İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlar parlamentdə son istək və təklifləri səsləndirdilər

1023 29.06.2024 10:21 Ölkə A A

Sonuncu iclasda bir sıra mühüm qanunlar qəbul olundu

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası dünən, iyunun 28-də, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi.

Deputat Vahid Əhmədov cari məsələlərə ayrılan vaxt ərzində çıxış edərkən diqqəti son günlər baş verən təbii fəlakətlərin ortaya çıxartdığı fəsadlara yönəltdi. Bildirdi ki, ötən günlərdə Azərbaycan ərazisində  baş verən təbii fəlakət ölkə ərazisində əhaliyə ciddi problemlər yaradıb. V.Əhmədov bildirdi ki, bu hadisələr zamanı dövlət qurumlarının üzərinə böyük yük düşür. Deputat qeyd etdi ki, FHN və yerli icra hakimiyyəti orqanları tərəfindən yerlərə baxış keçirilməsinə, dağılmış yollar və körpülərin bərpası istiqamətində atılmış addımlara baxmayaraq, bir sıra problemlər qalmaqdadır. Millət vəkili bu mənada diqqəti sığorta məsələlərinə yönəltdi. Bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyi fermerləri əkin sahələrini sığorta etdirməyə təşviq etməli və maarifləndirmə işlərini genişləndirməlidir. V.Əhmədov qeyd etdi ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlərin ardınca daha ciddi qərarın qəbuluna zərurət var. Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabineti xüsusi qərar qəbul etməli və əhaliyə yardımla bağlı müəyyən tədbirlər görülməlidir.  

Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Milli Məclisin iclasındakı çıxışında əvvəlcə ölkə prezidenti tərəfindən Milli Qəhrəman adı verilmiş şəhid Natiq Qasımovun anasına Prezident təqaüdünün verilməsinə diqqət çəkdi və bu addımı yüksək qiymətləndirdi. Bildirdi ki, hətta illər keçsə belə, Vətən qarşısında xidmətləri olmuş şəxslər unudulmur.

F.Mustafa daha sonra təhsildəki vəziyyətdən bəhs etdi. Bildirdi ki, bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da təhsil səfərbərliyinə başlamaq lazımdır.

F.Mustafa müəllimlərin sertifikasiyasından sonra əməkhaqqı artımına da yenidən baxılmasını zəruri saydı. Bildirdi ki, 30-a qədər bal toplayanlarla 50-dən yuxarı bal toplayanların eyni şkala üzrə qiymətləndirilməsinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, 30-la 50 arasında böyük məsafə var. 40-dan 50-dək bal toplayanlara əlavə artımlar verilməlidir. Biz təhsil səfərbərliyinə başlamalıyıq və ciddi dəyişikliklər etməliyik.

Sabir Rüstəmxanlı çıxışında bildirdi ki, parlament ötən iclaslarında ölkə vətəndaşları üçün vacib olan saysız-hesabsız vacib məsələləri müzakirə edərək qərarlar və qanunla qəbul edib. Xalq şairi qarşıdakı seçkilərdə deputat həmkarlarına uğurlar arzuladı: “Arzu edirəm ki, növbəti parlament də bu ənənələri davam etdirsin. Biz böyük qələbələrə sevindik. Yeni tərkib daha böyük qələbələrə sevinsinlər”.

Akademik İsa Həbibbəyli də 6-cı çağırış Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirdi.

“Bu gün 6-cı çağırış Milli Məclisin son iclasıdır. Bizim bütün tənqidlərimizə baxmayaraq hesab edirəm ki, 6-cı çağırış xalqımız üçün çox uğurlu və düşərli olub. Torpaqlarımızı işğaldan azad eləmişik, erməni vandalları tərəfindən dağıdılmış Qarabağ bərpa olunur, qaçqınlarımız öz yurd-yuvalarına dönür. Bundan böyük xoşbəxtlik ola bilməz”.          

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bu fikirləri söylədi. Bildirdi ki, yəqin bu günlərdə cənab Prezidentin növbədənkənar seçkilər haqqında sərəncamı olacaq: “Növbəti seçkilərə qatılmayacaq həmkarlarıma həyatlarında müvəffəqiyyətlər arzulayıram, seçkilərə qatılacaq həmkarlarıma isə seçkilərdə uğurlar diləyirəm”. 

 Müzakirələr zamanı Azərbaycanda parlamentarizm ənənələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu xüsusi qeyd edilib. Çıxışlarda habelə VI çağırış Milli Məclisin səmərəli fəaliyyətindən söhbət açılıb, ötən müddət ərzində görülən işlər təqdirəlayiq hesab edilib, parlament diplomatiyasının ölkə Prezidentinin müəyyənləşdirdiyi istiqamət üzrə uğurla davam etdirildiyi bildirilib. Millət vəkilləri VI çağırış Milli Məclisin milli maraqların qorunmasında, ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsində, qlobal miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğuladılar. Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyə 15 məsələnin daxil edildiyini bildirdi və müzakirələrə başlandı.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verdi.

Bildirildi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Saziş 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb. Fondun yaradılmasında məqsəd iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Müzakirəyə təqdim olunan Əlavə Saziş 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin əhəmiyyətindən danışaraq, onun türk dünyasında əlaqələrimizin inkişafına xidmət etdiyini, rəhbərlik etdiyi komitənin məsələyə dair müsbət rəy verdiyini söylədi.

Komitə sədri Siyavuş Novruzov məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. Diqqətə çatdırdı ki, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Saziş iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək və vergi sahəsində əməkdaşlığı gücləndirməkməqsədi daşıyır. 31 maddədən ibarət olan Saziş razılığa gələn dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə və vergitutma üsulundan asılı olmayaraq, razılığa gələn dövlət və ya onun inzibati-ərazi, dövlət və ya yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq edilir. Sazişin tətbiq edildiyi vergilərin siyahısı və şərtləri ayrıca maddədə qeyd olunur. Sazişdə müxtəlif vasitələrlə əldə edilmiş gəlir və mənfəətə münasibətdə vergilərin tətbiq edilməsi şərtləri, qarşılıqlı əlaqəli müəssisələrə dair vergitutma qaydaları açıqlanır,  dividendlərin, müxtəlif subyektlərə ödənilən faizlərin və royaltilərin vergiyə cəlb olunması prosedurlarına aydınlıq gətirilir. Bununla yanaşı, daşınmaz əmlak, müstəqil fərdi xidmətlər, muzdlu işdən əldə olunan gəlir, qonorarlar, müxtəlif peşə sahiblərinin əldə etdikləri gəlirlər, pensiyalar, dövlət qulluqçuları, tələbələr, elm işçiləri və digər kateqoriyalar üzrə vergitutma qaydaları əks olunur.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verdi. O bildirdi ki, sənəd şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzilə ehtiyacı olan şəhid ailələrinin dairəsinin genişləndirilməsi və əlçatanlığın təmin edilməsi məqsədi ilə hazırlanıb. 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Sonra Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti məsələ - “Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanunun 59-cu maddəsinə təklif olunan dəyişiklik paralimpiya sahəsində yüksək nəticə göstərmiş idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsini və paralimpiya təqaüdlərinin təsis olunmasını nəzərdə tutur. Vitse-spiker Adil Əliyev diqqətə çatdırdı ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya təqaüdləri ilə yanaşı, paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar veriləcək. Bu da ölkəmizdə paralimpiya sahəsində fəaliyyət göstərən idmançıların və idman mütəxəssislərinin sosial rifahının yüksəldilməsinə, onların maddi təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Gündəliyin sonuncu məsələsi - “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva məlumat verdi.

Müzakirədə parlamentin komitə sədrləri Fazil Mustafanın və  Siyavuş Novruzovun,  deputatlar Razi Nurullayevin və Kamran Bayramovun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edildi.

İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, həm bugünkü iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatdı. Spiker diqqətə çatdırıb ki, bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qərarı ilə hər il iyunun 30-da Beynəlxalq parlamentarizm günü qeyd edilir. Yaxşı məlumdur ki, Azərbaycan xalqı özünün zəngin parlamentarizm ənənələri ilə fəxr edə bilər.  Spiker qeyd etdi ki, ölkəmizdə müasir peşəkar parlamentin formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub: “Ümummilli Liderimiz qanunvericilik orqanına 4 ay rəhbərlik etmiş, sonrakı dövrdə isə Milli Məclisə böyük qayğı göstərmiş, parlament quruculuğu məsələlərini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndərin başladığı işləri əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib. Azərbaycanda parlamentarizmin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da rolu xüsusi qeyd edilməlidir. Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva parlamentin deputatları olduqları dövrdə Milli Məclisin peşəkarlıq səviyyəsinin yüksəlməsi naminə dəyərli işlər görüblər”. 

Spiker çıxışına yekun  vuraraq qeyd etdi ki, Milli Məclis növbədənkənar sessiyanı uğurla başa çatdırır və bununla əlaqədar o, deputatlara səmərəli iş üçün təşəkkürünü bildirdi və Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan etdi.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Məclisin növbədənkənar sessiyası başa çatdı. 

Parlamentin son iclasında habelə Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun III oxunuşda təsdiqlənib.

Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir;

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

- övladlığa götürənlər və övladlığa götürülənlər;

- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

- bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Bundan başqa, MM bir sıra yol hərəkəti qaydaları pozuntusuna, habelə parklanmaya görə cərimələri artırıb.  

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR