İnsanlara hürriyət, millətlərə istiqlal!

"Deyirdi, ona görə deputat oldum ki, yaxşı pensiya alım" - Vaqif Səmədoğlunun xanımı ilə ÖZƏL MÜSAHİBƏ

2687 23.06.2026 12:24 Müsahibə A A

Musavat.com-un budəfəki həmsöhbəti mərhum Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilovadır. Uzun illərdir şairin zəngin ədəbi irsinin yaşadılması, əsərlərinin qorunması və nəşrə hazırlanması ilə məşğul olan Nüşabə xanım bu missiyanı sadəcə vəfa borcu deyil, həm də mənəvi məsuliyyət kimi qəbul edir.

Söhbət zamanı o, böyük sevgi və kövrək duyğularla Vaqif Səmədoğlu ilə keçən illərə qayıtdı, onun insan və şair-dramaturq kimi yaddaşlarda qalan cizgilərindən danışdı. Nüşabə xanım həm şairin yaradıcılığına, həm də şəxsi həyatına dair maraqlı xatirələrini bölüşərək, oxucuları Vaqifli günlərin işıqlı və nisgilli dünyasına apardı.

Nüşabə xanımla söhbətimizə Vaqif bəylə ilk tanışlıq illərindən danışmaqla başladıq:

- Bizi tanış etdilər və müəyyən müddətdən sonra evləndik.

- Deyəsən o vaxtlar bir az kaprizli olmusunuz.

- Mən kaprizimi ancaq evdə göstərmişəm. Amma böyüdükcə, yaşa dolduqca, həyatı daha yaxından tanıdıqca öz eqomu bir qədər geri atmışam. Vaqiflə tanış olanda artıq anladım ki, şıltaqlıq dövrü keçdi. Biz 25 il evlilik həyatı yaşadıq.

Əgər insan sənə əziz və doğmadırsa, illərin fərqi yoxdur. Əgər ürəyində məhəbbət varsa, o səni ömür boyu aparacaq. Xoşbəxtsən ki, sənə lazım olan və ya varlığına ehtiyac duyan insanla bir yerdəsən. Çünki heç nə əbədi deyil, saniyə ərzində hər şey itir, gedir. Həyatın qiymətini bilmək istəyirsənsə, yəqin ki, onun aniliyini anlamalısan.

Onsuz da əvvəl-axır hamı ayrılır. Heç kim ömürlük bir yerdə o dünyaya getmir. Hər bir görüşün bir sonu var. Vaqif müəllim demişkən, yer üzündəki bütün ayrılıqlar salam sözü ilə başlayır. Mənə isə elə gəlir ki, ümumiyyətlə, dünyada ayrılıqlar görüşlərdən daha çoxdur.

Vaqif.jpg (215 KB)


- İlk vaxtlar Vaqif bəy ən çox hansı xüsusiyyəti ilə diqqətinizi cəlb etmişdi?

- Mən çox danışan kişiləri sevmirəm. Vaqif isə az danışırdı və onun çox yüksək yumor hissi var idi. Mənim üçün bu, əsas meyardır. Maraqlı danışırdı və bir xüsusiyyəti də var idi, ləhcələrdə gözəl təqlid edirdi. Özü də deyirdi ki, ondan yaxşı aktyor olar. Bir sözlə, maraqlı insan idi. Daxilən bir yerdə qərar tutmurdu, darıxan idi. Onun üçün zamanında bir yerdə uzun müddət işləmək maraqsız olurdu.

- Vaqif bəydən sonra neçə xatirə kitabını çap etdirdiniz?

- Ondan sonra xeyli kitabı işıq üzü gördü. Mən onun çap olunmayan bir çox şeirlərini, pritçalarını, uşaqlar üçün poemasını çap etdirdim, bundan əlavə, fransız, polyak, serb dillərində kitablarını nəşr etdirdim. Eyni zamanda ötən il onun Türkiyədə dərc olunmuş şeirlər kitabı bəzi əlavələrlə yenidən çap edildi.

Vaqif həm də fotoqraf idi. Ötən il onun foto və deyimlərindən ibarət kitabı 3 dildə çıxdı. Ümumiyyətlə, Vaqif Azərbaycana sığmayan bir şair və şəxsiyyət idi. Təəssüf ki, qiymətini çox gec tapdı.

xavər.jpg (50 KB)


- Sağlığında Vaqif bəyə niyə mane olurdular?

- 1968-1972-ci illərdə onun iki kiçik şeirlər kitabı çox çətinliklə və qısaldılmış şəkildə məhdud tirajla çap olunub. Şeirləri forma, obraz və mövzu cəhətdən sovet ideologiyasına uyğun gəlmədiyi üçün çox böyük hücumlara məruz qalıb. Heç bir redaktorun da onun yazdıqlarına əl gəzdirməsi ilə barışa bilməzdi, bu, onun xasiyyətinə də uyğun deyildi. Ona görə də gənc ikən öz poetik dünyasına sadiq qalaraq yaza-yaza susmağı seçdi. O, çap olunmamaqla sovet senzurasının təzyiqlərindən özünü qoruya bildi və fikir azadlığını da saxlaya bilmişdi. Ancaq Azərbaycan müstəqillik qazanandan sonra Vaqifin ilk böyük kitabı - “Mən burdayam, İlahi” 1996-cı ildə işıq üzü gördü. Məlum oldu ki, Vaqif Səmədoğlu müstəqillik dövrünün ilk böyük şairi imiş.

- Onun qeydlərini apardığı gündəliklər var idi. Onlar necə oldu?

- Həmin gündəliklər hələ də durur. Bəzi redaktələr edib, çap etdirmək fikrindəyəm.

151940.jpg (58 KB)


- O qeydləri sağlığında oxumağa başladınız?

- Yox canım, ağ eləməyin (gülür). Onun sağlığında oxumurdum. Bu, indiki qadınların ərlərinin telefonunu yoxlamasına bənzəyərdi. Əslində o özü də gündəlikləri gizlətməyib.

- Vaqif bəyin sevgiyə aid şeirlərini oxuyarkən içinizdə sual yaradan məqamlara rast gəlirsinizmi?

- Yeni evlənəndə sevgiyə aid şeirlərini çap etməyə başladıqda soruşurdum ki, onları kiməsə yazıbmı? O da deyirdi, “Başlandı” (gülür). Mən isə deyirdim, yox, elə-belə soruşuram. Axırda dedi, “Birdəfəlik bil, şair məhəbbət şeiri yazanda özünü yazır. Mənim həyatımda şeir həsr etdiyim konkret qadın sənsən, sakit oldun?” Dedim, əlbəttə, sakitəm, mən elə də bilirdim (gülür).

1608200147240_2qUjejg8.gif (122 KB)


- Sizə ünvanlanmış neçə şeir yazıb?

- Saymamışam. Bu gün gündəliklərini çap etdikcə yeni nələrsə qarşıma çıxır. Məsələn, “Sevgilim, gəl tut əlimdən, bu dar dünyadan birgə keçək”.

- Eşitmişəm, digər yazıçılar bu məsələdə ona yüngülcə etiraz edirmişlər ki, evdə həyat yoldaşları narazılıq edir.

- Bəli, Vaqif müəllim də onların etirazına cavab olaraq bildirirdi ki, siz də gedib həyat yoldaşlarınıza şeir yazın.

- Xavər xanımla münasibətləriniz necə idi?

- Mən Xavər xanımı çox istəyirdim. Çox gözəl münasibətimiz var idi. O, Vaqifi çox istəyirdi. Ən sevdiyi övlad idi. Biz evlənənə kimi Vaqif anası ilə 16 il birgə yaşamışdı. Ümumiyyətlə, ana həyatı gətirməyən övladı daha çox istəyir. Övlad həyatda uğur qazananda onunla fəxr edirsən, ancaq həyatı hər cəhətdən gətirməyəndə isə valideyn daha çox narahat olur. Qadınlar möhkəm olur, kişilər isə tez sınır. İnsan sına-sına qalxır, özündə güc tapır. Şükürlər olsun ki, Vaqif bütün çətinliklərə rəğmən, o qələbəni qazana bildi.

Anası hərdən bildirirdi ki, deyirlər, qazaxlı kişilər çox üzüyumşaq olur. Vaqif də mənə baxırdı və ləzgi ləhcəsi ilə deyirdi, “Nuşa, mənim ana tərəfim Dağıstan”. Deyirdim, başa düşdüm (gülür).

1769590216_1.jpg (21 KB)

- Vaqif bəyin birinci nikahından iki qızı var idi?

- Bəli. Mənim qızıma da öz soyadını vermişdi. Bir sözlə, 3 qız atası idi. Hər yerdə fəxrlə deyirdi ki, mən 3 qız atasıyam.

Necə ata idi?

- Çox gözəl, qayğıkeş ata və baba idi. Ümumiyyətlə, qurduğumuz ailədən Vaqif yaşamaq gücü alırdı. Ailə DNK deyil, ruh yaxınlığıdır. Ailə səni çətinliklərin içində seçən və yanında olandır. Dəhşət ondadır ki, elə ailələr var ki, illərlə bir yerdə yaşayırlar, amma sonda məlum olur ki, onlar ürəklərində öz seçimlərini etməyiblər və daima axtarışdadırlar. Bu, insan faciəsidir.

- Adətən yazıçılar iş masalarına qarşı həssas olurlar. Bu mənada ona yaxın durmağa, təmizləməyə imkan verirdi?

- Vaqif çox səliqəli adam idi. Anası ilə birgə yaşadığı müddətdə Xavər xanım yaşlananda çox vaxt təmizlik işlərini Vaqif edirdi. Evin tozunu alanda istirahət etdiyini deyirdi. Onun müxtəlif növ əşyaları var idi, onların tozunu da özü alırdı. Sonra da deyirdi ki, mənim otağım sizinkilərdən təmizdir. Deyirdim, əlbəttə (gülür). Tərifi sevirdi.

O, bağa, yaşıllığa vurğun adam idi. Öz şeirlərində də onun təbiətə sevgisi sezilir. Ağacların, təbiətin qorunmaması onun ağrılı yeri idi.

Vaqif həm də ov adamı idi. Biz evlənəndən sonra bir-iki dəfə ova da getmişdi. O deyirdi ki, yazıçı, şair üçün mövzu problem olmamalıdır. Ətrafımız, hər şey yazmaq üçün mövzudur.

- Günün hansı hissəsi yazırdı?

- Əsl şeirlər ümumiyyətlə, gecə yazılır. Şair gecə ilə təkbətək qalır. Vaqif də gecə yazırdı. Allahı ilə danışırdı, onunla dərdləşirdi. Dram əsərlərini isə gündüz yazırdı.

185441.jpg (49 KB)


- Məzarının üzərindəki misraları 24 yaşında yazıb. İnsan bu yaşda ölümü necə düşünə bilər?

- Vaqif həmişə ölümü düşünüb və heç vaxt qorxmayıb. Deyirdi ki, həyat və ölüm arasında sənə ömür verilir. Sən o ömrü nələrləsə doldurmalısan. Baxmayaraq ki, ölümdən yazırdı, həyat sevgisi ilə dolu insan idi.

- Sizə necə müraciət edirdi?

- “Nuşa” deyirdi. Haqqımda isə “sevgilim” yazırdı. Kitabı çıxanda mütləq birinci nüsxəni mənə verirdi, öz minnətdarlığını bildirirdi və “sevgilim” deyirdi.

- 2022-ci ilə qədər Səməd Vurğun Muzeyinə rəhbərlik etdiniz. Daha sonra isə Vaqif Səmədoğlu Mərkəzini təsis etdiniz. Mərkəzin binası var?

- Əfsuslar olsun ki, yoxdur. Əlbəttə, gözəl olardı. Mərkəzin adından vaxtı ilə tanınmış yazıçılara, elə ilk olaraq yazıçı Anara və digər mədəniyyət adamlarına Vaqif Səmədoğlu medalını vermişik.

resizer.jpg (41 KB)


- Foto çəkərkən daha çox nələrə üstünlük verirdi?

- Vaqifin 9 yaşı olanda atası ona “komsomolets” fotoaparatı alıb. İndi Səməd Vurğun Muzeyindədir. Mənim üçün əsas Vaqiflə Yusifin ekspozisiyasını yaratmaq idi. Sonra Xavər xanımla Aybəniz xanımın guşələrini yaratdım. Eyni zamanda Qazaxda poeziya evində də bir çox yeniliklər etdim.

Vaqifin fotoları çox olub. Həyatında baş verən dəyişikliklər, köçmələr nəticəsində onların bir qismi itib. Deyirdi, çox böyük arxivi olub. Biz evlənəndən sonra yenidən fotoqraflıq etdi, pianoda ifa etməyə başladı. Bəzən pianoda 3-4 saat ifa edirdi. Klassikaya üstünlük verirdi. Daha sonralar o, elektropiano almışdı.

- Siz də şeir yazmısınız?

- Olub, yazmışam. Vaqif deyirdi, “mən yazdım nə oldu, sən yazıb nə olacaqsan”. Əsərlərinin zamanında çap olunmaması ona təsir etmişdi, yeri hələ də göynəyirdi. O dedikləri də onun əks-sədası idi. Ümumiyyətlə, həyatı çox sevirdi. Deyirdi, xəstələnəndən sonra həyatı daha çox sevir. 75 illiyini qeyd edəndən sonra sanki ona güc, qüvvə gəldi. Əfsuslar olsun ki, bu, amansız xəstəliyin bir üzü idi. Hər şey dəyişdi və daha da pisləşdi.

- Deyirlər, ömrün ikinci baharı daha uğurlu olur.

- Yəqin ki, elədir. Həyatın mənası zamanla dəyişə də bilir. 20-30 il bundan əvvəl mən hansısa suallara başqa cür cavab verərdim. Mühit və zamanla həyata baxışın, məna dəyişir. Bu dünyanın bir qanunu var, o da məhəbbətdir. Mən o məhəbbəti deyirəm ki, o sənə nəfəs, yaşamaq enerjisi verir. Şükürlər olsun ki, biz bunu yaşadıq. Mən Vaqif müəllimlə xatirələrimi 2021-ci ildə çap olunan “Mən sənin yuxunam” kitabında vermişəm.

vaqif-semedogluu (1).jpg (39 KB)

- Yusif Səmədoğlu ilə münasibətləri necə idi?

- Qardaşını çox istəyirdi. Aralarında 4 yaş fərq var idi, hörmətlə yanaşırdı. Xüsusilə xəstələnəndə Yusif bəy tez-tez onun yuxularına girirdi.

- Millət vəkili də olmuşdu Vaqif bəy. Necə deputat idi?

- Biz evləndikdən sonra deputat seçildi. Qeydlərində yazırdı ki, ikinci dəfə deputat olmaq istəmir. Çünki çox yorulurdu. Gündəliyində yazırdı: “Bəlkə ikinci ili olmayım?” Sonra cavab verirdi: “Yox, mən kömək etdiyim adamlara lazımam”. Vaqifdə vətəndaşlıq, xeyirxahlıq hissi çox güclü idi. Onu da deyirdi, ona görə deputat oldum ki, yaxşı pensiya alım. Zarafat etsə də, burada ciddilik daha çox idi.

vaqif_semedoglu.jpg (55 KB)


- Onun ən çox işlətdiyi hansı sözlər indi də qulağınızdadır?

- Çox olub. Hamısını sizə deyə bilmərəm axı...

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR