İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cundul Şam” üzvü Bakıda məhkəmə qarşısına çıxarılır

582 08.02.2023 16:41 Kriminal A A

 

Suriyada silahlı birləşmələrin tərkibinə qoşulmaqda ittiham olunan 1989-cu il təvəllüdlü  Bəxtiyar Şıxıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fərid Namazovun icraatındadır.

 Musavat.com xəbər verir ki, yaxın günlərdə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Araşdırmalar zamanı Bəxtiyar Şıxıyevin ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriyanın Rifil-Muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib. Onun müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Bəxtiyar Şıxıyev ötən ilin mayında şübhəli şəxs qismində saxlanılaraq Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Mətbuatda Bəxtiyar Şıxıyevin vaxtilə Azərbaycanda fərdi qaydada usta işləməklə dolandığı və 2012-ci ildən ibadətlə məşğul olmağa başlayaraq din pərdəsi altında insanları cinayətə sövq edən radikal düşüncəli şəxslərin söhbətlərindən təsir dairəsinə düşməsu haqda məlumatlar ver. Məlum olur ki, Bəxtiyar Şıxıyev 2013-cü ildə 15 yaşı tamam olmamış Səadət Nazim qızı Əsgərzadə ilə dini nikahla ailə həyatı qurub. Həmin il onunla birlikdə Suriyaya yollanıb. Yetkinlik yaşına çatmayan Səadət Əsgərovanın ölkədən necə çıxarılması, ailəsinin buna necə icazə verməsi də cavabı olmayan suallardandır.

Bəxtiyar Şıxıyev Suriyada azərbaycanlının rəhbərlik etdiyi “Cundul Şam” adlı silahlı qrupun tərkibində başqaları ilə birlikdə təlimlərdə iştirak edib. Müxtəlif növ silahlardan və döyüş sursatlarından istifadə qaydalarını mənimsəyib, eləcə də ona təhkim edilmiş silahla “ribat”a (təşkilat üzvləri ərazinin mühafizəsini belə adlandırır) çıxıb. Silah-sursat söküb-yığmağı Səadət Əsgərovaya da öyrədib.

2014-cü ildə Suriya Ərəb Respublikasından Türkiyə Respublikasına qayıdaraq orada yaşamağa başlayıblar. Orada dünyaya gələn övladını və ərini atan həmin Səadət Əsgərova  2017-ci ildə Azərbaycana qayıdıb. Bundan sonra kriminal aləmə qoşulan Səadət Əsgərova Bakı şəhəri ərazisində 65 yaşlı qadının evinə soxulub. Qadının əllərini kəndirlə bağlamaqla, ağzını dəsmalla tıxamaqla yaşlı qadının evi qarət olunub.

Səadət Əsgərova sonradan həbs olunub və Bakı Ağır Cinayətlər Məhkəməsi 2020-ci ildə barəsində 8 il müddətinə azadlıqdan məhrum edilmə hökmü çıxarıb. Bəxtiyar Şıxıyev 2022-ci ilin mayında həbs olunub.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR