İnsanlara hürriyət, millətlərə istiqlal!

“Daha çox itirən elə Ermənistanın özü olacaq”-politoloqdan ilginc açıqlama

782 22.06.2023 21:09 Siyasət A A

 

“Ermənistan İkinci Qarabağ müharibəsindən zəif və məğlub çıxdığına, Azərbaycanla bacarmadığına görə, prosesə böyük dövlətləri, beynəlxalq təşkilatları qatmaq istəyir ki, Ermənistanı qorusunlar, Azərbaycana qarşı təzyiq siyasəti aparsınlar. Məsələn, metallurgiya zavodunun Amerika bayrağı altında tikintisi də məhz bu siyasətin tərkib hissəsidir ki, Kərki kəndini bizə qaytarmasın, sərhədləri müəyyənləşdirməyi gecikdirsin”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a açıqlamasında söyləyib. Əlavə edib ki, eləcə də rəsmi İrəvan böyük dövlətləri - Fransa, Amerika, Hindistanı Azərbaycana qarşı qaldırmaq istəyir: “Həmçinin Ermənistan bəzi ölkələrdən silah-sursat almağa girişib və onları Azərbaycan əleyhinə siyasətə yönəltməyə çalışır. Eyni sözləri beynəlxalq təşkilatlar haqqında da demək olar. Son aylarda Ermənistan Avropa İttifaqı və AŞ PA-da Azərbaycanla bağlı məsələləri qaldırmaq istəyir və diplomatik zəmində xeyli dərəcədə fəallaşıblar. Avropa missiyasını Ermənistanda yerləşdirirlər, indi məqsədləri odur ki, Avropa İttifaqı Azərbaycanın daxili işlərinə qarışsın, Qarabağa da bir missiya göndərsin”.

E.Şahinoğlu qeyd edib ki, ermənilər AŞ PA-da da eyni məsələni qaldırıblar, Laçındakı sərhəd-keçid məntəqəsinin götürülməsi üçün bu təşkilatlara yalvarırlar: “Halbuki, sərhəddə keçid məntəqəsi yaratmaq Azərbaycanın tam hüququdur, bütün normal dövlətlərdə olduğu kimi. Ancaq Ermənistan saxta məlumatlar yayır ki, guya Qarabağ erməniləri blokadadadır. Hansı ki, təxribata özləri əl atdılar, Azərbaycan hərbçisinə atəş açdılar, ona görə də sərhəd-keçid məntəqəsi öz fəaliyyətini dayandırdı”. Politoloq bildirib ki, Avropa İttifaqı, yaxud AŞ PA Ermənistanla bağlı istənilən qərarı verə bilər: “Amma Azərbaycanla bağlı qərarı Azərbaycanın icazəsi olmadan verə bilməz. Tutaq ki, Xocavəndə hansısa nümayəndənin, müşahidəçi missiyanın göndərilməsi Azərbaycanın razılığı, icazəsi olmadan mümkün deyil. Azərbaycanın icazəsi olmadan onun ərazisinə necə daxil ola bilərlər? Laçında sərhəd-keçid məntəqəsi olmasaydı, deyərdilər ki, Ermənistandan üzərindən, nəzarətsiz bölgədən Qarabağa keçə bilərlər. Halbuki, bu da Azərbaycan qanunlarının kobud şəkildə pozulması olardı. Amma faktiki olaraq sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Durub meşə yolu ilə, cığırlarla, həyatlarını riskə ataraq Qarabağa keçməyəcəklər ki. Ona görə də Ermənistanın bu səyləri mənasızdır. Avropa Şurası, o cümlədən Avropa İttifaqı Azərbaycanın rəyini və icazəsini almadan Qarabağla bağlı hər hansı qərar verərsə, bu, Azərbaycan-Avropa Şurası və Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir edə bilər. Hansı ki, Avropa İttifaqının Azərbaycana ehtiyacı var. Avropanın Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın enerji resurslarına ehtiyac duyur. Azərbaycan Avropa ölkələrini enerji ehtiyatları ilə təmin edir. Ona görə də Avropa İttifaqı, yaxud Avropa Parlamenti Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı hər hansı qərar qəbul edərsə, bu, artıq Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinə zərər vura bilər, bunu gərək həmin qurumlar diqqətə alsınlar”.

“Atlas” rəhbəri əminliklə vurğuladı ki, bütün hallarda Ermənistanın səyləri nəticə verməyəcək: “Sülh sazişinin imzalanmasını, sərhədlərin müəyyənləşdirilməsini, Zəngəzur dəhlizinin açılmasını nə qədər uzatsalar da, yaxud sərhədə yaxın ərazidə zavod tikintisini davam etdirsələr də, bütün bunlar bölgəyə sülh, əminamanlıq gətirməyəcək, vəziyyəti daha da gərginləşdirəcək. Bütün bunlar nəticəsinə daha çox itirən elə Ermənistanın özü olacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR