nə dərəcədə yardımçı olacaq və işlər nə dərəcədə sürətlənə bilər? Türkiyədən də minaaxtaran dronlar alınacaqmı?

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli  “Yeni Müsavat”a deyib ki, Azərbaycan çox az saylı ölkələrdəndir ki, mina təmizləmə sahəsinə xüsusi diqqət ayırır: “Hələ 90-cı illərin sonlarından Azərbaycan ciddi şəkildə mina təmizləmə prosesinə start verib. Bu baxımdan dünyada ilk sıralarda olan ölkələrdənik. Azərbaycanda mina təmizləmə prosesi 44 günlük Vətən müharibəsindən sonra daha da geniş vüsət alıb. Vətən müharibəsindən sonra Ermənistan ağ bayraq qaldırıb üçtərəfli razılaşmaya imza atdı. Azərbaycan dərhal mina xəritələri məsələsini gündəmə gətirdi. Amma qarşı tərəf xoş məram göstərib mina xəritələrini bizə verməkdən imtina etdi. Bu ermənilərin köhnə şakəridir. Yalana öyrəniblər, yalanla yaşayırlar, yalan danışırlar. 44 günlük müharibə dövründə Azərbaycan ordusu ermənilərin 30 il ərzində minaladıqları əraziləri xüsusi vasitələrlə keçib. Ermənilər hələ də 70-ci illərdə qalıblar, müasir silahlardan xəbərləri belə yoxdur. Mina təmizləmə işləri Azərbaycanda həm hərbi təyinatlı, həm də humanitar təyinatlı həyata keçirilir. Hərbi təyinatlı mina təmizləmə prosesləri Müdafiə Nazirliyinin mühəndis istehkam bölmələri tərəfindən həyata keçirilir.

Humanitar təyinatlı mina təmizləmə işləri isə Azərbaycanda son zamanlar yaradılan ANAMA tərəfindən icra olunub və ötən illər ərzində Agentliyin fəaliyyət istiqaməti, maddi-texniki bazası beynəlxalq səviyyəyə  çatdırılıb. Lakin Vətən müharibəsindən sonra məlum olub ki, mina təmizləmə işlərinin miqyası göründüyündən daha böyük olmalıdır. Ona görə də bu istiqamətdə addımlar atılmağa başladı. Hərbi və humanitar mina təmizləmə qurumlarının maddi-texniki imkanları genişləndirilir. Bu səbəbdən də ANAMA-nın fəaliyyəti ilə yanaşı, Silahlı Qüvvələrin digər qoşun növləri - Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin hərbi təyinatlı mina təmizləmə işlərinə, işlərinin genişlənməsinə ciddi şəkildə maliyyə vəsaitləri ayrılıb.

Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə  bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb

Ötən ilin sentyabrında Prezident İlham Əliyev “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində əlaqələndirmə işinin gücləndirilməsi məqsədilə Nazirlər Kabinetinə beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla minatəmizləmə fəaliyyətinə dair tələbləri 3 ay müddətində təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Artıq bu fərmana uyğun işlər görülməkdədir. Fərman məhz bu hər iki təyinatlı mina təmizləmə işlərinin miqyasının daha da genişləndirilməsini nəzərdə tutur. Bu gün humanitar mina təmizləmə işlərinin aparılması üçün ciddi problemlər mövcüddur. Yəni bu gün hər yaşayış məntəqəsində, qəsəbədə və digər sahələrdə minalar mövcuddur və xəritəsiz basdırılıb. Həmin minaların araşdırılıb tapılması həm böyük vəsait tələb edir, həm də zaman. Həmçinin şəxsi heyət, texniki imkanlar tələb edir.

Müqayisə üçün deyim ki, 1945-ci ildə sonra, İkinci Dünya müharibəsi bitdikdən sonra müharibənin getdiyi Şərqi Avropa ölkələrində - Ukrayna, Belarus, Moldova və Rusiyanın qərb istiqamətində partlamamış minaları və digər vasitələrə hələ də rast gəlinir. Yəni mərmilərə, raket qurğularına və sair rast gəlinir. Bunun özü insan həyatı üçün ciddi təhlükə mənbəyidir. 2-cü Dünya müharibəsindən sonrakı dövrdə müəyyən texniki vasitələr yox idi.

Türkiyə istehsalı olan dronlar mina axtarışlarını sürətləndirməklə yanaşı zərərsizləşdirilməsi üçün də olduqca əlverişli imkanlar yaradır. Həmin texniki vasitələrin Azərbaycana gətirilib burada istifadə olunması vətəndaşlarımızın öz doğma yurdlarına tez bir zamanda qayıdışını təmin edəcək. Böyük miqyaslı mina təmizləmə işlərinin, infrastruktur layihələrin sürətlə həyata keçirilməsinə təkan verəcək. Yol, nəqliyyat, elektrik və sair işlərin həyata keçirilməsi üçün sürətli mina təmizləmə işləri həyata keçirilməlidir. Bu problemlərin həllində minaaxtaran dronlar əvəzsiz rol oynayır".

Hərbi ekspert Türkiyə istehsalı olan minaaxtaran dronların işğaldan azad edilmiş ərazilərimizdə olduqca müsbət nəticələr verəcəyini də vurğulayıb.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR