İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan SƏRT mövqe: “Onun ordusunun tör-töküntüləri hələ də Qarabağdadır”

542 09.06.2023 14:34 Siyasət A A

“Ermənistan baş nazirinin açıq şəkildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirməsindən sonra Rusiyanın müvəqqəti hərbi kontingentinin diktəsi ilə Xankəndidə uydurma parlament gecə saat 11-də yığışaraq buna qarşı çıxdı. Qərbdəkilər susdular. Cənab İlham Əliyevin Qarabağdakı separatçı ünsürlərin amnistiyası məsələsinə də baxıla biləcəyi haqda Birləşmiş Ştatların da alqışladığı açıqlaması qarşılığında özünü “prezident” adlandıran Araik Arutyunyanın diktatorlara xas hərəkətini görüb başda “Freedom House” olmaqla demokratiya carçısı, insan haqları təəssübkeşləri sayılanların hikkədən partlayacaqlarını düşünürdük. Ancaq o da olmadı”.

Musavat.com bildirir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur.

Deputat qeyd edib ki, Azərbaycan tərəfdən amnistiya haqda açıqlama səslənər-səslənməz separatçıların dəstəbaşçısı Qarabağdakı haydillilərin mitinq keçirməsinə, sosial şəbəkədə nəsə paylaşmasına qadağa qoyan, hələ bunlar azmış kimi internetdə rejim əleyhinə hər hansı bir material axtarışına görə həbs nəzərdə tutan dırnaqarası sərəncam verib: “Başqa vaxt toplaşma və söz azadlığından dəm vuranların isə heç tükləri də tərpənmir. Əksinə, yenə Azərbaycana təzyiqlər edilir. ABŞ və Avropa Birliyinin ATƏT-dəki təmsilçiləri Laçın yoluyla yüklərin azad şəkildə daşınmasının təmin olunmasından, Qarabağdakı haydillilərin hüquq və təhlükəsizliklərinin təminindən dəm vururlar. Kimdir onları təhlükəyə sürükləyən, Qarabağda qanunsuz silahlı birləşmə saxlayanlar, yoxsa Azərbaycan? Kimdir onların hüquqlarını pozan, separatçı rejim haqda internetdə hansısa mənfi materialın axtarışına görə həbs tətbiq edənlər, yoxsa Azərbaycan? Ümumiyyətlə, yeritdikləri siyasət üzündən cəhənnəmə çevrilən ölkələrindən qaçanların hər yolla qarşısını kəsənlər, onları dənizlərdə batıranlar, gəlib çıxanları qəfəsdə saxlayanlar Laçın yoluyla azad gediş-gəliş deyiləndə nəyi nəzərdə tuturlar? Həmin yolla yenə minaların daşınmasınımı, İranın və digərlərinin göndərdikləri terror təlimçilərinin Qarabağa sərbəst gediş-gəlişlərinimi?

Qərbdəkilərin bütün bu normal məntiqə sığmayan davranışlarının nədən irəli gəldiyi sirr deyil. Onlar Ermənistanın və Qarabağdakı separatçı ünsürlərin yeni savaş hazırlığı gördüklərini bilirlər. Hayları revanşizmə sürükləyən və artıq onları silahlandıran Fransa kimi dövlətlərin də istəyi elə bu deyilmi?”

Sahib Alıyev digər məqamlara da toxunub: “Maraqlıdır, necə olur ki, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, özünü və ölkəsini vasitəçi kimi sırımağa çalışan Makron isə bizim torpaqlarımızı “mübahisəli ərazi” adlandırır. Yəqin ki, o, Almaniyaya cəmi 42 günə təslim olan ölkəsinin təcrübəsindən çıxış edərək Ermənistanın da uduzduğu savaşın benefisiarına çevirmək istəyir. Amma unudur ki, indi İkinci Dünya savaşı dönəmi deyil, bəlli səbəblərdən Fransanı da öz cərgələrinə qoşanlar hazırda Ukraynada əks cəbhədədirlər, ən əsası, o zaman “böyük bacı” işğal olunmuşdu, onun Hitler Almaniyası sayaq nasizm xəstəliyinə yoluxmuş “kiçik bacısı” isə başqasının torpağına soxulmuşdu, oradan vurulub çıxarılıb. Amma təəssüf ki, hələ tam yox. Onun ordusunun tör-töküntüləri hələ də Qarabağdadır. Azərbaycanın bu vəziyyətlə barışacağını, ordusunun mövqelərinin davamlı atəşə tutulacağını görməzdən gələcəyini düşünənlər, Ermənistanı yeni savaşa sürükləyənlər yanılırlar.

Unutmasınlar ki, sonuncu yenidən qarşıdurmaya baş vursa, bu dəfə “böyük bacı”nın İkinci Dünya savaşındakı rüsvayçı məğlubiyyət rekordunu təzələyəcək, yəni ordusu 2020-ci ildəki kimi 44 günə yox, uzağı bir aya darmadağın ediləcək. Mən əminəm ki, başında cənab Əliyevlə Ərdoğan kimi əsl liderlərin durduğu Azərbaycanla Türkiyə Ermənistanın necə Suriyaya çevrildiyinə seyrçi qalmayacaq, təhlükəsizliyimizin təmini üçün nə lazımdırsa, edəcəklər”.

E.Paşasoy,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR