İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan mühüm TƏKLİF

716 16.06.2023 19:48 Siyasət A A

Deputat Elşad Mirbəşir Milli Məclisin iclasında ölkənin humanitar siyasət konsepsiyasının qəbul olunmasını təklif edib.

Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, hazırda dünyada mədəni təsir uğrunda ciddi mübarizə getməkdədir və bu mübarizə artıq barışmaz xarakter alıb:

“Qloballaşma əksər hallarda xalqların mənəvi, mədəni identikliyi və mental dəyərləri üçün ciddi təhdidlər yaradır. Kənar mədəniyyət elementləri ayrı-ayrı xalqların mədəni dəyərlərinin, irsinin, mental düşüncələrinin dəyişdirilməsi və zəiflədilməsi istiqamətində alət kimi istifadə olunmaqdadır. Müasir dünyada insanlar arasında qeyri-ənənəvi münasibətlərin intensiv və sistemli şəkildə təbliği də müşahidə olunmaqdadır. Təbii ki, ölkəmiz də xalqımızın mənəvi-əxlaqi, mədəni dəyərləri ilə ziddiyyət təşkil edən təsirlərdən kənarda qalmır. Belə halların qarşısını almaq üçün ilk növbədə beynəlxalq səviyyədə azərbaycanlı kimliyini, milli-mənəvi dəyərlərimizi daha ardıcıl şəkildə tanıtmalıyıq”.

Elşad Mirbəşir qeyd edib ki, ölkəmiz humanitar siyasəti uğurlu həyata keçirməkdədir və kifayət qədər yaxşı nəticələrini də görməkdəyik: “Lakin bununla yanaşı, milli maraqlarımızın, milli-mədəni irsimizin daha uğurlu qorunması üçün özündə humanitar siyasətin prinsiplərini, məqsəd və vəzifələrini, istiqamətlərini və mexanizmlərini ifadə edəcək rəsmi konsepsiyanın olması zamanın və qarşımıza qoyduğumuz yeni məqsədlərin tələbidir. Beləliklə, hesab edirik ki, Azərbaycan Respublikasının humanitar siyasət konsepsiyasının qəbul olunması dövlətimizin gücünün ifadəsi və azərbaycanlı kimliyinin dünya ictimaiyyətinə daha yaxından tanıdılmasın effektiv mexanizmi olmaqla, həm milli mənəvi-mədəni dəyərlərimizin, həm də milli maraqlarımızın qorunması baxımından əhəmiyyətli olardı”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR