İnsanlara hürriyət, millətlərə istiqlal!

“De-fakto seçimi o vaxt etməliyik ki, Rusiya bizə qarşı...” - Partiya sədri

1963 03.06.2022 09:50 Müsahibə A A

Sülhəddin Əkbər: “Yeni dünya düzəni qurulur və biz elə ağıllı hərəkət etməliyik ki, orada layiqli yer tuta bilək”

Dünya gərginlik içərisindədir. Koronavirus pandemiyasının yaşatdığı təlatümlərin ardınca Ukraynada toqquşan böyük güclər bir-birini sıradan çıxartmaq üçün çeşidli üsullara əl atır. Rusiyanın Ukraynada apardığı müharibənin nəticəsini çoxları gözləyir, o cümlədən Azərbaycan. Azərbaycandan həm Rusiyanın, həm Ukraynanın, həm də ümumilikdə Qərb dünyasının gözləntiləri, umduqları var, amma kifayət qədər həssas münasibətin tələb olunduğu durumda rəsmi Bakının xarici siyasəti ən optimal yol sayılır.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə bu mövzularda danışdıq.

- Sülhəddin bəy, sizcə, Azərbaycan Ukrayna məsələsində, Rusiyaya münasibətdə hansı mövqedə dayanmalıdır? Rusiya-Qərb qarşıdurması fonunda rəsmi Bakı necə davranmalıdır ki, proseslərdən həm uduşla, həm də itkilərsiz çıxsın?

- Mənim təklifim bundan ibarətdir ki, Azərbaycan  həm xarici, həm daxili, siyasi, diplomatik, hərbi, iqtisadi faktorları nəzərə alaraq, indiki xəttini Türkiyə ilə birgə davam etməklə, öz strateji seçimini açıq elan etməyə, açıq elan etməsə də, de-fakto seçim etməyə hazır olmalıdır. Bu da təxminən gəlib düşəcək oktyabr ayına, yəni Ukraynanın əks-hücuma başlayacağı dövrə. Həmin dövrdə artıq biz öz seçimimizi etməliyik və təbii ki, qaliblərin sırasında olmalıyıq. Mən hər zaman deyirəm: strateji savaş, strateji resurslara hesablanan,  zamana yayılan bir savaşdır. Burada da kimin strateji resursu çoxdursa, o qalib gəlir. Təbii ki, burada da kollektiv Qərbin strateji resursları ilə Rusiyanın resurslarını müdafiə etməyə dəyməz. O baxımdan mən ABŞ başda olmaqla, kollektiv Qərbin qalib gələcəyini görürəm. Qardaş Türkiyənin də NATO üzvü kimi bu blokun içində olduğunu nəzərə alıram. Azərbaycan hər iki faktoru nəzərə almalı, Türkiyə ilə birgə hərəkət etməlidir. Artıq sentyabr-oktyabrdan gec olmayaraq, elan etməsə də, de-fakto  öz seçimini etməlidir. Azərbaycan eyni zamanda bu seçimi ona görə etməlidir ki, öz milli maraqlarına uyğun məsələləri, problemləri həll edə bilsin.

- Konkretləşdirsək...

- Mən konkret olaraq hələlik bizim nəzarətimizdə olmayan ərazilər üzərində, nəhayət, bizim suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasını nəzərdə tuturam. Bunun üçün də bilirsiniz, əlverişli şərait lazımdır. Azərbaycan elə bir an seçməlidir ki, Rusiya Azərbaycana diş göstərə bilməsin, Qərb isə Azərbaycanın atdığı addıma səssiz qalsın. Yəni Rusiyanın gücü olmasın, Qərbinsə sözü.

- Rus sülhməramlılarının olduğu ərazidə hansısa radikal addımların atılması əlavə problemlər yarada bilərmi?

- Azərbaycan orada elə əməliyyat keçirə bilər ki, bəlkə də heç hərbi münaqişə olmaz. Həqiqətən də xüsusi əməliyyatlar keçirmək olar ki, Rusiyanın oradakı məhdud kontingentinə toxunmadan nəzarətimizi bərpa edə bilərik. İndi bunu mətbuatda müzakirə etməyin tərəfdarı deyiləm. Amma bu, tamamilə mümkündür. Rusiya Silahlı Qüvvələri də elə vəziyyətdə olmayacaq ki, bizə qarşı çıxsınlar.

- Bəs Ukrayna məsələsində ABŞ-ın, yaxud Qərbin yanında olmaq riskli deyilmi? Həm də Rusiya ilə müttəfiqlik haqqında saziş faktı var...

- Axı mən dedim biz nə vaxt addım atmalıyıq... Biz aktiv şəkildə hazırlaşmalıyıq. Bu gün Ukraynaya nə kömək lazımdırsa, nə edə biliriksə, getdikcə onu artırmalıyıq, hansı ki, bu gün edilir. Ən azı humanitar yardım edirik, yoxsa yox? Yanacaq və sair strateji materiallarla yardım edirikmi? Bu yardımı artırmaqla artıq Ukraynanın hücuma keçdiyi, Rusiyanın geri çəkildiyi və zəiflədiyi - bu, açıq görünəcək - vaxtda biz Rusiyanı qıcıqlandıra biləcək açıq bəyanat vermədən də mövqeyimizi ortaya qoya bilərik. Dediyim kimi, biz de-fakto etməliyik. De-fakto seçimi o vaxt etməliyik ki, Rusiya bizə qarşı aqressiv hərəkət etmək gücündə olmasın. Qərb isə onunla bir olduğumuza görə Azərbaycan vətəndaşı olan 15-20 min ermənidən ötrü Azərbaycan və Türkiyə ilə münasibətləri  pozmağa cəhd etməsin, belə bir maraqda olmasın, münasibətlərin gəginləşməsi perspektivi onun marağına zidd olsun. Birisinin istəsə də, imkanı olmayacaq, o birisi istəsə də, addım ata bilməyəcək, çünki biz onun yanında olacağıq. Biz Türkiyə ilə birgə ona verdiyimiz yardım və dəstək müqayisədə onun milli maraqlarına daha çox cavab verəcək, nəinki 15-20 minlik erməninin separatizminə dəstək vermək. Başa düşürəm, bu, həssas məsələdir. Amma dərindən düşünəndə vəziyyət tam aydınlaşacaq. Elə bir addım atacağıq ki, Rusiya Azərbaycana zərbə vurmaq gücündə olmayacaq, Qərb də istəsə belə, yanında olduğumuza görə bir söz deyə bilməyəcək. Bir anlıq özünüzü ABŞ-ın yerinə qoyun, NATO üzvü olan Türkiyə, alyansın ikinci böyük silahlı qüvvələrinə malik olan bir dövlət Avropanın enerji tələbatına ehtiyacının artdığı bir vaxtda, hələ mən başqa məsələləri demirəm, Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə verən bir Azərbaycan, İranın qonşuluğunda, İranla Rusiya arasında olan, Xəzər və Mərkəzi Asiyaya çıxış qapısı olan bir ölkə ilə nədən münasibəti pozsun?

- Haqlı suallar və əsaslı arqumentlərdir. Təbii ki, normalda münasibətləri pozmağa dəyməz. Prezident Baydenin Azərbaycan liderinə ünvanladığı məktubları necə şərh edərdiniz? Belə demək olarmı ki, Qərb dünyası Azərbaycanın Ukrayna məsələsində ehtiyatlı mövqeyini anlayışla qəbul edir?

- Mənə elə gəlir ki, bu sahədə bizə hətta kömək olacaq. ABŞ-dakı “dərin dövlətdə” iki əsas güclü qanad var: biri anqlosakson qanadıdır. Böyük Britaniya ilə Azərbaycanın sıx münasibətləri var, dövlət başçısının Kraliça Sarayı ilə də şəxsi münasibətləri yüksək səviyyədədir. Eyni zamanda yəhudi qanadı ilə, İsraillə bizim yüksək münasibətlərimiz var. Hər ikisi də, həmçinin ABŞ  “dərin dövlət” üzərindən bizə dəstək verə bilərlər. İkinci Qarabağ savaşında, bildiyiniz kimi, Böyük Britaniya və İsrail bizə dəstək verib. Düzdür, ABŞ-da o vaxt Tramp hakimiyyətdə idi, o faktor da var idi. Amma buna baxmayaraq, elə bir ciddi reaksiya olmadı. BMT-də bir uğursuz həmləni nəzərə almasaq, Fransa xaric, Qərbin elə bir anti-Azərbaycan həmləsi olmadı. Həmçinin Avropa Birliyində münasibətin nə qədər dəyişdiyini görürsünüz, bu, açıqdır. Mənə elə gəlir ki, bizim əsas geridə qaldığımız istiqamət ABŞ-dır. Burada həm özümüz birbaşa müəyyən addımlar atmalıyıq, həm Türkiyə-Amerika münasibətləri pozitiv istiqamətdə inkişaf etməyə başlayıb, bunu da nəzərə almalıyıq. Xüsusilə də Böyük Britaniya və İsrailin dost dəstəyi.

- NATO ilə Türkiyə arasında konfrantasiyanın ciddi müstəviyə keçəcəyini güman edirsinizmi?

- Mən bunu gözləmirəm. İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsi elə geopolitik, geostrateji məsələdir ki, - xüsusən də bu, geopolitik qarşıdurmanın belə kəskin bir dövründə - həm Türkiyənin qaldırdığı məsələlərdə haqlı olması, həm də Türkiyənin veto haqqının yaranmış fonda yüksək dəyər kəsb etməsi qarşı tərəfi geri çəkilməyə məcbur edəcək. Mən burada bir problem görmürəm. Gözlədiyim kimi, ABŞ və Böyük Britaniya da artıq hərəkətə keçib. Burada İsveç və Finlandiya başa salınacaq ki, əvvəla, haqlı tələblərdir, digər tərəfdən də siz Türkiyənin vetosunun qalxmasını istəyirsinizsə, bu addımları atmalısınız. Mənə elə gəlir ki, Finlandiya və İsveç tələb olunan addımları atacaqlar, bir anlaşma əldə olunacaq. Bir incə nüansı da deyim. Bilirsiniz ki, Türkiyə indi Suriyanın şimalında geniş hərbi əməliyyatlara hazırlaşır. Bu əməliyyatlarda ona Rusiyanın da dəstəyi lazımdır, ABŞ-ın dəstəyi qədər. Əməliyyat keçirilməsi nəzərdə tutulan bəzi sahələrə hərbi-strateji nəzarət təmin edilir, bəzi sahələrə də Rusiya nəzarəti var. Hər iki tərəfin dəstəyi lazım olduğuna görə, məncə, bu hərbi əməliyyatlar bitəndən sonra ola bilsin, Türkiyə qəti mövqeyini bildirəcək. Çünki indi mövqeyini bildirsə, razılaşın ki, tərəflərdən ən azı birinin səssiz dəstəyini itirmiş olacaq.  Amma hələ NATO-nun sammitinə vaxt var, iyunun 28-dədir. O vaxta qədər razılaşma əldə olunacaq.

Qarşıdakı 1,5 il - 2 il ərzində yeni dünya düzəni qurulacaq, yeni koalisiyalar yaradılacaq. Birinci Dünya müharibəsindən sonra Versal və Vyana konfransları oldu, yeni dünya düzəni quruldu, Millətlər Liqası yarandı. İkinci Dünya müharibəsindən sonra Potsdam Konfransı oldu, BMT yarandı, sonra da beynəlxalq və regional təşkilatların əsası qoyuldu. İndi “soyuq müharibə” bitib, amma yeni dünya düzəni qurula bilməyib. Görürsünüz, dünyada da bir fikir var idi, mən də o fikrin tərəfdarı idim, böyük müharibə olmadan yeni dünya düzəni qurulmayacaq. Bir böyük müharibə başladı, Tayvanda ikincisinə ehtiyac qalacaq, ya qalmayacaq, həm də bu müharibənin nəticəsindən asılı olacaq. Amma hər halda, yeni dünya düzəni qurulur və biz elə ağıllı hərəkət etməliyik ki, orada layiqli yer tuta bilək. Bu, çox böyük ustalıq tələb edir. Həm istiqaməti düz seçməlisən... Yəni strategiyada üç həlledici amil var: zaman məkan və güc. Gücümüzdən zamanında və yerində elə ağıllı istifadə etməliyik ki, layiqli yer tuta bilək. Rusiya ilə bağlı məsələlərə gəldikdə, əsas suallar bunlardır: Putin gedəcək və Rusiya bugünkü sərhədlərdə qalacaq, yoxsa qalmayacaq? Biz gələcəkdə də Rusiya ilə bağlı proseslərin gedəcəyini indidən düşünməli və o variantlara hazır olmalıyıq. Həmçinin Rusiyada Putin sonrası mövcud rejim sonrasına da, gələcək Rusiyaya da hazır olmaq lazımdır.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR