İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputata sui-qəsd cinayətində “köməkçi” müəmması

1830 07.04.2023 08:52 Gündəm A A

Novella Cəfəroğlu: “Sosial şəbəkələrdə rast gəlirəm ki, guya onunla bağlı həyata keçirilən həbslər oyundur, bu qədər vicdansızlıq olmaz...”

Fazil Mustafaya silahlı hücumda şübhəli şəxs kimi mediada təqdim edilən İlkin Süleymanova narkotiklərin satışı ittihamı verilməsi haqlı suallar yaradıb. Bu barədə “Turan”a İlkin Süleymanovun əmisi Elnur Süleymanov məlumat verib. E.Süleymanov qeyd edib ki, qardaşı oğlu aprelin 2-də saxlanılıb. “Saytlar paylaşıblar ki, Fazil Mustafaya sui-qəsddə 6 nəfər ittiham olunur, köməkçilərdən biri də İlkindir. Ancaq biz bunu qəbul etmirik və bu qeyri-mümkündür. Deyirlər ki, hadisə martın 28-də saat 21 radələrində olub, amma İlkinin Xocasən qəsəbəsində 20.15-də müşahidə kamerasında görüntüləri var, çörək alıb evə gedir. Bu necə mümkündür ki, fiziki olaraq o özünü saat 21 üçün Zabrata çatdırsın?”

E.Süleymanovun sözlərinə görə, dövlət tərəfindən İlkin Süleymanova təyin olunan vəkil  əlaqə saxlayaraq onun Cinayət Məcəlləsinin 234.4.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 234.4.3 (Satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda satma) maddələri ilə ittiham olunduğunu deyib. “Biz bu ittihamların heç biri ilə razılaşmırıq və qəbul etmirik. Əgər bu adamın günahı varsa, qanun qarşısında biz kimik ki, nəsə deyək? Ancaq onun qətiyyən narkotikə aidiyyəti yoxdur. Aparsınlar, yoxlasınlar, qanında narkotik var?”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan”a bildirib ki, İlkin Süleymanovla bağlı cinayət işi var. "İstintaq hərəkətləri aparıldığı üçün əlavə məlumat vermək səlahiyyətimiz yoxdur", - o qeyd edib.

Azərbaycanda insanlar biznes qurmağa qorxurlar” - Novella Cəfəroğlu Yeni  Sabah

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bu məsələni xüsusi olaraq diqqətdə saxladıqlarını bildirdi: “DTX və DİN-ə hamımız təşəkkür etməliyik ki, qısa vaxtda terror aktında iştirak edənləri həbs edərək, bu cinayətin üstünü açdılar. Son 30 ildə ermənilərə dəstək verdiyi üçün İrandakı rejimlərə daim nifrət etmişəm. Adını müsəlman qoyub, müsəlmançılıqdan dəm vurub, terrorçu, xristian ölkəni dəstəkləyir. Daxildə də insanların hüquqlarını pozur, haqlarını tapdalayır. İran daha çox terrorçu dövlət kimi də ad çıxarıb. Ən pisi də odur ki, onlar terroru daha çox müsəlman dövlətlərində edirlər. Daxilimizdəki İran agentləri  ermənilərdən betərdir. Çünki bilirsən ki, erməni düşmənin, ərazilərini işğal edib. Əminəm ki, İran agentləri daha çox pul müqabilində dövlətimizə xəyanət edirlər. Fazil Mustafaya atılan güllələr hamımıza atılıb. Fazil hər zaman İranla bağlı doğru fikirlər söyləyib. Onu da deyim ki, vaxtilə vətəndaş cəmiyyəti olaraq İrandakı soydaşlarımızla yaxın əlaqələr qurmağa çalışırdıq, təşkilatlar yaradırdıq. Sanki son zamanlar bu işlər səngiyib. İstiqamətimizi daha çox qardaş Türkiyəyə yönəltdik. Bu da çox vacibdir. Amma heç zaman unutmayaq ki, İranda 40 milyon soydaşımız yaşayır. Onların haqlarını daim müdafiə etməliyik. Mən demirəm ki, İranın daxili işlərinə qarışaq. Amma insanlarımızın haqlarının qorunması üçün əlimizdən nə gəlirsə etməliyik. Molla rejiminə həm də bu yollarla yerini göstərə bilərik. İrana artıq heç zaman müsəlman ölkəsi deyə bilməyəcəyik. Çünki bütün qırmızı xətləri keçdi. Onlar İslam dininə bütün dünyada xələl gətirirlər. Quran həm də ən demokratik kitabdır. İslamı sanki İran bilərəkdən dünyada terror dini kimi təqdim etməyə çalışır”.

Hüquq müdafiəçisi cəmiyyəti narahat edən bir məsələyə də xüsusi toxundu: “Belə fikirlər yaradırlar ki, guya ölkədə dindarlara qarşı həbslər həyata keçirilir. Bu belə deyil. Məsələn, İrana 10, 20, hətta 30 dəfə gedib gələnləri araşdırırlar, kimlərlə görüşdüklərini üzə çıxarırlar. Suçlu çıxdı, həbs olunur. Terror təşkilatı ilə bağlı olanları həbs edəcəklər. Günahsız insanları sorğu-sual edib buraxacaqlar. Haray-həşir salanlar var ki, ay filankəsi günahsız tutublar, kütləvi həbs prosesi filan həyata keçirilir. Bu əsla belə deyil. Kimlər həbs olunacaqsa, əmin olun ki, bir pis əməli var. Sizə deyim ki, onların içərisində ölkəyə narkotik gətirənlər də çoxdur. İran Azərbaycana narkotiki elə məhz din pərdəsi altında gizlənənlər vasitəsilə yeridir. Bu gün təəssüflər olsun ki, dinin mahiyyətini, böyüklüyünü dərk edən tanınmışlar az qala barmaqla sayılır. Məsələn, Hacı İlqar İbrahimoğlunun adını bu sırada çəkə bilərəm. Dini əsl təbliğ edir, cəmiyyətə çatdırır. İslam dinində yazılmayıb ki, gedib kimisə öldürəsən. Sənin dövlətinə düşmən olanla mübarizə apar.  İran İslamdan tamam kənarda dayanan bir ölkədir. Çoxları başına papaq qoyub deyir ki, dindaram. Məsələn, Hacı Şahin Həsənliyə də, elələrinə də dindar deyək? Hacı Şahin o qədər gözəl danışırdı, fikirlərini insanlara çatdırırdı ki, adam ona saatlarla qulaq assa belə yorulmurdu. Hacı İlqar da belələrindəndir. Onu qorumaq lazımdır. Bu gün nəzərə alaq ki, təkcə Fazil Mustafa deyil, çox insan hədəfə götürülüb. İran tərəfindən gələn təhdidlər bunu deməyə əsas verir. Ölkə başçısı həm də İrandakı soydaşlarımızı qoruyacağı barədə açıqlamalar verib. İndi onları qorumaq üçün ilk növbədə, onlarla işləməliyik. Biz elə etməliyik ki, Fazilə atılan güllələr səhəri gün başqasına atılmasın”.

Fazil Mustafanı güllələyən şəxslər həbs edildi

Fazil Mustafa 

N.Cəfəroğlu Fazil Mustafa terroru ilə əlaqədar həbs edilən İlkin Süleymanova qarşı ittihamın dəyişdirilməsindən də danışdı: “İrandan, dediyim kimi, narkotik ölkəmizə gətirilir. Narkotiki ölkəmizə gətirənin ermənidən nə fərqi var? Övladlarımızı, insanlarımızı zəhərləyirlər. Amma hər adama da axı narkotik ittihamı verməzlər. Ehtimal başqa, sübut başqa. Əgər bir şəxs İrana bağlıdırsa, oradakı konkret şəxslərlə, qüvvələrlə əlaqələrini sübut edən faktlar varsa, müvafiq maddə verilməlidir, day narkotik olmaz axı. Hər şey sübutlarla olmalıdır. İnsanlara ittihamı elə verin ki, insanlar da inansın. Məsələn, 10 nəfərin hamısının cibindən narkotik çıxır, axı bunun olması mümkün də deyil. Yollar bağlıdır, bu narkotik haradan gəlir? Həm də bu sualı tez-tez səsləndirmək lazımdır. Məlumdur ki, İrandan narkotik gəlir. Birinin ailəsi tam əmindir ki, tutulan yaxını narkotiklə məşğul deyil, bizə müraciət etsinlər. Biz də aidiyyəti orqana müraciət edək ki, diqqətli olsunlar, təzədən araşdırsınlar”.

Hüquq müdafiəçisi F.Mustafa ilə tez-tez əlaqələr saxladıqlarını da qeyd etdi: “Özü ilə danışmışam. Yaxşıdır. Çox pozitivdir. Biz hərəkatdan gəldiyimiz üçün onunla çox yaxın olmuşuq. Hadisəni eşidəndə şok keçirdim. Şükür Allaha, Fazil həyatdadır. Danışanda dedi ki, yenə də mübarizəmiz davam edir. Bu da çox sevindiricidir. Çünki atəş açılır, amma həmin şəxs yolundan dönmür. Bilirəm ki, vəziyyəti normaldır, ondan artıq rahatam. Bir məsələyə də toxunum. Sosial şəbəkələrdə ara-sıra rast gəlirəm ki, guya onunla bağlı həyata keçirilən həbslər oyundur. Bu qədər insafsızlıq, əclaflıq, vicdansızlıq olmaz. Özü də daha çox bunu din adamları deyirlər. Bu şəxsi çiynindən və ayağından yaralayıblar. Maşınının nə gündə olduğunu gördük. Xaricdə yaşayan azərbaycanlılardan da bunun oyun olduğunu deyənlər var. Şərəfsiz məxluqlardır. Fazilin anası ilə danışdım, az qala özünü öldürürdü. Bu sözləri demək alçaqlığın son həddidir”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR