İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəyişməyən Yerin dəyişən iqlimi – O səbəbdən dünya ölkələri Bakıda toplanacaq

900 16.12.2023 18:48 Dünya A A

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il ölkəmizdə keçiriləcək. Bir neçə gün bundan əvvəl beynəlxalq konfransın Azərbaycanda, paytaxt Bakıda keçirilməsinə dair qərar qəbul olunub.

Nüfuzlu, qlobal xarakterli tədbirin Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul edib. Bu qərar beynəlxalq miqyasda həssas dönəmdən keçən Azərbaycan üçün növbəti dəfə etimad və hörmət deməkdir.

Bildiyimiz kimi, bu ilin sentyabrında Xankəndi ətrafında baş tutan lokal antierror əməliyyatından sonra ermənilər və onların havadarları (əsasən də Fransa) Azərbaycana qarşı böyük antitəbliğat kampaniyasına strat vermişdilər, əlləri çatan bütün beynəlxalq tədbirlərdə, müxtəlif ölkələrin media qurumlarında haray-həşir salır, Azərbaycana qarşı sanksiya tətbiq olunmasına nail olmaq, ölkəmizi təcrid vəziyyətinə salmağa çalışırdılar. Elə qələmə verilirdi ki, Azərbaycan dövlətinin öz ərazisində keçirdiyi 23 saatlıq antiteror əməliyyatı deportasiya səciyyəsi daşıyan hərbi aqressiyadır. Ancaq keçirilən əməliyyatın xarakteri, ondan sonrakı günlərdə baş verən hadisələrin təfərrüatı açıqlandıqca, Azərbaycanın xeyrinə olan detallar üzə çıxdı və dünya dövlətləri şahid oldular ki, bu ölkə beynəlxalq hüquqa, bəşəri dəyərlərə ziddi olan heç bir addım atmayıb.

Ona görə də senytabrdan sonrakı aylarda dünyanın müxtəlif yerlərində keçirilən cürbəcür beynəlxalq tədbirlərə Azərbaycanın nümayəndələri məmnuniyyətlə dəvət olundular, bizimkilər həmin tədbirlərdə alnı açıq, üzüağ şəkildə iştirak etdilər. Heç kim nə onlara qarşı boykota çağırış etdi, nə də xoşagəlməz suallar verdilər. Eləcə də həmin hadisələrdən sonra ölkəmizdə keçirilən beynəlxalq miqyaslı tədbirlərə başqa ölkələrin təmsilçiləri həvəslə qatıldılar.

Beləcə, ermənilərin qaldırdıqları hay-küyün heç bir xeyri olmadı, ölkəmiz dünya birliyinin sayğın üzvlərindən biri kimi qaldı.

BMT-nin iqlim sammitinin gələn il Bakıda keçirilməsi barədə qərar qəbul edilməsi isə onun göstəricisidir ki, ölkəmizə qarşı aparılan bütün qara təbliğat iflasa uğrayıb.

Ümumiyyətlə, illərdir ki, Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmizin artıq bu istiqamətdə yetərli təcrübəsi var. İndiyədək yüzlərlə bu cür tədbirə ev sahibliyi etmiş ölkəmiz aparılan müvafiq siyasət nəticəsində dünyada daha çox tanınıb, dünya sivilizasiyasının içində olduğunu, ucqar ada dövləti, “banan ölkəsi” olmadığını sübut edib.

Hər bir beynəlxalq tədbir Azərbaycana dost qazandırır, onu tanıdır, ölkənin reklamı üçün əvəzsiz rol oynayır, turizm sektoruna böyük töhfə verir.

Təsəvvür edin ki, Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən 3 min qonaq gəlmişdisə, COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. Yəni iqlim sammiti bu vaxta qədər keçirilmiş tədbirlərdən qat-qat artıq qələbəlik və izdihamla müşayiət olunacaq.
Verilən məlumata görə, iki həftə boyunca davam edən sessiyada dünya dövlətlərin çoxunun rəhbərləri iştirak edəcək və obrazlı desək, Bakı dünyanın mərkəzi olacaq.

Bu baxımdan iqlim sammitinin gələn il paytaxtımızda keçirilməsi barədə qəbul edilən qərar önəmli hadisədir.

Üstəlik, Azərbaycanın bu mövzuda deməyə sözü var. İqlim dəyişikliyi dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanın həyatına da təsir edib. Məsələn, bir çox ölkələrdə olduğu kimi ölkəmizdə də yayda quraqlıq dönəmi uzun çəkir, yağış mövsümündə isə normadan artıq atmosfer çöküntüsü düşür, dağıdıcı sellər yaranır, daşqınlar aqrar sektora, mənzil təsərrüfatına böyük ziyan vurur. Üstəlik, Xəzərin suyunun çəkilməsi, dənizin dayazlaşması da qlobal problemlərdən biridir və bu, ilk növbədə iqlim dəyişikliyi ilə bağlıdır.

Başqa sözlə, gələn il baş tutacaq sammitin iştirakçılarının gözləri ilə görməyə çox şeylər var – dənizdə əmələ gəlmiş adalardan, böyümüş yaramadalara qədər.

Ümid edək ki, Azərbaycan dövləti dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan, ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından geri qalmayan COP29 beynəlxalq konfransını nümunəvi şəkildə təşkil edəcək. Konfrans özü isə iqlim dəyişikliyi müstəvisindəki problemlərin həlli üçün faydalı nəticələr verəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR