Böyük Britaniya ordusunda son onilliklərin ən böyük islahatlarına başlayır. London Ukraynadakı müharibədən çıxarılan nəticələri əsas götürərək silahlı qüvvələrin strukturunu dəyişməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin yazdığına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer çərşənbə axşamı yeni Müdafiə İnvestisiya Planını (Defence Investment Plan) təqdim edəcək. Sənəddə Ukraynanın müharibədə tətbiq etdiyi taktika nümunə kimi göstərilir. Müdafiə Nazirliyi bildirir ki, məqsəd "ucuz sistemlərlə yüksək dəyərli hədəfləri məhv etmək və illərlə deyil, həftələrlə ölçülən innovasiya dövrünə keçməkdir".
Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropada müdafiə strategiyalarını kökündən dəyişib. Müharibə bahalı hərbi texnikanın zəif tərəflərini üzə çıxarıb, ucuz pilotsuz uçuş aparatlarının və yüksək dəqiqlikli sursatların rolunu isə əhəmiyyətli dərəcədə artırıb.
Bu səbəbdən London əvvəlki planlarından fərqli olaraq 8 ədəd Type 83 esminesi və Type 32 freqatlarının tikintisi üçün əlavə vəsait ayırmayacaq.
Əvəzində Böyük Britaniya pilotsuz sistemlərin idarə olunması üçün nəzərdə tutulmuş ən azı 6 yeni Common Combat Vessel (Ümumi Döyüş Gəmisi) inşa edəcək. Bunlara Type 93 pilotsuz sualtı qayıqları, Type 91 pilotsuz raket platformaları, həmçinin Type 92 və Type 94 pilotsuz müşahidə sistemləri daxil olacaq.
Məqalədə vurğulanır ki, donanması olmayan Ukrayna məhz dəniz və hava dronlarının köməyi ilə Rusiyanın Qara dəniz donanmasına ciddi zərbələr endirməyi bacarıb və London bu təcrübədən faydalanmaq niyyətindədir.
Dəyişikliklər Kral Hərbi Hava Qüvvələrini də əhatə edəcək. Yeni plana əsasən, pilotlu qırıcılarla birlikdə döyüşəcək pilotsuz döyüş təyyarələrinin hazırlanması proqramı genişləndiriləcək. Bu layihə Böyük Britaniya, İtaliya və Yaponiyanın birlikdə həyata keçirdiyi Global Combat Air Programme çərçivəsində icra olunur.
Plan çərçivəsində hökumət pilotsuz uçuş aparatlarının inkişafına 5 milyard funt sterlinq ayıracaq. Müdafiə Nazirliyi qeyd edir ki, Ukrayna hər ay təxminən 200 min drondan istifadə edir və Britaniya da bu təcrübəni mənimsəməlidir.
Sənəddə, həmçinin Avropanın ən böyük dron sınaq mərkəzinin yaradılması və pilotsuz aparatların istehsalını fasiləsiz artıracaq xüsusi işçi qrupunun formalaşdırılması nəzərdə tutulur.
Britaniyanın RUSI analitik mərkəzinin eksperti Tim Uillasi-Uilsini fikrincə, Ukrayna müharibəsi göstərdi ki, müasir döyüşlər artıq əvvəlki kimi aparılmır. Onun sözlərinə görə, "bir qədər ironikdir ki, 2022-ci ildə britaniyalılar ukraynalıları öyrədirdilər, indi isə ukraynalılar bizə müharibənin necə aparılmalı olduğunu göstərirlər".
Musavat.com






