İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazda erməni terroru təhlükəyə çevrilir: Kreml ümid, rəsmi Bakı isə həll edir

2765 29.03.2022 19:41 Analitika A A

Azərbaycan rəsmi İrəvanın "kaprizlər"inin nə vaxt sona çatacağını gözləmək, Ermənistanın Xankəndi və ətraf bölgəyə yeni hərbi qüvvələr göndərməsinə müşahidəçi qalmaq niyyətindən çox uzaqdır; Bölgədən Ermənistan ordusunun tör-töküntülərini çıxartmaq öhdəliyini yerinə yetirməyən Rusiya sülhməramlı qüvvələrinin üstəlik, üçtərəfli anlaşmaların belə kobud şəkildə pozulmasına göz yummasının da diqqətdən kənarda qalacağı qətiyyən inandırıcı görünmür...

Cənubi Qafqazda geopolitik proseslər həlledici mərhələyə yaxınlaşır. Hazırda regionda hərbi-siyasi situasiya sürətlə gərginləşmə istiqamətində inkişaf etməkdədir. Və bu gərginlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin gələcək taleyini birdəfəlik həll edə bilər.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsində mövcud olan vəziyyətlə bağlı səbrinin tükənmək üzrə olduğunu qətiyyən gizlətmir. Əksinə, bunu açıq şəkildə biruzə verməyə çalışır. Yəni, rəsmi Bakı rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu bölgədə Azərbaycanın suveren hüquqlarının bərpa olunması prosesinin uzadılması ilə barışmaq niyyətindən çox uzaqdır.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Ona görə də, son günlər Azərbaycan bu məsələnin həllini sürətləndirmək üçün konkret addımlar atmağa başlayıb. Azərbaycan ordusunun Xankəndi və ətraf bölgədə bəzi strateji məntəqələri nəzarətə götürməsi də elə həmin addımların sırasına daxildir. Bu addımlar həm bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlılara, həm qeyri-konstruktiv, bir çox hallarda isə pozuculuq davranışlarını davam etdirən Ermənistana, həm də Xankəndi və ətraf bölgədə olan, qeyri-real illüziyaların girovuna çevrilmiş erməni separatçılara açıq, sərt mesajdır.

Təbii ki, indi bu mesajların ünvanlandığı hər kəs rəsmi Bakının qətiyyətli geopolitik xəbərdarlıqlarından lazımi nəticələr çıxartmalıdır. Əks halda, rəsmi Bakı növbəti mərhələdə daha kəskin və radikal addımlar ilə Xankəndi və ətraf bölgədə erməni separatizmi ilə bağlı problemi Azərbaycan ordusunu hərəkətə gətirməklə, həll etmək qərarı verə bilər. Və belə qərarların verilməsi üçün Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində davranmaq haqqı var.

Məsələ ondadır ki, artıq ötən əsrin 90-cı illəri çoxdan arxada qalıb. İndi erməni separatizminə köhnə bəhanələrlə haqq qazandırmaq qətiyyən mümkün deyil. Üstəlik, Azərbaycan dövləti də ötən əsrin 90-ci illərindən fərqli olaraq, indi artıq öz maraqlarını təmin etmək baxımından, hər kəsə durmalı olduğu yeri göstərmək gücündədir.

Ona görə də, həm Rusiya, həm də Ermənistan yeni geopolitik şərtləri qəbul edərək, beynəlxalq hüququn tələbləri ilə barışmalıdır. Rəsmi Bakını Azərbaycanın suveren hüquqlarını bərpa etmək üçün sərt addımlar atmaq məcburiyyətində buraxmamalıdır. Və xüsusilə də Kreml Rusiyanın maraqlarından qaynaqlanan balanslaşdırıcı, bəzi hallarda isə daha çox Ermənistana dəstək xarakteri daşıyan açıqlamalardan imtina etməlidir.

05be602560b6c4fde518f83889cbb60a.jpg (119 KB)

Əks halda, Rusiyanın siyasi dairələri bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko kimi ümidə bağlı açıqlamalar vermək məcburiyyətində qalacaq. Belə ki, A.Rudenko Rusiyanın Xankəndi və ətraf bölgədə gərginliyin məhz Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli anlaşmalar çərçivəsində nizamlanacağına ümid etdiyini bəyan edib. Eyni zamanda, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da bu gərginliyin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə yekunlaşacağına ümid etdiyini vurğulayıb.

Ancaq belə məsələlər yalnız ümidlər ilə həll edilə biləcək problemlər deyil. Belə problemlər ümidləri doğrulda biləcək konkret addımların atılması ilə nizamlana bilər. Halbuki, hazırda həmin ümidlərin boşa çıxmasında Rusiyanın davranışları və mövqeyinin də xüsusi rolu olmamış deyil.

Məsələ ondadır ki, Rusiya sülhməramlıları müvəqqəti dislokasiya olunduqları Xankəndi və ətraf bölgədə üçtərəfli anlaşmaların tələblərini hələ də yerinə yetirməyiblər. Əgər, yerinə yetirmiş olsaydılar, üçtərəfli anlaşmaların tələblərinə uyğun olaraq, Rusiya sülhməramlı qüvvələri Xankəndi və ətraf bölgədən Ermənistan ordusunun qalıqlarını çıxartmış olardılar. Və rus sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisində mövcud olan gərginlik də məhz üçtərəfli anlaşmaların həmin tələblərinin icra edilməməsi ilə birbaşa bağlıdır.

------------------1-6-1024x672.jpg (114 KB)

Qətiyyən şübhə doğurmur ki, rus sülhməramlılar müvəqqəti dislokasiya olunduqları Xankəndi və ətraf bölgədən Ermənistan ordusunun tör-töküntülərini çıxartsalar, Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik barədə Bəyannamənin tələblərinə uyğun olaraq, erməni separatizminə qarşı konkret addımlar atsalar, gərginlik də, digər bütün problemlər də dərhal öz həllini tapa bilər. Hətta bu proses son nəticədə elə Valentina Matviyenkonun da ümid bəslədiyi kimi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə yekunlaşar. Və bütün bunlar baş vermədiyi halda, Rusiya rəsmilərinin müxtəlif "ümid açıqlamaları" ilə zamanı uzatmaları vəziyyəti daha da gərginləşdirən faktor rolunu oynayır.

Ancaq bu vəziyyət həddindən artıq uzadıla bilməz. Çünki, dünya da, Cənubi Qafqaz da böyük sürətlə dəyişir. Cənubi Qafqaz regionunda tezliklə böyük geopolitik, geostrateji və geoiqtisadi proseslərin intensivləşəcəyi gözlənilir. Rəsmi Bakı isə belə önəmli dövrdə uzun müddət Ermənistanın "kaprizlər"inin nə vaxt sona çatacağını, Rusiyanın isə üçtərəfli anlaşmaların tələblərini nə vaxt xatırlayacağını gözləyə bilməz. Azərbaycan üçtərəfli anlaşmaların icrasını birtərəfli qaydada təmin etməklə, Ermənistanın bütün "kaprizlər"ini sona çatdırmaq imkanındadır. Üstəlik, bu, elə Rusiyanın da həm həmin sənədləri, həm də Azərbaycan ilə imzalanan müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsini xatırlada bilər.

Hər halda, Azərbaycan Ermənistanın Xankəndi və ətraf bölgəyə yeni hərbi qüvvələr göndərməsinə müşahidəçi qalmaq niyyətindən də uzaq görünür. Halbuki, bölgədən Ermənistan ordusunun tör-töküntülərini çıxartmaq öhdəliyini yerinə yetirməyən Rusiya sülhməramlı qüvvələrinin üstəlik, üçtərəfli anlaşmaların belə kobud şəkildə pozulmasına göz yummasının da diqqətdən kənarda qalacağı qətiyyən inandırıcı görünmür. Və bütün bunlar səbri tükənməkdə olan rəsmi Bakının tezliklə Azərbaycanın Xankəndi və ətraf bölgəsi ilə bağlı bütün problemləri birdəfəlik həlli barədə qərar verəcəyini düşünmək imkanı yaradır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR