İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Əgər polis əməkdaşı səlahiyyətlərini aşıbsa...”

1035 23.06.2023 11:53 Siyasət A A

Milli Məclisin iclasında Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələr müzakirə olunur.

Musavat.com-un xəbərinə görə, deputat Elnur Allahverdiyev cari məsələlər zamanı çıxışında bildirib ki, Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş hadisədən hər birimizin kifayət qədər məlumatı var:

“Bu kimi olaylar istənilən cəmiyyətə xas haldır və dövlətin də əsas funksiyası onu qanun çərçivəsində çözmək, yoluna qoymaqdır. Ancaq təəssüfedici və hər birimizi narahat edən fakt ondan ibarətdir ki, yaşanan olaydan istifadə edərək öz məkrli niyyətlərini həyata keçirən şəxslər və dairələr var. Açıq görünür ki, onların qarşısındakı əsas hədəf vətəndaşla polisi, xalqımızla dövlətimizi üz-üzə qoymaq, nifaq salmaqdır. Şübhə yoxdur ki, onların bu məqsədləri həmişəki kimi gözlərində qalacaq. Çünki Azərbaycanda dövlətlə xalqı, cəmiyyətlə onu qoruyan hüquq-mühafizə orqanlarını bir-birinə bağlayan tellər güclüdür və sarsılmazdır. Bunun bizim müasir tariximizdə kifayət qədər misalları və nümunələri var”.

E.Allahverdiyevin sözlərinə görə, təəssüf ki, hazırda əsas etibarilə sosial şəbəkələrdə məsuliyyətsiz, qızışdırıcı şərhlər yazan şəxslər, bəzilərini buna sövq edən dairələrin əsas məqsədi də məhz aranı qarışdırmaqdır: “Polis canlı orqanizmdir. Polis insanlardan, vətəndaşlardan ibarətdir. Hər birimizin qohumu, dostu, qonşusu içində ən azı bir polis əməkdaşı var. Hər birimizin xasiyyəti, temperamenti müxtəlifdir. Həyatda da belədir. İçimizdə mülayimi də var, səbrlisi də, sərti də, yumşağı da. Hər birimiz ətrafımızda baş verən hadisəyə öz temperamentimizə, emosionallığımıza görə müxtəlif reaksiya göstəririk. Əgər polis əməkdaşı səlahiyyətlərini aşıbsa, təmkin göstərməyib icazə veriləndən artıq sərtlik nümayiş etdiribsə, o, mütləq qanun və təlimatlara əsasən ya cəzasını alacaq, ya da onun bu davranışına görə barəsində müvafiq ölçü götürüləcək. Belə faktlar çoxdur. Daxili İşlər Nazirliyinin məlumatlarında səlahiyyətlərini aşan polis əməkdaşlarına qarşı tədbirlərin görülməsi barədə onlarla məlumat var. Polis bu kimi məlumatları cəmiyyətlə bölüşür. Eyni zamanda, polisin nümunəvi addımları, davranışları barədə də çoxlu sayda videogörüntüləri izləmişik. Gəlin unutmayaq ki, polis vətənin bütövlüyü uğrunda onlarla şəhid verib. Polis sıralarında bizim yüzlərlə qazilərimiz var. Mən əminəm ki, həmin kadrlardakı polis əməkdaşlarının hər biri bu gün Vətən uğrunda canını verməyə, vətəndaşlıq borcunu yerinə yetirməyə hazırdır. Hər bir evdə, ailədə, kollektivdə olduğu kimi, polisdə də səhv edə bilən əməkdaşlar var. Cəmiyyətimiz bilməlidir ki, hər kollektivdə səhvə yol verən əməkdaşın əməllərinə qiymətin verilməsinin öz qaydası mövcuddur. Bu baxımdan mən cəmiyyətimizi həm bir millət vəkili, həm də vətəndaş olaraq diqqətli, ayıq-sayıq olmağa səsləyirəm”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR