İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlar arasında MÜBAHİSƏ - Özlərinə sərf edəndə deyirlər ki...

3612 01.02.2023 21:06 Gündəm A A

Milli Məclisdə “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev layihəyə fərqli mövqedən yanaşıb.

“Mən əvvəllər də söyləmişdim ki, bir çox hallarda bəzi qanun layihələri hazırlanarkən Konstitusiya ciddi şəkildə öyrənilmir” - deyə deputat bildirib.

qudret-hesenquliyev-001.jpg (273 KB)

Qüdrət Həsənquliyev xatırlatma edib: “Bəzən sərf edəndə deyilir ki, bu, beynəlxalq təcrübədə var və s. Ola bilsin ki, həmin təcrübənin olduğu ölkələrdə onların konstitusiyası buna imkan verir. Məsələn, bizim ölkəmizdə Konstitusiya buna imkan vermir ki, belə bir rejim yaradaq - fövqəladə mühit rejimi. Əvvəla, bu, rejimdirsə, deməli, ümumi rejimdən fərqli qaydalar olacaq. Burada mütləq hansısa insan hüquq və azadlıqlarının məhdudlaşdırılması olacaq. İkincisi, 2-2.1-ci maddədə qeyd olunur ki, sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka, ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb ola bilən fövqəladə hallar nəticəsində yaranır. Konstitusiyanın 112-ci maddəsində isə qeyd olunur: Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və ya başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və dövlət çevrilişinə yönələn hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi və sair. Hörmətli Ziyafət Əsgərov desin ki, Konstitusiyanın 112-ci maddəsində, yaxud fövqəladə vəziyyət haqqında qanunda belə bir hal nəzərdə tutulmadığı üçün biz buna görə fövqəladə mühit rejimi yaradırıq. Fövqəladə mühit nədir? Fövqəladə vəziyyət və fövqəladə mühit sinonim sözlərdir. Mühit, vəziyyət, təhlükəsizlik mühiti, təhlükəsiz vəziyyət və s. Birincisi, bu rejim parlamentdən kənar tətbiq olunacaq. Əgər orada hansısa məhdudiyyətlər tətbiq olunmayacaqsa, o zaman bunun nə mənası var? Yəni insan hüquq və azadlıqları məhdudlaşdırılmayacaqsa, onda bu rejimin tətbiqinin mənası nədən ibarət olur?”

Deputat yenə də Konstitusiyaya istinad edib: “Konstitusiyada qeyd olunub ki, lazımdırsa, fövqəladə vəziyyət tətbiq olunmalıdır. Fövqəladə vəziyyət tətbiq olunanda şəraitdən, mühitdən asılı olaraq insan hüquq və azadlıqları məhdudlaşdırılmaya da bilər. Lazım deyil ki, mütləq məhdudlaşdırılsın. Amma bu, parlamentdən keçməlidir, parlament buna nə dərəcədə zərurətin olduğunu müəyyənləşdirməlidir. Baxıram ki, eyni məsələlərdir. Sadəcə, biz icra orqanına imkan veririk ki, fövqəladə mühit rejimi kimi bir şey etsin. Özü də burada qeyd olunur ki, fövqəladə mühit rejimi fövqəladə vəziyyət demək deyil. Onda niyə biz bunu fövqəladə vəziyyət haqqında qanunla tənzimləyirik? Elə suallar var ki, sadə məntiqlə belə bunun izahı yoxdur. Mən hesab edirəm ki, bu qanun layihəsi gündəlikdən çıxarılmalıdır. Yaxud ciddi əsaslandırılsın və bildirilsin ki, konkret hansı hallarda bu tətbiq olunacaq. Necə ki, fövqəladə vəziyyət rejimi haqqında qanunda yazılıb ki, bu, hansı hallarda tətbiq olunur. Onlar bir-bir sadalanmalıdır. Xahiş edirəm, Ziyafət müəllim onlardan heç olmasa birinin adını desin ki, bax, bu hallarda fövqəladə mühit rejimi tətbiq olunacaq. Özü də Ziyafət müəllim, rejimin ayrıca tənzimlənmə mexanizmi olmalıdır. Əgər ölkədəki mövcud ümumi rejimdən fərqli rejim tətbiq olunacaqsa, deməli, mütləq hansısa məhdudiyyətlər olacaq. Bax o fərqliliyi tətbiq ediriksə, o zaman burada ali nümayəndəli orqan kimi parlamentin də iştirakı olmalıdır”.

Bundan sonra söz alan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qaldırılan məsələlərə cavab verib və səsləndirilən iradlarla razılaşmayıb. Konkret faktlar sadalayan komitə rəhbəri qanun layihəsinə ünvanlı tənqidləri qəbul etməyib.

fbf1b4f4-4e11-31f5-a474-6071767545a5_850.jpg (66 KB)

Qüdrət Həsənquliyev yenidən söz alaraq Z.Əsgərovun cavabı ilə razılaşmayıb və “Ziyafət Əsgərov sağ olsun ki, bildiyi formada cavab verdi”, - deyə bildirib.

“Əvvəla, sosial xarakterli olmayan fövqəladə vəziyyət halı yoxdur. Elə o cəmiyyətin maraqlarına toxunur ki, biz fövqəladə vəziyyət elan edirik. İkincisi, Ziyafət müəllimin sadaladığı quş qripi, pandemiya və s. kimi məsələlərə gəlincə, 112-ci maddədə qeyd olunub ki, epidemiya zamanı fövqəladə vəziyyət elan olunur. Epidemiya da quş qripi, donuz qripi, koronavirus və sair ola bilər. Əgər o, nəzarətdən çıxırsa, epidemiya halını alırsa, bu halda fövqəladə vəziyyət tətbiq olunur. Özü də fövqəladə vəziyyət şəraitində vacib deyil ki, insan hüquq və azadlıqları mütləq məhdudlaşdırılsın. Ölkədə həqiqətən də elə hal yoxdur ki, Konstitusiyanın 112-ci maddəsində ehtiva olunmasın. Əvvəla, rejim yaradılırsa, onun tənzimlənməsi olmalıdır. Ona görə də hesab edirəm ki, buna heç bir formada ehtiyac yoxdur. Niyə biz Qazaxıstandan, Rusiyadan nümunə götürürük? Başqa vaxtlar biz özümüzü Qərbin inkişaf etmiş demokratik, hüquqi dövlətləri ilə müqayisə etmişik. Gəlin, Qərbi Avropa ölkələri ilə müqayisə aparaq. Hansı sivil, demokratik ölkədə belə bir şey var? Onsuz da icra hakimiyyətinin, hökumət orqanlarının səlahiyyəti var ki, hansısa problemlər yaransa, cənab Prezident komissiya da yarada, icra orqanlarının səlahiyyətləri çərçivəsində konkret tapşırıqlar da verə bilər. Amma yeni fövqəladə mühit rejiminin yaradılmasına ehtiyac yoxdur. Ola bilsin ki, bu, xoş niyyətlə yaradılır. Amma bu, bizim hüquq sisteminin eybəcərləşdirilməsi və Konstitusiyanın nəzərə alınmamasıdır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR