İnsanlara hürriyət, millətlərə istiqlal!

Diqqət mərkəzində olan Şərqi Zəngəzur- Gələcək hədəflər nədir?  

892 20.10.2022 17:47 İqtisadiyyat A A

 

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayılda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

İnşa olunacaq Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanacaq. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək.

“Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Hadrut” qovşaq yarımstansiyası arasında əlaqələndirmə xətləri çəkilməklə dairəvi təchizat sxemi yaradılacaq. Eyni zamanda, “Qubadlı şəhər” 35/0,4 kilovoltluq yarımstansiyanı Mərkəzlə birləşdirəcək ikidövrəli kabel xəttinin çəkilməsi Cəbrayıl və Qubadlı şəhərlərinin qarşılıqlı enerji mübadiləsinə imkan verəcək.

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malik olacaq.

Xatırladaq ki, Şərqi Zəngəzur (keçmiş adı Dağlıq Qarabağ) Azərbaycan SSR-nin ən qabaqcıl iqtisadi rayonlarından biri idi. Regionda o zamanın tələblərinə uyğun olan geniş enerji infrastrukturu yaradılmışdı.  Lakin Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bu infrastruktur da əsasən dağıdılıb və ya talan olunub. Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olub.

İşğal altında olan torpaqlarımız tam azad edildikdən sonra dağıdılmış və talan edilmiş infrastruktur daha dəqiq qiymətləndiriləcək.

Millət vəkili Vahid Əhmədov Musavat.com-a bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə iki il ərzində xeyli iş görülüb: “Xüsusilə, infrastruktur layihələri-yol, işıq və s. məsələlər əksər rayonlarda yüksək səviyyədə icra olunur. Şuşada elektrik enerjisi təminatı üçün çalışan əməkdaşlar demək olar ki, fədakarlıq ediblər. Qış aylarında ağır şəraitdə çətin keçilən yerlərdən işıq naqilləri çəkiblər. Ümumiyyətlə, Qarabağa diqqət böyükdür. Hazırda Şərqi Zəngəzur diqqət mərkəzindədir. Prezident mütəmadi səfərlər edir. Hər bir rayonun planı hazırdır, o plana uyğun işlər həyata keçirilir. Ağalı kəndi  faktiki olaraq şəhərə bənzəyir. İşlər kifayət qədər sürətlə gedir. Bu gün də Zəngilan Hava Limanının açılışı bir daha onu göstərdi ki, işlər kompleks şəkildə görülür. Bütün işlər dövlət başçısının birbaşa nəzarəti altındadır. Həm təhlükəsizlik, həm strateji baxımdan, həm də digər məsələlərdə ərazinin Azərbaycanın ixtiyarında olması üçün hər məsələ diqqətdə saxlanır. Rəqəmsal İdarəetmə Mərkəzinin təməlinin qoyulması göstərdi ki, bu sahəyə də diqqət göstərilir”.

İqtisadçı ekspert  Vüsalə Əhmədova Musavat.com-a bildirdi ki, prezident bir müsahibəsində 2021-ci ilin sonuna qədər azad edilmiş ərazilərdə bütün elektrik enerjisi infrastrukturunun qurulmasının yekunlaşacağını bildirmişdi: “İşğaldan azad olunmuş ərazilərin enerji təminatı yenidənqurma və bərpa işlərinin tərkib hissəsidir. İzolyasiyalı və mühafizə olunan elektrik kabellərinin istifadə olunması da təhlükəsizliyin tam təmin olunacağından xəbər verir. Ümumiyyətlə, ərazinin iqtisadi inkişafı üçün ilkin məsələ enerji təhlükəsizliyinin təmin olunmasıdır. Hər hansı iqtisadi layihələrə başlamazdan əvvəl ərazinin enerji təhlükəsizliyi tam təmin olunmalıdır. Milli təhlükəsizliyin əsas elementlərindən biri sayılan enerji təhlükəsizliyi təkcə iqtisadi deyil, həm də siyasi ölçüsü ilə qiymətləndirilməlidir. Müasir dünyada insanların və dövlətlərin varlığını davam etdirməsini təmin edən əsas ünsürlərdən biri enerji təhlükəsizliyidir. Bu gün baxdığımız zaman enerji təhlükəsizliyi ölkələrin siyasi, hərbi, iqtisadi, sosial və ekoloji inkişafına birbaşa təsir göstərir. Dövlətlər öz milli maraqlarını həyata keçirmək üçün güclü olmaq məcburiyyətindədirlər. Enerji resursları üzərində hökmranlıq bu gücə çatmaqda ən mühüm addımdır. Bu çərçivədə həm enerji təminatı, həm də inkişaf edən və güclənən ordu ilə əldə edilən hərbi üstünlük müharibə şəraitində olan bir ölkə üçün əsas amillərdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR