İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmiyyəti sarsıdan o görüntülər - uşaqlara işgəncə verənlərin cəzası...

1178 06.09.2022 08:30 Gündəm A A

Ekspert: “Hələ gör nə qədər kameranın çəkmədiyi zorakılıq halları var...”

Sosial şəbəkələrdə Bakıda "Neftçilər" metrosunun yaxınlığında yerləşən “Mehnur” Reabilitasiya Mərkəzində uşaqlara qarşı zorakılığı özündə əks etdirən videogörüntülər ölkənin müzakirə mövzusu olaraq qalır.  Ürəkağrıdan görüntülərdə baxıcı azyaşlı uşaqların saçlarını yolur, döşəmədə sürüyür, bədən nahiyələrinə xəsarətlər yetirir. Qeyd edək ki, Sabunçu rayonunda yerləşən “Mehnur” Loqopedik Reabilitasiya Mərkəzinin direktoru, psixoloq və baxıcısı saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Reablitasiya Mərkəzində döyülən uşaq: Anası açıqlama verdi

“Mehnur” Reabilitasiya Mərkəzi lisenziyasız fəaliyyət göstərib. Məlum olub ki, “Mehnur” Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir. Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub. Məşhurlar açılış mərasimində iştirak edib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanallarında çıxışlar da edib. Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir. Hüquq-mühafizə orqanları Nuranə Hacızadəni də saxlayıb.

Oğlum danışa bilməsə də, işarələrlə başa salırdı ki, onu döyüblər” |

“Mehnur” Reabilitasiya Mərkəzində işgəncəyə məruz qalan 4 yaşlı Cavid Cəbrayılovun anası Səbinə Qasımovanın sözlərinə görə, övladı eşitmə problemlidir. Övladını əvvəlcə başqa psixoloji mərkəzə aparsa da, imkansızlıqdan və evlərinə yaxın olduğu üçün bu mərkəzi seçib. Azyaşlı 2 aydır ki, bu reabilitasiya mərkəzində müalicəyə gedir. “Mərkəzin otaqlarında kamera quraşdırılmışdı, izləyə bilirdik. Hadisə kameranın olmadığı ərazidə baş verib. Uşağın bədənində yara izləri vardı. Oğlum danışa bilməsə də, işarələrlə başa salırdı ki, onu döyüblər”, - ana bildirir.

Şikayətçi deyir ki, mərkəzə hər dəfə müalicə üçün 30 manat ödəyib: “Kirayədə qalıram, 30 manatı ona görə ödəmirdim ki, danışa bilməyən uşağımı döysünlər. Uşaq travma alıb, elə biz də o görüntülərdən sonra sarsıntı keçirmişik. Oğlumun bədənində 5 qəpiklik boyda yara izi qalıb. Həyət evində yaşamırıq ki, deyim uşaq yıxılıb zədə alıb. Mənim oğlumla bərabər başqa bir uşağı da döyüblər. Görüntüləri mərkəzin hansısa bir əməkdaşı çəkib. Yaxşı ki, çəkiblər. Yoxsa xəbərimiz olmazdı”. Sosial şəbəkələrdə görüntülərin bir neçə ay əvvəl qeydə alındığı yazılıb. Lakin adını açıqlamaq istəməyən mərkəz əməkdaşı mediaya deyib ki, görüntülər yeni işçi tərəfindən çəkilib. Həmin işçi direktorun işgəncə faktlarından xəbərsiz olduğunu düşünüb və görüntüləri ona göstərib. Nəticədə direktor onu işdən qovub. O da bir həftə sonra görüntüləri yayıb.

Psixoloq Ülviyyə Murtuzova: " Karyerada qadın uğursuzluğu belə başlayır" -  VİDEO » Azərbaycan Reallığı

Ülviyyə Murtuzova

Psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Azyaşlı uşaqlarla çalışmaq özü insandan böyük potensial tələb edir. Bu, ”mən bunu edə bilərəm, bunu etmək istəyirəm, bunu etmək gücündəyəm" deyən insanlar üçün deyil. Şəxsin bütün parametrləri, həyata bağlılığı, həyata tutunma səbəbi, psixoloji göstəricilərinin dərəcəsi, erkən dönəmlərdə aldığı və hazırda travmatik şəkildə şiddətin vurduğu sarsıntılarının olub-olmaması - bütün bunlar tam olaraq yetərli olmalıdır. Hisslərin idarə olunması məharəti o qədər güclü olmalıdır ki, azyaşlı uşaqlarla çalışa biləsən. İlk növbədə uşaqlarla çalışılan zaman həmin pedaqoqların, istər psixoloqların, tərbiyəçilərin, dayələrin, orada işləyən adi sanitarlardan tutmuş hər bir insanın uşaq psixologiyasını dərindən bilməsi, ən azı evdə övladını nümunəvi şəkildə yetişdirə bilən ana siması olmalıdır ki, bu mühitdə çalışa bilsin. Fəlakət ondadır ki,  bunların bütün acısını körpə uşaqlar daşıyır. İşçiləri konkret meyarlarla işə götürmək lazımdır. Məsələnin kökü buradan başlayır. Necə ki, məktəblərdə uşaqlara dərs deməyən müəllimlərin məsuliyyətini direktor, ali məktəblərdə rektor, burada da işə götürənlər ciddi yoxlama aparmalıdırlar".  

Psixoloq Nizami Orucov - YouTube

Nizami Orucov 

Psixoloq Nizami Orucov da məsələ ilə bağlı öz mövqeyini bildirib: “Məsələnin faciəvi tərəfi odur ki, biz on minlərlə videodan, sadəcə, bir-ikisini izləmişik. Ölkənin bütün bağçalarında, bütün məktəblərində baş verən nə qədər zorakılıq halları var... Amma onlar ictimaiyyətə məlum olmur. Mənim yaşadığım binanın altında 4 bağça açılıb. Belə uşaq bağçası olmaz. Kim gəldi, haradan gəldi işə götürüblər. Nə onların psixoloji müayinəsi keçirilib, nə test edilib. Evində dolma bükən də bağçaya müəllimə kimi işə cəlb edilir. Ümumiyyətlə, fiziki məhdudiyyəti olan, psixoloji problemi, əqli geriliyi olan uşaqlar digər uşaqlardan daha böyük risk altındadır. Bu inkişaf etmiş ölkələrin statistikasıdır. Uşaqlarınızın və ailənizin sağlamlığını kimə gəldi, hara gəldi etibar etməyin. Sual verin, maraqlanın, tələb edin. Uşaqlarınızı pediatr, psixoloq, stomatoloq, müəllim, masajist yanına apararkən mütləq şəkildə verməli olduğunuz suallar verin. ”Təhsilinizi harada almısınız? İxtisasınız tam olaraq necə adlanır, hansı ixtisas artırma proqramlarını keçmişiniz, təcrübəniz neçə ildir, şəxsi psixoloqunuz varmı" suallarına “mütəxəssis” kobud şəkildə cavab versə, ya da cavab verməkdən imtina etsə, oradan qaçın. Uşaqlarla işləyərkən sonsuz sevgi, mərhəmət və anlayışdan başqa heç bir yanaşma, heç bir şiddət qəbul edilə bilməz".

Hüquqşünas Əkrəm Həsənov isə deyib ki, Cinayət Məcəlləsinin 133-cü maddəsinə görə,  həbs edilənlərə 2 ilədək müddətə islah işləri və 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası verilə bilər: “İşgəncə verməklə törədilibsə, hətta 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası da ola bilər. Bizdə tibb sahəsində xeyli boşluqlar var. Azərbaycanda kimə daş atırsan, psixoloqa dəyir. Kurs bitirib psixoloq olurlar. Bəlkə də həmin şəxslər deyəcək ki, bu bizim müalicə metodumuzdur. Bizdə standartlar yoxdur. Uşaqlara işgəncə verilib. Həmin mərkəzin fəaliyyəti yoxlanılmalıdır. Lazım olsa, fəaliyyəti dayandırılmalıdır”.

Təhsil Nazirliyinin brifinqini müzakirə edirik - Təhsil eksperti Kamran  Əsədov CANLI YAYIMDA ​ - YouTube

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədovun da mövzu ilə bağlı fikirlərini diqqət çəkir:  “Azyaşlı uşaqlarla işləmək ən çətin fəaliyyət növüdür. Buna həm mənəvi, həm də psixoloji baxımdan hazır olmaq lazımdır. Artıq cəmiyyətdə aqressiv hallar adiləşib. Səbəblər müxtəlifdir. Ümumiyyətlə, istər lisenziya əsasında, istərsə də MMC kimi fəaliyyət göstərən və uşaqlara xidmət göstərilən bütün fiziki və hüquqi şəxslərin qarşısında bir neçə tələb qoyulmalıdır ki, onlardan biri də xidmətin göstəriləcəyi, aktiv hərəkətin olduğu bütün otaq və yerlərdə valideynlərin 24 saat istifadə edəcəyi təhlükəsizlik kameralarının olmasıdır. Yəni bu insanların Allah qorxusundan daha çox kamera qorxusu var. Bundan başqa, həqiqətən də işəgötürənlər işçiləri lisenziyalı psixoloji mərkəzlərdə mütəmadi olaraq yoxlatmalıdır. Hələ gör, nə qədər kameranın çəkmədiyi zorakılıq halları var...”

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR