İnsanlara hürriyət, millətlərə istiqlal!

“Danışılmış müharibə” olmadığı kimi... - 3:1 ədalətli nəticə olardı

3072 08.03.2024 09:30 Yazarlar A A

 

3:1 hesabıyla udacağımız oyun necə 2:2 oldu... Düşündükcə adamın qanı qaralır.

Başqalarını bilmirəm, 50 ilin futbol azarkeşi kimi, çox optimist idim, deyirdim, “Qarabağ” Bakıda “Bayer”i bay edəcək. Öncədən yazmışdım da. Hətta Mətbuat Şurasısının sədri Rəşad Məcidlə yazışmamızda o, “Bayer”in çox güclü olduğunu yazanda, fikirləşmişdim ki, yox e, hər halda “Bayer” əjdaha deyil.

Birinci qol rəqibə hədiyyə olundu, çovumuş topu verdik, heç bir əziyyət çəkmədən hesab arasındakı fərqi azaltdılar. 3-cü qolu isə rəqib qapıçı ilə təkbətək çıxan Juninyomuz vura bilmədi, türkün sözü, qıl payı qaçırdı.

İki gün öncə “Bayer” 15 nəfərlə oynayacaq?” başlıqlı yazımın məğzi beləydi ki, rəqibi gözümüzdə böyütməyək, pis güləşçilər kimi yıxılacağımız yeri tikandan, daş-kəsəkdən təmizləməyək, yıxılmağa hazırlaşmayaq.

İndi o yazıdan bir neçə sitat gətirməyin yeridir. Belə yazmışdım: “Bildiyimə görə, “Bayer” meydançaya 11 nəfərlə çıxacaq. Səhih məlumata görə, “Qarabağ”dan da oyuna 11 nəfər çıxmalıdır. Qonaq komandanın oyunçularının hamısı futbolçu olacaq. Bizdən də meydançaya bərbərlər, taksi sürücüləri, təkərqaraldanlar, jurnalistlər, meyxana deyənlər çıxmayacaq, bizdən də peşəkar futbolçular çıxacaq”.

Elə də oldu. Düzdür, əvəzetmələr nəticəsində “Bayer”dən meydançaya 15 oyunçu çıxdı, amma “Qarabağ”dan da o qədər futbolçu meydanda oldu, başa-baş oyun getdi. Birinci hissədə biz güclü oynadıq, ikinci hissədə - onlar. İntəhası, biz ikinci hissədə məsələni həll edə bilərdik - “Şahruddin səhvi” buraxmasaydıq. “Şahruddin səhvi” rəqibə hədiyyə ediilən qol deməkdir.

Oyun başlayanda “Bayer” əsas oyunçulardan bir neçəsini meydana buraxmamışdı, amma iki qol yeyəndən sonra ağılları başlarına gəldi, ikinci hissədə ən güvəndikləri oyunçuları tez-tələsik, həyəcan içində oyuna saldılar.

Bu, növbəti dəfə hər kəs üçün dərs oldu ki, rəqibə qarşı saymazlıq etməməlisən, edərsən, qapına qol qoyarlar.

İndi bəziləri deyirlər ki, guya bu, danışılmış oyun olub, guya rəqiblər öncədən razılaşıblar ki, oyun heç-heçə bitsin. Bunu deyənlər dünyanın yerdə qalan hissəsinə Azərbaycan arşını ilə yanaşanlardır, elə bilirlər ki, biz öz yaşam və oyun qaydalarımızı dünyaya sırıya bilirik. Qarşımızdakı əliəyriliyə meylli mafioz italyanlar, bukmekerlərdən yaxşı pul qazanan ispanlar, aktyor Filipp Nuarenin tipik pulgir obrazlarını yaratdığı fransızlar deyildi, dürüstlükləri ilə dünyada ad çıxaran almanlar idi.

Almanlar “danışlmış müharibə” aparmadıqları kimi, danışılmış matç da təşkil etmirlər. Özləri də hır-zır qanmır, meydanda rəqiblərinə rəhm etmir, vurduqca vururlar. Onların imkanı olsaydı, “Qarabağ”a 8 qol vuracaqdılar və braziliyalıları sevindirəcəkdilər. Fitbola çoxdan baxanlar nə dediyimi anladılar, yəqin ki.

Üstəlik, FİFA və UEFA-nın gözü buradaydı, onlar baxa-baxa heç bir özünə hörmət edən komanda heç bir ehtiyac olmadan danışılmış oyun fırıldağına getməz, bukmeker kontorları ilə him-cimləşib oyun qurmaz. Elə bir şey olmuş olsa, oyunun axırında alman futbolçular hakimin zəhləsini tökməzdilər ki, zədəli futbolçuya görə vaxt gedir, artırılmış dəqiqələr çox olmalıdır. Onlar çox istəyirdilər ki, buradan qələbə ilə getsinlər. Açıq-aydın görünürdü.

Hakim demişkən, fransız arbitr oyunu yaxşı idarə etdi, keçən dəfə bütün fransız hakimlər haqqında pis fikirdə olduğumu yazmışdım. Yanıldım. Hərçənd birinci hissədə arbitrr rəqiblərin xeyrinə bir yanlış qərar verdi. Hesab edək ki, bu onun yeganə səhvi olub.

Xüləs, danışılmış oyun söhbəti əfsanədir. Bunu deyənlərin arasında 3 il yarım öncə 44 günlük müharibədə qazandığımız qələbəni də az qala “danışılmış müharibə” kimi qələmə verənlər vardı. Ayıbdır. Bu, natamamlıq kompleksinin əsəridir. O adamlar demək istəyirlər ki, bir millət kimi bizim əlimizdən və türkün sözü, qıçımızdan bir iş gəlmir, hər işimiz fırıldaqdır. Elə deyil.

Bununla belə, sosial şəbəkədə bir xeyli adam “Qarabağ”ın qələbə qazanacağına inanırdı. Həmkarım Əfqan Qafarlının “Yəni deyirsiniz ki, “Qarabağ” “Bayer”i 2:1 hesabıyla uda bilməz?” sualına xeyli adam “uda bilər” və “ən azı uduzmayacaq” cavabı vermişdi. Onlar özümüzə, öz qüvvəmizə inanan adamlardır.

Bəs bir həftədən sonra Leverkuzendə baş tutacaq oyun necə olacaq? Onu da bilmək olmaz. Bir şey dəqiqdir ki, bu dəfə “Bayer” klubunun rəhbərliyi də, futbolçuları da dünənki oyunun videosuna təkrar-təkrar baxacaq və yaxşı-yaxşı hazırlaşacaqlar.

“Qarabağ”a eşq olsun. Namxuda Bakını Madridə, Mançesterə, Milana döndərib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR