İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərslərin sentyabrın 1-də başlaması məsələsi yenə gündəm oldu - nazirin təklifi dəstək alacaqmı?

1178 02.08.2022 10:20 Təhsil A A

“Hamının bizə nümunə göstərdiyi Sinqapur modelində təhsil həftələrinin sayı 44 həftədir. Bizdə isə bu rəqəm 36 həftədir. Bu həftələrin sayının çoxaldılması yaxşı olardı”.

Bu sözləri təhsil naziri Emin Əmrullayev deyib. O, dərslərin sentyabrın 1-dən başlaması ilə bağlı təkliflərə münasibət bildirib: “Təhsil almaqla bağlı saatların sayının artırılmasının insan sağlamlığına zərər vuracağı ilə bağlı cəmiyyətdə miflər mövcuddur. Kompüter qarşısında çox oturanda xəstəlik tutursan və sairə. Belə valideynlər həmişə olub. İstəyir ki, uşaq dincəlsin. Bu gün çox dincələn uşaqların gələcəkdə problemləri olacağını düşünürəm. İstərdik ki, təhsilin müddətini artırmağa cəmiyyət dəstək olsun. Bu, arzuolunandır.

Məsələn, dərslər sentyabrın 1-i başlasın və iyunun 30-da bitsin. İnanmıram ki, biz ayın əvvəli başlasaq, təhsilimizin keyfiyyətində əhəmiyyətli dəyişikliklər olacaq. Uşaq təhsilə nə qədər çox zaman sərf edirsə, bu təbii ki, daha yaxşıdır".

Təhsil nazirinin bu açılqlaması valideynlər tərəfindən birmənalı qarşılanmayıb. Bizimlə söhbətdə iki övladı məktəbdə oxuyan Firuzə Qəmbərova dərslərin iyunun 30-dək uzadılması təklifinə narazılığını bildirib: “Dərslərin sentyabrdan başlaması yaxşı olardı. Amma iyunun 30-dan uzadılması çox pis olar. Mənim iki uşağım aşağı sinifdə oxuyur, iyunun 14-dək getdik, uşaqlar istidə halsız vəziyyətdə. Onsuz da iyunda əksər valideyn uşaqları məktəbə aparmırdı. Sinifdə bir-iki uşaq olar-olmazdı. Həm də dərsliklər də bitmişdi. Bütün proqramı demək olar ki, mayın sonunadək bitmişdi. Bunu yalandan uzatmağın nə mənası var, anlamıram. Həm də uşaqlar istidə oxumaq istəmirlər. Yay gələn kimi həyətdə oynamaq istəyirlər. Onların dərsə marağı qalmır”.

Digər valideyn Aytac Əliyeva da dərslərin iyunun 30-dək uzadılmasına qarşı çıxıb: “Uşaqlar ilin sonunda yorğun, tükənmiş olur. İki uşağım günorta növbəsində oxuyur, əziyyət çəkirik. Nə qədər məcbur etsən də, uşaqlar yayda dərsləri yaxşı qavraya bilmirlər. Həm də iyunun elə əvvəlində proqram bitmiş olur, oxumağa nə isə də qalmır”.

Fazil Mustafa - Bioqrafiya.com

Fazil Mustafa: “Dərslərin sentyabrın 1-də başlayıb, mayın 31-də bitməsi dəstəklənməlidir”

Dərslərin başlamasının yenidən sentyabrın 1-nə keçirilməsinin tərəfdarlarından biri deputat Fazil Mustafadır. Ancaq o, 30 iyunadək davam etməsini deməmişdi.

Nazirin bu açıqlaması ilə bağlı deputat Fazil Musatafa “Yeni Müsavat”a belə şərh verdi: “Bu məsələ ilə bağlı bizim tərəfimizdən dəfələrlə məsələ qaldırılıb. 10 il öncə də, 5 il öncə də. Hətta ötən sessiyada ayrıca çıxışımda qeyd etdim. Sonra sosial şəbəkə üzərindən kampaniya da apardım. Mən tam məsuliyyətlə deyirəm ki, Azərbaycanda dərslərin sentyabrın 15-də başlaması ən mənasız qərarlardan biridir. Heç bir məntiqi əsası, izahı yoxdur. Əgər bu gün Təhsil Nazirliyi təkliflə çıxış edirsə, əminəm ki, əksəriyyət bunu dəstəkləyəcək. Kim istəyir ki, normal təhsil müddəti başlasın, dünya təhsili ilə uyğunlaşdırılsın, bu addıma gedilməlidir. Dərslər sentyabrın 1-də başlamalıdır. Bundan sonra proqram tərtib olunanda əgər əlavə dərs yükündən söhbət gedirsə, bunu boş, mənasız tətillər vaxtında, bayramların çox olduğu vaxtda istifadə edə bilərik. Yaxşı olar ki, dərs ili mayın 31-da yekunlaşsın. Dərs ilini iyun ayına kimi uzatmaq düzgün olmaz, həm müəllimlər, həm də şagirdlər tükənmiş olur. Könüllü əsaslarla müəyyən kateqoriya şagirdlər və tələbələr üçün uzadılması nəzərdə tutula bilər. Faktiki olaraq ali məktəblərdə iyun imtahan ayıdır, tədris iyunun axırına qədər uzanır. Belə bir vəziyyətdə daha yaxşı nəticə əldə etmək olar. Belə bir qərar olarsa, dəstəkləyərəm bunu. Düşünürəm ki, cəmiyyətin də əksər hissəsi bunu dəstəkləyəcək. Bu qərarı dərhal qəbul etmək lazımdır ki, vaxt itkisinə yol verilməsin. Avqust ayında insanlar artıq növbəti ayın hazırlığını edə bilsin”.

Elçin Əfəndi: “İmtahanlar tədris ili başa çatdıqdan sonra keçirilə bilər”

Elçin Əfəndi: “Dərs ilinin uzadılmasındansa, təhsilin keyfiyyətinə önəm verməliyik”

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a dedi: “Azərbaycanda hazırda tədris ili sentyabrın 15-dən başlanır. Əvvəlki dövrlə müqayisə etsək, sentyabr ayının 1-də başlanırdı. Fikrimcə, dərs ilinin uzadılması onun keyfiyyətinə təsir edən amil deyil. İyun ayının 14-ü dərslər bitir, ondan sonra da yay məktəbləri təşkil olunur. Yay məktəblərinin müsbət təzahürünü görmürük, istər imtahan nəticələrində, istərsə də summativ qiymətləndirilmədə. Təhsil vaxtının uzadılmasındansa, təhsilin keyfiyyətinə önəm verməliyik. Ola bilsin ki, bizdə 30 həftəlik təhsil müddəti olsun, amma təhsilin keyfiyyəti o qədər yüksəkdir ki, o, təhsil alanlara kifayət edir.  Məsələn, Yaponiya - ən uzunmüddətli təhsil oradadır. Amma Yaponiyanın inkişafı da həddən artıq yüksəkdir. Onların təhsilinin yüksək səviyyədə olması təhsil müddətinin uzun olması ilə bağlı deyil. Orada əhalinin təhsil almağa maraqlı olması, bizim insanlarla müqayisə etsək, onlar daha çox öyrənməyə, müvafiq dillərin tətbiqinə üstünlük verirlər. Orada məktəblər müasir standartlara cavab verir. Bizdə regionlara məktəblər var ki, uçuq-sökük vəziyyətdədir. Belə bir şəraitdə uşaqları məktəbdə istidə necə saxlaya bilərik ki, dərs vaxtı artırılıb.

Bu mümkün deyil. Birinci infrastrukturu inkişaf etdirməliyik, təhsilin keyfiyyətini artırmalıyıq. Təhsil verənlər-müəllimlərin sertifikasiyasına başlanacaq. Bu gün Azərbaycanda müəllimlər təhsil alanlara mövcud təhsil standartlarını çatdıra bilirlərmi?! Müəyyən hissə ”bəli" deyəcək, qalan hissə “xeyr”. Kurikulum sistemi ilə köhnə SSRİ sisteminin sintez olunmuş təhsil sistemi təqdim olunur, eləcə də dərsliklər ideal deyil, dərs vəsaitlərinin mütləq qaydada təkmilləşdirilməsinə ehtiyac var. Tədris proqramı ideal deyil. Məsələn, Azərbaycan tarixinə az yer verilir. Bunların hamısı düzəldilməlidir, əgər effekt verməzsə, o zaman təhsilin müddətinin artırılmasına fikir bildirə bilərlər. Fikrimcə, dərslər sentyabrın 1-də başlamalı, mayın 31-də bitməlidir. Ən doğru tədris dövrü bu dövrdür. İstənilən halda tədris ilinin sonuna çatanda həm müəllimlər, həm də şagirdlər onlarda yorğunluq səbəbindən` dərsə qarşı maraq azalır. Çünki bizdə artıq o təfəkkür formalaşıb ki, iyun, iyul, avqust ayları konkret yay istirahət dövrüdür. İnsanlar psixoloji olaraq qəbul ediblər ki, biz bu dövrü istirahət etməliyik".  

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR