İnsanlara hürriyət, millətlərə istiqlal!

Dostları Cahangir Hacıyevi “ömürlüyə” göndərir

1806 20.09.2023 08:56 Gündəm A A

Sabiq deputat Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb; belə görünür ki, əsas məsuliyyəti Beynəlxalq Bankın keçmiş sədrinə “yükləmək istəyirlər”

Külli miqdarda mənimsəmədə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, “Aqrarkredit” ASC məhkəmədə mülki iddia qaldırıb. ASC dəymiş ziyana görə Dünyamin Xəlilovdan 17 milyon 735 min manat kompensasiya tələb edir. Məhkəmə “Aqrarkredit” ASC mülki iddiaçı kimi tanıyıb və iddia iş materiallarına əlavə edilib. Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama görə, Dünyamin Xəlilov müxtəlif illərdə Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyev və Azad Cəfərovla birləşərək bankın vəsatətlərini mənimsəyib. Onlar banklarda kreditlərin verilməsi adı ilə müxtəlif məbləğlərdə pulları mənimsəyib. Həmin şəxslər müxtəlif vaxtlarda mütəşəkkil dəstə yaradaraq Beynəlxalq Banka külli miqdarda ziyan vurub. C.Hacıyev və A.Cəfərovdan 9 nəfərin adına kredit rəsmiləşdirərək 5 milyon manat kredit götürüb.

Ümumilikdə mütəşəkkil dəstə Azərbaycan Beynəlxalq Bankına 6 milyon 603 min manat ziyan vurmaqda təqsirləndirilir. Bundan başqa, A.Cavadov C.Hacıyevlə yaxın dostluğundan istifadə edərək 1 milyon 603 min 727 manatı mənimsəyib. Prosesdə təqsirləndirilən şəxslər barələrində elan edilən ittiham üzrə özlərini təqsirli bilməyiblər. Məhkəmənin növbəti iclası oktyabrın 16-da davam edəcək. Dünyamin Xəlilovla Azad Cavadov Beynəlxalq Bankın keçmiş rəhbəri, 2015-ci ildən həbsdə olan Cahangir Hacıyevlə dost olublar. Onların heç biri ittiham üzrə özünü suçlu saymır və bildirirlər ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib. Onların hər ikisi daha öncəki məhkəmələrində də Beynəlxalq Bank işi üzrə bənzər ittihamlarla mühakimə edilirdi. İddia olunurdu ki, Cahangir Hacıyev dostları ilə əlbir olaraq onların tabeliyindəki işçilərin adına kreditlər ayırıb və həmin pullar mənimsənilib. Cahangir Hacıyev də 2015-ci ildən bu yana iki dəfə mühakimə olunub. Birinci dəfə onunla birlikdə məhkəmə qarşısına çıxarılanlar arasında Azad Cavadov da olub. Həmin məhkəmənin sonunda Cahangir Hacıyevə 15 il, Azad Cavadova 10 il 6 ay həbs cəzası kəsilib. 2019-cu ildə ikinci dəfə Dünyamin Xəlilovla mühakimə olunan keçmiş bankirin cəza müddəti 16 il 3 aya yüksəldildi. Sabiq deputatın özü ilk dəfə 13 il həbs cəzası almışdı. İkinci dəfə cəzası 14 il 6 aya qaldırılmışdı.

Dünyamin Xəlilov Bakıda tanınmış “Globus Plaza”nın sahibi olub. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Xəlilov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin qohumu və işçisi idi. Cahangir Hacıyevə məxsus “Şəki Bazarı” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət Xəlilov idarə edib.

Belə görünür ki, dostları özlərini suçlu bilmirlərsə, demək, əsas məsuliyyəti də banka rəhbərlik etmiş Cahangir Hacıyevə “yükləmək istəyirlər”. Cahangir Hacıyevin həbsdən əfv və ya amnistiya ilə çıxmaq şansı sıfırın altındadır. Şübhəsiz ki, məhkəmə başlayanda Cahangir Hacıyevin dindirilməsi vacib olacaq. 

Ona bu məhkəmədən sonra yeni cinayət işi də açıla bilər ki, bu da sabiq bankirin ən yüksək cəza müddəti - 20 il verilə bilər. Bu isə elə “ömürlük həbs” kimidir...

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki,  Beynəlxalq Bankdan milyardlarla manat oğurlanıb və bu pullar qaytarılmayınca, kimlərinsə həbsdən qurtulması mümkün deyil: “Azərbaycan Beynəlxalq Bankında dövlətin itkiləri 10 milyardlarla hesablanan itkilərdir. Cahangir Hacıyevə qarşı əvvəlki ittihamlarda elə də böyük rəqəmlər vardı ki, onunla əlbirlikdə ittiham olunanlara qarşı irəli sürülən mülki iddiadakı rəqəmlərə təəccüblənmədim. Ehtimalım belədir ki, yeni ittihamlar da ola bilər. Qanunsuz kreditlərə görə azı 200 nəfər məhkəmə qarşısına çıxarılmalıdır". 

Hüquqşünas deyib ki, bu gün məhkəmədə kreditlər və həmin kreditlərin mənisənilməsi ilə bağlı ittiham araşdırılırsa, hakim qarşısında Cahangir Hacıyevlə bərabər 20 nəfər dayanmamalıdır: “Azı 200 nəfər məhkəmə qarşısına çıxarılmalı və kreditin qanunsuz verilməsi sübuta yetirilməlidir. Fikrimdə israrlıyam ki, Cahangir Hacıyev bu qədər pulu təkbaşına dağıda, mənimsəyə bilməzdi. Cahangir Hacıyev 15 ilə yaxın Azərbaycan Beynəlxalq Bankının sədri olub. Bu müddətdə həmin bank kreditlərin verilməsi minlərlə bank işçisini əhatə edib. Bankda ən adi bir kreditin verilməsi azı 15 nəfərin imzasından keçir. Ən sadə kreditin verilməsi bankın  kredit, risklərin idarə edilməsi, hüquq, girovun qiymətləndirilməsi, əməliyyat, təhlükəsizlik departamentlərindən keçir və yalnız bundan sonra Kredit Komitəsi kreditin verilib-verilməməsi məsələsinə baxır. Həmin komitədə azı 7 nəfər kreditin verilib-verilməməsi haqda qərara imza atır. Azərbaycan Beynəlxalq Bankı ölkənin ən böyük bankı olub. Orada kreditlər necə verilib? Cahangir Hacıvevin dövründə Azərbaycan Beynəlxalq Bankı sağa-sola zəmanət verməklə məşğul idi. Cahangir Hacıyev məhkəməsində açıqlama verib deyəndə ki, 2 milyard kredit vermişəm, o, zaminliklə bağlı məsələlərin üstündən keçir. Yəni 2 milyardlıq kreditlə yanaşı, 10 milyardlıq zaminlik müqaviləsi haqda danışmalı olsa da, bunun üstündən keçir. Verilən zaminlik kredit portfelinə daxil deyil. Çünki bankdan həmin müqavilə bağlanarkən pul çıxmır. Sonra zamin dayandıqları zavodların sahibləri, ayrı-ayrı iş adamları kreditlər üzrə pul ödəməyəndə, avtomatik kredit müqavilələri üzrə öhdəliklər zaminin üzərinə transfer olunurdu və bankın kredit portfelinə daxil olurdu. Siz təsəvvür edin ki, belə layihələrə, belə riskli kreditlərə imza atan neçə-neçə bank rəsmisi, bankdan kənar şəxslər var. Həmin şəxslər də istintaqdan kənar saxlanıla bilməzlər. Əks təqdirdə, obyektiv nəticə əldə olunmayacaq”.

Əkrəm Həsənov həmçinin qeyd edib ki, kimlərsə deyə bilər ki, həmin kreditlər verilərkən Cahangir Hacıyevi sənədlərə imza atmağa məcbur ediblər: “Amma bu məqam onu məsuliyyətdən azad etmir. Bu gün keçirilən məhkəməyə gəlincə, Azərbaycan Cinayət Məcəlləsinin 55-ci maddəsinə əsasən cəza müddəti 20 ildir. Bundan başqa, ömürlük cəza da təyin oluna bilər.  Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmədə  Cahangir Hacıyevin əleyhinə ifadələr verilsə və yeni ittihamlar olsa, cəzası maksimum həddə, 20 ilə qədər artıra bilərlər”.

Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dəyərdə kreditlərin götürülüb mənimsənilməsində suçlanır. C.Hacıyev özünü təqsirli bilmir. Keçmiş deputat Dünyamin Xəlilov ötən il 13 il həbs cəzası almışdı. Keçmiş deputat mənimsəmə, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları üzrə mühakimə olunub. Beynəlxalq Bankın səhmdarı olan keçmiş deputatın C.Hacıyevin qohumu olduğu bildirilir. O da ittihamı qəbul etmirdi. Azad Cavadov isə 2016-cı ilə Cahangir Hacıyevlə bərabər mühakimə olunmuş, barəsində 10 il 11 ay azadlıqdan məhrumetmə cəzası çıxarılmışdı. 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR