İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Qarabağ və Ukrayna ilə bağlı ŞOK açıqlamalar

3746 16.04.2022 14:35 Gündəm A A

Hikmət Babaoğlu: “Dünya doğrudan da sülh yaradanları qiymətləndirirsə, 2022-ci ilin Nobel sülh mükafatını Ərdoğana verməlidir!”

Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi qarşısında duruş gətirə bilməyən Ermənistan növbəti dəfə sülhə meyilli mövqe sərgiləməyə başlayıb. Amma erməni məkrinə tarixən bələd olduğumuzdan arxayınçılığa da heç bir əsas qalmır.

Bu mənada bütün variantlara hazır olmağımızda fayda var ki, dövlət başçımız bir neçə gün öncə ordu quruculuğunun davam etdiriləcəyindən bəhs etməklə məsələnin prioritet olduğunu açıqladı. Qarabağ və Ukrayna mövzusunda hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a ilginc açıqlamalar verdi.

- Hikmət bəy, Ermənistan rəhbərliyi vaxtaşırı mövqeyini dəyişir, gah sərt ritorikaya üstünlük verir, gah da sülh tərəfdarı olaraq çıxış edir. Siz qarşıdakı dönəmdə nələr gözləyirsiniz: Ermənistan Brüssel anlaşmasına əməl edəcək, yoxsa Rusiyanın cızdığı plan üzrə davranacaq?

- Əslində məzmun etibarilə 6 aprel tarixində Brüsseldə əldə edilən razılaşma ilə 10 noyabr 2020-ci ildə, yaxud 11 yanvar 2021-ci ildə imzalanan üçtərəfli razılaşmada heç bir fərq yoxdur. Çünki hər üç halda gündəmi Azərbaycan diktə edib və mümkün sülh sazişi ilə bağlı baza prinsiplərini də o müəyyənləşdirib. Ona görə də bizim üçün o qədər də fərqi yoxdur ki, Ermənistan Brüssel, Soçi, yaxud Moskva razılaşmasını yerinə yetirəcək. Əlbəttə, Azərbaycan praqmatik siyasət həyata keçirir və dəqiq bilir ki, potensial sülh danışıqları üçün bir neçə alternativ platformanın olması onun lehinədir. Çünki bu mümkün siyasi “fors-major” ehtimalına qarşı yaxşı balansladırma ola bilər. Ona görə də məhz Azərbaycanın razılığı ilə Bakı- Brüssel-İrəvan üçbucağında  yeni dialoq platforması yarandı. Mənim gözləntilərimə gəldikdə isə, bu gözləntilər olduqca nikbindir. Ona görə yox ki, biz şiddətlə sülh istəyirik. Ona görə ki, yaranmış yeni regional konfiqurasiya və geostrateji reallıqda sülhün alternativi yoxdur. Yəni bu gün Cənubi Qafqazda yeni qeyri-stabillik yaratmaq niyyətində olanların belə imkanları, yarada bilmək gücündə olanlarınsa belə arzuları və məqsədləri yoxdur. Ona görə də Ermənistan yeni reallığı qəbul edib sülhə hamıdan qabaq can atmalıdır. Çünki gələcəkdə elə vəziyyət yarana bilər, geostrateji şərtlər elə kardinal şəkildə dəyişər ki, indi Ermənistana təklif olunan sülh şərtləri tarix boyu ermənilər üçün əlçatmaz arzuya çevrilə bilər. Eynilə 44 günlük müharibəyə qədər Ermənistana təklif olunan Madrid, yaxud Kazan prinsipləri modelində olan sülh kimiE İndi hər bir erməni Madrid prinsipləri axtarır, ancaq tapa bilmir.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bizim üçün o qədər də fərqi yoxdur ki, Ermənistan Brüssel, Soçi, yaxud Moskva razılaşmasını yerinə yetirəcək”

- Necə bilirsiniz, revanşistlərin, o cümlədən terrorçu ermənilərin növbəti genişmiqyaslı təxribatları baş verərsə, Şuşa Bəyannaməsinin işə salınmasına ehtiyac qalacaqmı?

- Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir, “Bir millət, iki dövlət” fəlsəfəsinin siyasi-hüquqi formasıdır. Sənədin imzalanma tarixinin Qurtuluş Günü tariximizə, yəni 15 iyuna düşməsi də təsadüfi deyil. Burada verilən ismarış ondan ibarətdir ki, biz necə ki, 15 iyunda daxili ictimai münasibətlər kontekstində həqiqi müstəqilliyimizə qovuşaraq milli dövlətçiliyimizi təhlükələrdən xilas etdik, eləcə də Şuşa Bəyannaməsini imzalamaqla bütün xarici təhdid və təhlükələrə qarşı qardaş Türkiyə ilə birlikdə ortaq strateji qərar aldıq. Bu müttəfiqlik sənədi iki qardaş ölkənin təhlükəsizliyinin qorunmasının yeni strateji arxitekturasını təyin edir. Biz bu gün necə 100 il bundan əvvəl imzalanan Qars Müqaviləsindən danışırıqsa, 100 illər sonra da gələcək nəzillərimiz Şuşa Bəyannaməsindən danışacaqlar. Hələliksə indiki şəraitdə Şuşa bəyannaməsi ilə təyin edilmiş qarşılıqlı öhdəliklərin aktiv hərbi müddəalarının işə düşməsinə elə bir zərurət yoxdur. Qalan bütün məsələlər üzrə isə daimi və ardıcıl iş aparılır. Şərtlər dəyişərsə, zəruri ehtiyac yaranarsa, əlbəttə, dərhal aktiv hərbi fazaya da keçilə bilər.

- Hikmət bəy, Azərbaycanın da çox həssaslıqla izlədiyi Ukraynada vəziyyət səngimək bilmir. Çox təəssüf ki, soydaşlarımız da həlak olur bu müharibədə. Proseslərin bundan sonrakı gedişatı barədə təxminləriniz necədir?

- Ukraynada baş verənlər nəticənin necə olmasından asılı olmayaraq, Avrasiyada tamamilə yeni reallıqlar yaradacaq. Hansı tərəfin qalib gəlməsi kontekstində isə ya son 300 ildə formalaşan ənənəvi tarixi geostrateji konfiqurasiya daha da dərinləşərək davam edəcək, ya da yeni dünya nizamı kontekstində tamamilə fərqli bir reallıq yaranacaq. Əgər nəzərə alsaq ki, Rusiya və Ukraynanın yerləşdiyi coğrafiya həm tarixən? həm də bu gün etnosiyasi, etnokulturoloji və sosial-iqtisadi baxımdan müxtəlif türk xalqları o cümlədən həm də Azərbaycan türkləri ilə sıx əlaqədardır, o zaman heç şübhəsiz ki, bizim xalqımız da yeni çağırış və vəzifələrlə üzləşəcək. Yəni bu coğrafiyada baş verənlər İbn Haldunun dediyi kimi, bizim xalqın da qədərini - taleyini təyin edəcək. Xöşbəxtlikdən biz hər iki nəticəyə hazırıq və öncədən geostrateji şərtləri lehimizə təmin edə bilmişik. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdi ki, əgər dünya ənənəvi nizamla davam edəcəksə, biz ona, yox yeni geostrateji arxitektura yaranacaqsa, ona da hazırıq. Hazırda görünən isə odur ki, dünya tamamilə fərqli və yeni bir nizama doğru irəliləyir və tarixin bu çağırışının qarşısını almaq mümkün olmayacaq. İmperiyalar isə  yeni çoxqütblü dünya nizamının formalaşmasına qarşı sadəcə vaxtı bir qədər uzada bilər. Ancaq bu, heç də o demək deyil ki, yeni çoxqütblü nizam dünyaya dərhal rifah və əmin-amanlıq gətirəcək. Əgər biz Qərb və Rus imperializmini müqayisə etsək, görəcəyik ki , Qərb imperializmi daha mühafizəkar, daha ardıcıl və daha soyuqqanlıdır. Çünki əzdiyi xalqları tarixin səhnəsindən silir. Amerikada, Avstraliyada, Yeni Zellandiyada və s. olduğu  kimi. Hazırda həmin ölkələrdə yerli xalq “yoxdur” deyə biləcəyimiz qədər azdır. Rus imperializmi isə daha emosional, daha aqressiv  olsa da həm də  assimiliyativ imperializmdir. Yəni  milli müqaviməti qırdıqdan sonra yerli xalqlara birgəyaşayış formaları da tapa bilir. Onların bir hissəsini özünü zənginləşdirmək və gücləndirmək üçün assimilyasiya edir. İstər Çar, istər  də Sovet imperiyası artıq tarixdən bizə bəlli olan repressiyalardan sonra işğal etdiyi coğrafiyaların xalqları ilə birgəyaşayış qaydaları da yarada bildi. Onların bir hissəsi assimilyaysiya olunsa da, hər halda böyük bir hissə öz milli identikliyini qorudu. Tarix yeni fürsət verdikdə isə hətta milli dövlət də qura bildilər. Şübhəsiz ki, hazırda Rusiya Federasiyasında da vəziyyət eynidir. Yəni ümum-Rusiya sosial identikliyi olduğu  kimi, federasiya subyektlərində  milli-etnik identiklik də mövcuddur və bunların biri digərinə mane olmur. Ukraynada baş verənlər isə sırf sosial kontekstdə Rus İmperializminə xas olan bu modelin Qərb imperializmi tərəfindən rədd edilməsi, yerli xalq içərisində isə ruslarla ukraynalıların ortaq sosial identikliklərinin başa çatmaması hadisəsidir. Ruslar düşünürdülər ki, Belarusda olduğu kimi, Ukraynada da assimliyativ multikultiralizm etnososioloji və etnopsixoloji hadisə kimi artıq rusların lehinə başa çatıb. 2014-cü ildə baş verən aqressiyanın maneəsiz baş tutması rusların bu qənaətini daha da möhkəmləndirdi. Ancaq indi bəlli oldu ki, məsələ heç də onların zənn etdikləri kimi deyilmiş. Bunun başlıca səbəbi isə odur ki, beloruslar etnik mənşə etibarilə ruslarala eyni ortaq slavyan kökündən gəlirlər. Ukraynalıların  etnogenezisini isə qıpçaqlar, xəzərlər, poloveçlər, karaimlər, kumanlar, hətta skiflər və nəhayət, vikinqlər kimi türk tayfaları təşkil edir. Kiyev Rus dövləti rusların deyil, vikinqlərlə poloveslərin ortaq dövlətidir. Heç rus adı da düşündüyümüz kimi ruslara aid deyil. Vikinqlərin dilində “avarçəkən” deməkdir. Vikinqlər yürüşlərini sürətli təşkil etmək üçün avar və yelkənlərdən istifadə edərək istər açıq dənizlərdə, istərsə də çaylarda sürətlə hərəkət edirdilər. Hazırda rus dilində rus sözü öz ilkin semantik mənasını “parus” sözündə hələ də mühafizə edir. Parus yelkən deməkdir. Şübhəsiz ki, rus tarixçiləri və sosioloqları bütün bunları bizdən qat-qat yaxşı bilirlər. Çünki bütün arxivlər onlarda, mənbələr onların əlinin altındadır. Ancaq bunu dilə gətirməyə qorxurlar. Ona görə də Rusiya-Ukrayna müharibəsində baş verən qarşılıqlı əhval-ruhiyyə milli nifrət səviyyəsindədir. Volodimir Zelenskinin əcdadları isə yəhudiliyi qəbul etmiş Xəzər türklərindəndir. Onun üzünün antropoloji quruluşu mill-etnik kimliyi haqqında dəqiq məlumat verir. Antropologiya millətlərinin qeyri-rəsmi pasportudur. Sadəcə, onu oxumaq üçün yaxşı mütəxəssis olmaq lazımdır.

Qısa və aydınladıcı tarixi ekskursiyadan geri qayıdaraq fikrimizi ümümiləşdirməyə çalışsaq deyə bilərik ki, proseslərin bundan sonrakı gedişatı hər şeydən öncə Ukrayna xalqının yeni miladı ilə, ya da öz tarixi kökləri üzərində yenidən miladı ilə başa çatacaq. Ukraynada millətləşmə baş tutmuş hadisəyə çevriləcək, ortaq milli-etnik indentiklik dominant sosial faktora çevriləcək. Ukraynalılar ekstremal vəziyyətdə kütləvi sinxron hərəkətetmə  qabiliyyətinə qovuşacaqlar və bütün bunlar hər bir xalq üçün vacib sosial göstəricilərdir. Yəni bu müharibənin nə ilə nəticələncəyindən asılı olmayaraq, artıq bundan sonra Rusiya  ukraynalı adlı “qardaş slavyan xalqı” ilə deyil, yeni bir xalqla qonşu olmaq gerçəkliyində yaşamalı olacaq.

- Bu, faktdır ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində qardaş Türkiyənin və onun lideri Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var. Siz Ankaranın moderatorluğu ilə aparılan danışıqların liderlər səviyyəsində baş tutacağına və sülh razılaşmasının əldə olunacağına inanırsınızmı? Reallıq budur ki, bəzi dairələr Türkiyənin öncüllüyünü sinirə bilmir və gərginliyi körükləməkdə maraqlıdırlar. Ümumiyyətlə, siz Ərdoğan faktorunu necə dəyərləndirirsiniz?

- Rusiya-Ukrayna müharibəsində ən ədalətli və ən səmimi moderator qardaş Türkiyədir. Türkiyə Qara Dəniz, yəni mavi vətən sərhədləri vasitəsilə hər iki ölkə ilə birbaşa qonşudur. Üstəlik, bu geniş siyasi-coğrafiyada türklərin oynadığı tarixi rolu və bugünkü münasibətləri də nəzərə alsaq, Türkiyənin regiona sülh gətirmək cəhdləri tamamilə başa düşüləndir. Ancaq o da doğrudur ki, dünyanın siyasi eqoizmi beynəlxalq münasibətlər sistemində qardaş ölkənin oynadığı yeni strateji rolu qəbul etmək istəmir. Bu isə dünya siyasətində Türkiyə gerçəkliyini əsla dəyişmir. Kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, bu gün dünya siyasətində güclü bir Türkiyə, dünya siyasi liderliyində isə  güclü bir Ərdoğan gerçəkliyi var. Türkiyə və onun lideri Ərdoğan sözün əsl mənasında dünyada sülhün və əminamanlığın bərqərar olması üçün bir savaş verir, yeni dünya nizamının dizayn edilməsində tarixi rol oynayır və bu rol keyfiyyət baxımından pozitiv miqyas baxımından qlobaldır. Qısacası, təqribən 100 ildən sonra türklər yenidən dünya siyasətinə qayıdır. Bu, müasir tariximizdə əgər təbiri caizsə yeni Erkənəkon hadisəsidir. Türkləri Anadolu və Qalatiyaya məhkum etmək siyasəti artıq arxada qaldı. Doğrusu, bu, məndə milli qürur hissləri yaradır. Rəcəb Tayyib Ərdoğan Şimali Afrikada, Liviyada, Yaxın Şərqdə, Suriyada və İraqda, Balkanlarda yaranan sülhün strateji memarıdır. Cənubi Qafqaz kimi mürəkkəb bir coğrafiyada yaranan sülhün əsas təkanvericilərindəndir. Hazırda isə Şərqi Avropada, Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunması üçün çox böyük işlər görür, titanik əmək və enerji sərf edir. Əgər dünya doğrudan da sülh yaradanları qiymətləndirirsə, 2022-ci ilin Nobel Sülh mükafatını Rəcəb Tayyib Ərdoğana verməlidir!

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR