İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyülən şəxsə seyrçi qalmağın məsuliyyəti - hüquqi, yoxsa mənəvi?

561 02.07.2022 08:00 Kriminal A A

İyunun 23-də Gəncədə 37 yaşlı kişinin küçədə 25 yaşlı həyat yoldaşını amansızlıqla öldürməsinin görüntüləri yayılıb. Görüntülər şəhərin mərkəzində yerləşən Şah İsmayıl Xətai prospektində müşahidə kamerası vasitəsilə lentə alınıb.

Videodan məlum olur ki, Gəncə sakini, 1985-ci il təvəllüdlü Rauf Vəliyev Texnologiya Universitetinin yaxınlığında - küçənin kənarında həyat yoldaşı Aynurə Bayramova ilə mübahisə edir. Bu zaman o, qəfil şəkildə bıçaqla gənc qadına hücum edərək ona zərbələr endirib. Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra izləyicilər təqsirləndirilən şəxslə yanaşı, hadisə vaxtı yaxınlıqda olanları da qınayıblar. Belə ki, kadrlardan görünür ki, bir neçə metr kənarda dayanmış gənclər Raufun qadını bıçaqladığını görərək oradan uzaqlaşırlar. Bəzi şəxslər isə sadəcə qətlə tamaşa edir. Həmin adamlar yalnız Rauf Vəliyev Aynurənin boğaz nahiyəsini kəsib uzaqlaşmasından sonra yaralı qadına tərəf gəlirlər.

Sual yaranır: faciəni, zorakılığı seyr edən şəxslər hansısa hüquqi məsuliyyət daşıyırmı? Mənəvi məsuliyyət necə? “Zülmə dözən olmasa, zülm də olmaz” əxlaqına söykənən dinimiz nə deyir belə hallara?

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev: “Faciəni, zorakılığı kənardan izləyən şəxs hansısa hüquqi məsuliyyət daşımır, amma...”

Mövzu ilə bağlı hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a danışıb: “Əlbəttə ki, bu cür faciə və yaxud zorakılıq hadisəsi baş verən zaman kənardan izləyən şəxslər hansısa hüquqi məsuliyyət daşımır. Tutaq ki, əgər hadisəni polis görür, amma müdaxilə etmir, həkimdirsə yaralını görüb, ona yardım göstərmirsə, yalnız bu zaman həmin şəxslər məsuliyyət daşıya bilər, çünki onların vəzifəsi yardım göstərməkdir. Digər şəxslərə gəldikdə isə, sizin də qeyd etdiyiniz kimi, onlar yalnız mənəvi məsuliyyət daşıyır, cəmiyyətin qınaq obyektinə çevrilə bilərlər. Amma düşünmürəm ki, insanlarımızın hamısı belədir. Sadəcə, sonuncu hadisə zamanı ora toplaşan bir neçə nəfər görüb, müdaxilə etmirsə, onları qınamaq lazımdır. Bizim insanlar adətən başqalarına kömək, dəstək verməyə çalışır”.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK  BİRLİYİ QURTARA BİLƏR"

Əhməd Qəşəmoğlu: “Hadisəyə müdaxilə edən şəxsi sonradan şahid qismində polisə, məhkəməyə çağırır, sorğu-sual edirlər, ona görə...”

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, bu məsələ ilə bağlı bir neçə faktor var: “Xatırlayıram ki, əvvəllər kimsə dava edəndə mütləq camaat müdaxilə edirdi. Şəxsən mən özüm uşaq, gənc olanda dava edərkən mütləq camaat məsələyə qarışır, müdaxilə edirdi. Lakin bir müddət sonra müxtəlif şəhər və bölgələrdə baş verən hansısa davalarda hadisəyə müdaxilə etmək istəyən insanlar qətlə yetirildi, yaralandı və sairə. Bundan sonra insanlar hadisələrə müdaxilə etməkdən çəkindi, çünki ortada ölüm təhlükəsi var. Digər faktor isə ondan ibarətdir ki, son zamanlar narkotikdən istifadə edənlərin sayında xeyli artım var, həmçinin bu səbəbdən davaların da sayı artmağa başlayıb. Həmçinin son vaxtlar insanlar arasında etinasızlıq hissi çoxalıb. 30-40 il bundan əvvəl camaat bu qədər etinasız deyildi, indi isə etinasızlıq adiləşib.

Beləliklə, bu məsələdə həm mənəvi, həm də qorxu amili mühüm rol oynayır. Həmçinin başqa bir məsələ ondan ibarətdir ki, kimsə hadisəyə müdaxilə edəndə sonra onu şahid qismində tez-tez polisə, məhkəməyə çağırırlar, çox sayda sorğu-sual edirlər. Ona görə də insanlar bezir və bir daha hansısa hadisəyə müdaxilə etməkdən çəkinir, ehtiyat edir, “az aşım, ağrımaz başım” deyib, kənarda dayanırlar".

Hacı Şahin Həsənli Moskvadakı son hadisələr haqda

Hacı Şahin Həsənli: “Cəmiyyət belə neqativliklərə mütləq reaksiya verməlidir, bu, Allahın bizdən tələb etdiyi məsələdir”

Tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli də mövzu ilə bağlı danışıb: “Peyğəmbərin belə bir hədisi var ki, cəmiyyət gəmidə hərəkət edənlərə bənzəyir, əgər bir insan gəmiyə xəsarət yetirərsə, gəmidə olan insanların hamısı batır. Ona görə də heç kim deyə bilməz ki, ”bu mənə aid deyil, başqasının şəxsi işidir". Əlbəttə ki, cəmiyyətdə baş verən neqativ hallara cəmiyyət münasibət bildirməli, ictimai qınaq olmalıdır. Bu, həm ilahi, həm də ictimai məsuliyyətdir. İnsanlar başqalarının davranışına görə hər biri məsuliyyət daşıyır. Quranda qeyd olunur ki, əgər bir cəmiyyət toplum özünü dəyişməsə, Allah onun taleyini dəyişməz. Cəmiyyətin, toplumun müqəddəratı onun öz əlindədir, davranışından asılıdır. Adətən cəmiyyətdə insanlar eyni taleyi yaşayır, onların taleyi bir-biri ilə əlaqəlidir. Hətta ailədə, qonşuda zülm baş verərsə “mənim nəyimə lazımdır” məntiqi ilə davranmamalıyıq və mütləq münasibət bildirməliyik. Bu, Allahın bizdən tələb etdiyi məsələdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR