Respublikanın şəhər və rayonlarında yerləşən, əhalinin istifadəsində olan çimərliklərdə dəniz suyunun keyfiyyəti ilboyu nəzarətdə saxlanılır.
Musavat.com xəbər verir ki, bu barədə "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" proqramında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Ziyəddin Kazımov məlumat verib.

Onun sözlərinə görə, illik iş planına əsasən çimərliklərdə mütəmadi monitorinqlər aparılır. Yaz-yay mövsümünə hazırlıq çərçivəsində isə may ayından sentyabrın sonunadək dəniz suyu nümunələri hər həftə götürülərək fiziki-kimyəvi və mikrobioloji müayinələr üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarına göndərilir. İstirahət mövsümündə nümunələr əlavə olaraq xüsusi təhlükəli yoluxucu xəstəliklərin aşkarlanması məqsədilə də müayinə edilir.
Mütəxəssis bildirib ki, su nümunələri beynəlxalq və milli metodiki tələblərə uyğun şəkildə götürülür, onların təbii xüsusiyyətlərinin qorunması üçün xüsusi steril qablar və daşınma vasitələrindən istifadə olunur.
Laboratoriyada suyun fiziki, kimyəvi və mikrobioloji göstəriciləri müəyyən edilir. Bununla yanaşı, yoluxucu xəstəlik törədicilərinin mövcudluğu araşdırılır, zərurət yarandıqda isə toksikoloji müayinələr aparılaraq ağır metalların, neft məhsullarının, pestisidlərin və digər zərərli maddələrin olub-olmaması yoxlanılır.
Ziyəddin Kazımov qeyd edib ki, bütün nəticələr kompleks şəkildə təhlil olunur, normativ göstəricilərlə müqayisə edilir və bunun əsasında çimərliklərin sanitariya vəziyyəti barədə yekun rəy hazırlanır.






