İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cəmiyyət, məktəb və valideyn uşaqdan nə istədiyini bilmir” –PSİXOLOQ RƏYİ

517 29.02.2024 10:36 Gündəm A A

Bəzi valideynlərin sosial şəbəkələrdə qeyri-etik davranışları artıq onların həyat tərzinə çevrilib. Onlar hətta övladlarını, bəzən azyaşlı uşaqları da canlı yayımlara çıxararaq öz əməllərinə alət edirlər. Belə hallar uşaqların tərbiyəsinə mənfi təsir göstərməklə yanaşı, cəmiyyətdə də qıcıq yaradır.

Bu kimi hallarla mübarizəyə dair sosial mediada təşkil olunan müzakirələrdə bir çox təkliflər, tövsiyələr səsləndirilir. Belə təkliflərdən biri bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da əxlaq polisi adlı qurumun yaradılmasıdır. İddia olunur ki, gənc nəsli düzgün tərbiyə etmək, onların əxlaqını qorumaq üçün məhz əxlaq polisi vasitəsilə nəzarəti gücləndirmək müsbət effekt verər.

Maraqlıdır, yeniyetmə və gənclərin, gələcək nəsillərin əxlaqını qorumaq, düzgün tərbiyə etmək üçün bizə məhz əxlaq polisi lazımdırmı? Övladlarımızı, gələcəyimiz olan gənclərimizi sosial medianın zərərli təsirindən, pis tərbiyədən necə qorumalıyıq?

Mövzu ilə bağlı Medianews.az-a danışan psixoloq Əfsanə Rüstəmova bildirib ki, bu məsələyə yanaşmada ilk olaraq hansı yaş qrupundan söhbət getdiyini dəqiqləşdirmək lazımdır.

Onun sözlərinə görə, tərbiyədə ən böyük prioritet, özəllik və ya qorunması lazım olan tələb vahidlikdir: “Yəni, valideynlərin övladlarından, məktəb və müəllimin şagirddən, ölkənin vətəndaşdan, uşaqdan gözləntiləri eyni olmalıdır. Əgər biz bu üç istiqamət üzrə eyniyyət yarada bilsək, özümüz cəmiyyət olaraq effektli əxlaq polisini yarada bilərik. Ayrıca olaraq əxlaq polisinin yaradılmasına gəlincə, sözügedən qurumun hansı dəyərlərə söykənərək bu yoxlamanı edəcəyini müəyyən etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan kifayət qədər tolerant bir ölkədir. Bura müxtəlif dinlərin, mədəniyyətlərin, meyar olaraq ölçülə biləndirsə, müxtəlif əxlaq sahiblərinin yaşadığı cəmiyyətdir. Belə olan halda əxlaq polisinin hansı ailəyə, hansı tərzdə yanaşa biləcəyi, yaxud yaradılacaq bu qurumun qanunla necə ümumiləşəcəyi sual altındadır. Əlbəttə, maraqlı təklifdir və hansısa formada dəyərləndirmək olar. Sadəcə düşünürəm ki, nəyi nə ilə və necə əlaqələndirməyi nəzərə almaq lazımdır. Çünki, biz bir qərar verəndə, addım atanda və ya cümlə quranda mütləq onun söykəndiyi araşdırma, nəticəsi olmalıdır”.

Psixoloq deyib ki, heç kəs durduğu yerdə özündən “mən belə düşünürəm” deyə qanun-qayda tətbiq edə, təşəbbüs irəli sürə bilməz. Onun qənaətincə, əgər cəmiyyət, məktəb və müəllim yaxşı mənada “çəkici eyni yerə vurarsa”, elə üçü birləşib ən gözəl, səriştəli qaydada əxlaq polisin edəcəyi nəzarəti həyata keçirə bilər: “Lakin təəssüflər olsun ki, cəmiyyət, məktəb və valideyn başqa yerə baxır deyə, indi böyüyən uşaqların, həqiqətən də yaxşı, sağlam, psixologiyasının düzgün formalaşması bir möcüzə əsəri sayıla bilər. İndi meyarlar çox qarışıb və bu qədər qarışıq meyarlar içində doğrunu seçmək, görmək, anlamaq və tətbiq edib yaxşı nəticə almaq çox çətindir. Bizim doğru hesab etdiyimizi övladlarımıza verəndə, övladlarımız cəmiyyətdə və ya sosial şəbəkələrdə bunun əksin görəndə, artıq valideyn onun üçün müzakirə oluna bilən bir predmetə çevrilir. Ona görə də birinci nə istədiyimizi bilməliyik. Sonra isə onu tətbiq etməyə fokuslanmalıyıq. Məncə, hazırda ən böyük problem budur ki, cəmiyyət, məktəb və valideyn uşaqdan nə istədiyini bilmir. Bunun mənfi nəticəsi olaraq uşaqları hərə öz tərəfinə çəkir və uşaqlar ortada qalırlar. Həmin uşaqları da sosial şəbəkə istiqamətləndirir. Sözsüz ki, bu istiqamətləndirmə mənfi yönümlüdür”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR