İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Azərbaycanın bu hərəkətləri dünyaya nümunədir”

725 27.09.2023 16:57 Siyasət A A

“19-20 sentyabr tarixində Azərbaycanın Qarabağda apardığı lokal antiterror tədbirləri BMT nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan bu tədbirləri özünün suveren ərazilərində pozulmuş hüquqlarının bərpası üçün aparıb. Dünyada separatizm heç bir dövlət tərəfindən dəstəklənməməlidir. Ermənistana dəstək verən Fransa və onunla bir yerdə olan bir neçə dairə istisna olmaqla, bütün dünya Azərbaycanın apardığı antiterror tədbirlərini dəstəkləyir. O cümlədən Avropa İttifaqı da açıqladığı bəyanatda Azərbaycanın öz ərazilərini qeyri-qanuni silahlılardan təmizləməsini dəstəklədiyini bildirir”.

Bunu Musavat.com-a millət vəkili Azər Badamov deyib.

O bildirib ki, Azərbaycan lokal xarakterli antiterror tədbirləri aparanda humanizm prinsipini yüksək tutaraq mülki obyektlər və insanları maksimum dərəcədə qorumağa çalışıb:

“Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanın apardığı antiterror tədbirlərində mülki insanların zərər çəkməsi ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirib. Antiterror tədbirləri ərəfəsində Qarabağda yaşayan erməni əsilli əhaliyə müxtəlif vasitələrdən istifadə etməklə silahlılardan və döyüş nöqtələrindən uzaq dayanmaları ilə bağlı çağırışlar edilib. Hətta antiterror tədbir aparılan 24 saata yaxın bir zamanda əvvəlcədən müəyyən edilmiş hərbi legitim hədəflərdə mülki insanların olduğu ehtimal ediləndə zərərsizləşdirmə əməliyyatları təxirə salınıb. Antiterror tədbirləri başa çatandan dərhal sonra Azərbaycan dövləti erməni əsilli mülki insanlara Azərbaycana inteqrasiya olunacağı təqdirdə onların yaşaması üçün hər bir şəraitlə təmin olunacaqlarını, hüquqları və təhlükəsizliklərinin qanunlarımıza uyğun müdafiə ediləcəyini və heç nədən narahat olmamalarını bəyan edib. Həm də Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq istəməyən şəxslər üçün dəhliz yaradılaraq heç bir təhlükə yaratmadan ölkəmizi tərk etmələrinə şərait yaradılıb”.

Millət vəkili vurğulayıb ki, Qarabağda yaşamaqda davam edən ermənilərə və antiterror tədbirləri zamanı xəsarət alanlara, o cümlədən Xankəndidə baş vermiş partlayışdan xəsarət alan şəxslərə lazımi yardımlar olunur:

“FHN-in xətti ilə səhra hospitalları quraşdırılmağa başlanıb. Azərbaycan öz vətəndaşları hesab etdiyi erməni əsilli sakinlərinin humanitar ehtiyaclarının ödənilməsi və sağlamlıqlarının təmin olunması üçün yardımlarını davam etdirir. Azərbaycanın bu hərəkətləri dünyaya bir nümunədir. Dünyanın ayrı-ayrı yerlərində antiterror əməliyyatları zamanı mülki insanların və infrastrukturun zərər görməsi adi hala çevrilib. Azərbaycanın yüksək dəqiqliklə apardığı antiterror tədbirləri dünya və o cümlədən Avropa İttifaqı tərəfindən diqqətlə izlənilərək yüksək dəyərləndirilib. Bu, Azərbaycanın apardığı antiterror tədbirlərinin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi deməkdir”.

Nigar,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR