İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cənab Prezidentin sülhlə bağlı mövqeyi bir daha sübut edir ki...”

1265 14.01.2026 19:45 Ölkə A A

“Möhtərəm cənab Prezident İlham Əliyevin Ağdərədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, bu torpaqlara qayıdış sadəcə fiziki dönüş deyil, tarixi ədalətin, milli qürurun və dövlət iradəsinin təntənəsidir. Ölkə başçımızın hər bir cümləsində xalqın 30 illik ağrısının, səbrinin və inamının səsi var idi. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan öz taleyini özü müəyyən edən, haqqını özü təmin edən güclü dövlətdir”.

Bu fikirləri Musavat.com-da Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı səsləndirib. Onun fikrincə, Ağdərədə olmaq və dövlət başçımızın bu torpaqlarla bağlı qətiyyətli, ümidverici və strateji baxışını canlı şəkildə görmək insanı dərindən duyğulandırır: “Dövlət başçımızın sözləri gələcək nəsillər üçün yol xəritəsidir. Möhtərəm Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, biz uzun illər beynəlxalq hüquqa söykənərək ədalət gözlədik, lakin onu bizə heç kim vermədi. Nəhayət, Azərbaycan xalqı və Ordusu bu haqqı öz gücü ilə təmin etdi. Bu, tariximizin ən şərəfli səhifələrindən biridir.

Cənab Prezidentin Ağdərəninin gələcəyi ilə bağlı səsləndirilən fikirləri göstərir ki, Ağdərə yeni inkişaf modelinin formalaşacağı məkandır. Sənaye, kənd təsərrüfatı və turizm potensialı olan Ağdərə rayonu yaxın illərdə bölgənin iqtisadi və sosial həyatında aparıcı mövqeyə yüksələcək. Bu, dövlət siyasətinin nə qədər uzaqgörən və planlı şəkildə həyata keçirildiyinin bariz nümunəsidir”.

Deputat diqqətə çatdırdı ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri artıq dünya miqyasında heyranlıq doğuran prosesə çevrilib: “Yollar, evlər, məktəblər, xəstəxanalar, infrastruktur layihələri Azərbaycan xalqının öz torpağına qayıdışının təminatıdır. Keçmiş məcburi köçkünlər üçün yeni həyatın, yeni ümidlərin başlanğıcıdır. Bununla paralel, işğaldan azad olunmuş torpaqlarda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər bölgənin siyasi mərkəz kimi formalaşmasında mühüm rol oynayır.

Eyni zamanda, Cənab Prezident İlham Əliyevin sülhlə bağlı mövqeyi bir daha sübut edir ki, Azərbaycan güclü olduğu üçün sülh istəyir. Biz müharibəni yox, ədaləti və sabitliyi seçmişik. Azərbaycan artıq öz gücünü nümayiş etdirib və bu güc bundan sonra regionda sülhün əsas təminatçısıdır. Bu ölkəmizin həm siyasi, həm də mənəvi üstünlüyüdür. Biz heç bir halda istər siyasi, istərsə də hərbi cəhətdən ehtiyyatı əldən vermirik.

Şəhidlərimizin xatirəsinin hər zaman uca tutulması, onların ailələrinə və qazilərimizə göstərilən dövlət qayğısı dövlət siyasətimizin nə qədər insani və ədalətli olduğunu göstərir. Biz azad Ağdərədə Şəhidlərimizin ruhu qarşısında baş əyərək dayanırıq. Bu torpaqlarda atılan hər addım onların müqəddəs qanı üzərində qurulan dövlətin gücünü ifadə edir.

Ölkə başçımızın Ağdərədə söylədiyi fikirlər mesajdır. Qarabağ və Şərqi Zəngəzur dirçəlir, Azərbaycan güclüdür və bu güc dönməzdir. Bu, xalqımıza verilən ən böyük təminat, gələcək nəsillərə ötürüləcək ən qiymətli irsdir”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR