İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin dünya iqtisadiyyatını dala çəkməyə başlayıb?

420 21.02.2024 14:06 Dünya A A

Çin iqtisadiyyatında pandemiyadan sonrakı bərpa prosesinin ləng gedişi beynəlxalq aləmin diqqət mərkəzindədir. Çinin pandemiya dövründə tamamilə qapanması ölkə iqtisadiyyatına mənfi təsir edib.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, statistik rəqəmlər də Çin iqtisadiyyatının zəiflədiyini göstərir:

“Sənaye və tikinti sektorunda fəallıq xeyli azalıb, məşğulluq indikatoru aylardır enişdədir. Bu proses 2020-ci ildən başlayaraq bu günə qədər davam edir. Çin dünyanın ən böyük istehlakçısıdır. Ona görə də Çində hazırkı iqtisadi vəziyyət dünyadakı xammal və enerji bazarına da mənfi təsir edib”.

Çinin üzləşdiyi əsas problemlərdən biri ölkədə işsizliyin artmasıdır. Rəsmi rəqəmlər 2023-cü ildə Çin şəhərlərində işsizlik həcminin 5.2 faiz civarında olduğunu göstərsə də, iqtisadi ekspertlər real rəqəmlərin bundan fərqli olduğu qənaətindədirlər:

“Müxtəlif hesablamalara görə, Çində işsizliyin miqyası ildən-ilə artır və 20 faizə yaxınlaşıb. Gənclər arasında işsizliyin miqyası daha böyükdür. Çində hər il ali təhsil ocaqlarını milyonlarla gənc bitirir, bu qədər gəncə isə iş tapmaq çətindir. Ali təhsilli gənclər zavod və fabriklərdə işləmək istəmirlər və onlar ixtisaslarına uyğun iş tapana qədər valideynlərindən asılı olurlar.

Çində 16-24 yaşlı gənclərin 21.3 faizinin işsiz olduğuna dair hesablamalar var. Bu, pandemiyadan əvvəlki dövrdən bir neçə dəfə çoxdur. Pekin Universitetinin professoru Çjan Dandanın yazdığı elmi məqalədə Çində gənclərin tən yarısının işsiz olduğu göstərilib. Bunların böyük əskəriyyəti ali təhsillidir. Çin iqtisadiyyatı ölkədəki gənclərin mütləq əksəriyyətinə yeni iş yerləri yarada bilmir. Çində son illər gənclər maliyyə və informasiya texnologiyaları üzrə diplomlar alırlar. Ancaq problem ondadır ki, Çində bu sahələrdə yerlər tutulub və boş vakansiyalar azdır. Ona görə də maliyyə və informasiya texnologiyaları üzrə ixtisaslaşan gənclər ya az maaşlı işlərdə çalışmalı, ya da bir müddət işsiz qalmalıdırlar”.

Çində maaşların aşağı səviyyədə olması da işsizliyin artmasına səbəb olan amillərdəndir: “Çində zavod və fabrik işçiləri ilə yanaşı, kənd təsərrüfatında çalışanların gəlirləri də aşağı səviyyədədir.

Bu arada, Çinə xarici investisiyaların axını azalıb. 2023-cü ildə Çinə xarici investisiyanın həcmi 1993-cü ildən bu yana ən aşağı səviyyədə olub. Bu, Çinin xarici ticarətinin zəifləməsinə gətirib çıxarıb, ixdal və ixrac əməliyyatları azalıb”.

Politoloqa görə, mövcud vəziyyət Çinin yürütdüyü xarici siyasətlə də bağlıdır:

“Çinin regional siyasəti böyük dövlətlərlə yanaşı, böyük maliyyə təşkilatlarının da narahatlığını artırıb. Çin hərbi gücünü artırmaq üçün müdafiə sahəsinə hərbi xərcləri artırıb. Qərb ölkələri yüksək texnologiyalar sahəsində Çinlə əməkdaşlıqdan imtina edirlər. Çünki Qərb ölkələri Pekinin həmin texnologiyalardan müxtəlif dövlətlərə qarşı istifadə etdiyindən narahatdır. Çin iqtisadiyyatı xarici ticarətə kökləndiyindən bu sahədə azalma Çinin digər sahələrinə də mənfi təsir edir. Xarici investorlar Çini Hindistan, Vyetnam və digər ölkələrlə əvəz etməyə başlayıblar. Xaricə maliyyə axını bu ölkələrə yönəlib”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR