İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin ixracında ağırlıq Asiyaya keçir

546 05.09.2023 14:14 İqtisadiyyat A A

Çin son bir ildə ixrac istiqamətini ABŞ və Avropa İttifaqından (Aİ) Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) dəyişib.

Musavat.com “Bloomberg”ə istinadən xəbər verir ki, HSBC bankı Çindən ASEAN ölkələrinə çatdırılmaların həcminin kəskin artdığını, ABŞ və Aİ ölkələrinin isə Çin mal və xidmətlərini nəzərəçarpacaq dərəcədə az miqdarda idxal etməyə başladığını açıqlayıb.

İyunda Çinin assosiasiya ölkələrinə ixracının həcmi 578 milyard dollar, ABŞ-a 532 milyard dollar, Aİ-yə 544 milyard dollar, Yaponiyaya 169 milyard dollar təşkil edib. Halbuki 2022-ci ilin iyununda Çin ixracının strukturu fərqli görünürdü: birinci yeri ABŞ (616 milyard dollar), ikinci yeri Aİ (563 milyard dollar), üçüncü yeri ASEAN (521 milyard dollar), üçüncü yeri Yaponiya (169 milyard dollar) tuturdu. “Bloomberg” xəbər verir ki, ixracın strukturunda ilk dəyişikliklər 2023-cü ilin fevralında baş verib, o vaxtdan bu tendensiya davam edir.

HSBC-nin mütəxəssisi Frederik Neumanın sözlərinə görə, bu, 2022-ci ilin yanvarında 15 dövlətin azad ticarət zonası (Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq, RCEP) haqqında sazişinin qüvvəyə minməsi ilə bağlıdır. Ekspert hesab edir ki, ixracın strukturunun dəyişməsi qlobal təchizat zəncirlərinin yenidən qurulmasından xəbər verir: Çindən gələn komponentlər yığılmaq üçün daha çox Cənub-Şərqi Asiyaya göndərilir, sonra isə dünyanın digər ölkələrinə ixrac olunur. Neuman bildirir ki, Çin və ASEAN üzvləri arasında artan qarşılıqlı əlaqə “inkişaf etmiş bazarlarda tələbin azalması zamanı hətta dünya ticarətini sabitləşdirməyə kömək edə bilər”.

Xatırladaq ki, Çin və 14 digər ölkə 15 noyabr 2020-ci ildə keçirilən ASEAN-ın illik sammiti çərçivəsində RCEP-nin yaradılması barədə razılığa gəliblər. Ticarət müqaviləsinə Avstraliya, Bruney, Vyetnam, İndoneziya, Kamboca, Çin, Laos, Malayziya, Myanma, Yeni Zelandiya, Sinqapur, Tailand, Filippin, Cənubi Koreya və Yaponiya daxildir. Onlar dünya ÜDM-nin üçdə birini təşkil edir. Müqavilə 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR