“AŞPA-da Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edənlər ölkəmizdə azad mətbuatın olmadığını iddia edirlər. Belə çıxır ki, avropalı deputatlar üçün xarici qrantlar hesabına fəaliyyət göstərən, ölkədə siyasi sabitliyi pozmağa və dövlətə qarşı təxribat xarakterli informasiyalar yaymağa çalışan bəzi media qurumları azad mətbuat sayılır. Halbuki, Azərbaycanda qanun çərçivəsində fəaliyyət göstərən media orqanlarını hökumətin nəzarəti altında olan qurumlar kimi təqdim edirlər”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Azər Badamov bildirib. Deputat
AŞPA-lı həmkarlarına müraciət edib:
“Onlar Azərbaycanda fəaliyyət göstərən bu media qurumlarının müdafiəsinə niyə bu qədər həssaslıqla yanaşırlar? Heç bir beynəlxalq təşkilat və ya xarici qurum məqsədsiz şəkildə hansısa ölkədə fəaliyyət göstərən media orqanlarına maliyyə dəstəyi vermir. Əgər Qərb Azərbaycanda demokratiya və insan hüquqları şüarlarından istifadə edərək müəyyən dairələrin maraqlarına xidmət edən şəxsləri və qurumları müdafiə edirsə, deməli, bunun arxasında müəyyən məqsədlər dayanır.
Bu məqsədlərdən biri də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, müstəqil siyasət yürüdən dövlət kimi güclənməsini istəməməkdir. Əgər Azərbaycan zəif, səfalət içində yaşayan və təbii sərvətlərə malik olmayan bir ölkə olsaydı, çox güman ki, onların diqqət mərkəzində olmazdı. Dünyada ağır yoxsulluq şəraitində yaşayan, demokratiyanın əsas prinsiplərindən belə xəbərsiz olan çoxlu ölkələr var. Lakin həmin ölkələrdə insan hüquqlarının vəziyyəti ilə bağlı bu qədər fəallıq göstərən və ya onların problemlərini gündəmə gətirən qurumlara rast gəlmirik.
Azərbaycanın öz milli sərvətlərinin və taleyinin sahibi olması isə Avropanın bəzi təsisatları tərəfindən qəbul edilmir”.
A.Badamov vurğulayıb ki, bu cür münasibət ikili standartların təzahürüdür:
“Ermənistanda keçirilən seçkilər zamanı hakimiyyətin müxalifətə qarşı təzyiqlər göstərdiyi, həbslər həyata keçirdiyi, cinayət işləri açdığı və siyasi rəqiblərini zəiflətməyə çalışdığı barədə çoxsaylı faktlar real idi. Lakin bu proseslərə AŞPA deputatları tərəfindən ciddi münasibət bildirildimi? Xeyr. Əksinə, Ermənistanda demokratik qüvvələrin qalib gəldiyi və seçkilərin şəffaf keçirildiyi barədə bəyanatlar verildi.
Azərbaycanda isə onların arzu və gözləntiləri reallaşmadığı üçün ölkəmiz demokratiyadan uzaq dövlət kimi təqdim edilir, qərəzli çıxışlar təşkil olunur və Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilir.
Lakin onlar birdəfəlik bilməlidirlər ki, Azərbaycan dövləti xaricdən gələn sifarişlərlə idarə olunmur. Ölkəmizin siyasəti də, iqtisadiyyatı da müstəqildir. Biz heç kimdən asılı deyilik və heç bir xarici qüvvənin tələbi ilə dövlətimizin siyasi kursunu müəyyənləşdirmirik. Azərbaycan dövləti xalqın milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür və heç bir xarici dairə xalqımızın iradəsinə təsir göstərə bilməz”, deyə deputat bildirib.
Nigar Həsənli
Musavat.com






