İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çaçiç həmişə mənə inandığını deyib" -Mahir Emreli

769 14.11.2022 15:26 İdman A A

Azərbaycan millisinin və "Dinamo"nun (Zaqreb) futbolçusu Mahir Emrelinin Qol.az saytına müsahibə verib. Musavat.com müsahibəni təqdim edir:

- Xorvatiya çempionatının 17-ci turunda “Riyeka”ya qarşı dünənki matçda dubl etdin. Uzun müddət qol vurmadığını və hazırda start heyətdə yer almadığını nəzərə alsaq, bu qolların əhəmiyyətini necə dəyərləndirirsən?

- Hücumçu olaraq qol vurmaq hər zaman gözəl bir hissdir. Sizin dediyiniz kimi, uzun müddət gah oynadım, gah oynamadım. Ona görə də bəzi baxımlardan çətinliklər oldu. Amma ili qolla bitirməyin çox vacib olduğunu düşünürəm. Daha çox üzərimizdə işləyib, daha yaxşısını etməyə çalışacağıq.

- Əvvəlki baş məşqçin Jelko Kopiçin dönəmində oyun praktikan daha çox idi. Yeni baş məşqçi gəldikdən sonra isə əksinə, bu, azalmağa doğru getdi. Bunun səbəbi nədir?

- Bu sualı baş məşqçinin özünə versəniz, daha yaxşı olar. Ante Çaçiçlə aramızdakı münasibət çox yaxşıdır. O, mənim barəmdə hər zaman pozitiv düşüncədədir. Az oynasam belə, heç vaxt məşqçilər korpusundan özümə qarşı güvənsizlik hiss etməmişəm.

- Bəs, baş məşqçinizlə şəxsi olaraq münasibətləriniz necədir?

- Qeyd etdiyim kimi, bütün məşqçi heyəti ilə münasibətim yaxşıdır. O, həmişə mənimlə bağlı pozitiv fikirlər səsləndirib, istedadlı olduğumu deyib. Ən azından bu, mənimlə söhbətində hər zaman belə olub. Ante Çaçiç həmişə mənə inandığını vurğulayıb. Sadəcə olaraq, onun da futbola öz baxışı var. Məşqçinin qərarına hörmətlə yanaşmaq hər bir futbolçunun borcudur. Ona görə də düşünürəm ki, münasibətimiz yaxşıdır. 

- “Dinamo”dan icarə əsasında başqa kluba keçəcəyinə dair məlumatlar yayılır. Bu fikirlər nə dərəcədə əsaslıdır? Belə niyyət varsa, hansı ölkədə seçim edərsən?

- Niyyət deyəndə ki, futbolçu kimi belə bir istək ola bilməz. Çünki bu, klubla müzakirə edəcəyimiz mövzulardır. Klubun nə düşündüyü, hansı qərarı verəcəyi də var. Reallıq budur ki, mən "Dinamo"nun futbolçusuyam. Bu, onların verə biləcəyi qərardır. Əlbəttə ki, menecerlər də öz işlərini görürlər. Bu, hər transfer pəncərəsində olduğu kimi normaldır. Qarşıdakı günlələrdə bəlkə nəsə ola bilər, bəlkə də olmaz. Bu, ilk növbədə "Dinamo" Zaqrebin verəcəyi qərardır.

- Bəs,özün necə, “Dinamo"da qalmaq istəyirsənmi?

- Mən burada hər şeydən - komanda ab-havasından, yaşayışdan, şəraitdən razıyam. Amma futbolçu üçün oynamaq vacib amildir. Burada nə qədər şans qazanıb-qazanmayacağım məsələsi var. Bu da dediyim kimi, baş məşqçinin və "Dinamo"nun verəcəyi bir qərardır. Sadəcə, məni narahat edən məqam az oynamağımdır. Məncə, bu, hər futbolçunu narahat edir və etməlidir. Mən baş məşqçini, ümumiyyətlə, heç kimi günahlandırmıram. Bu, səhv anlaşılmasın. Çünki məşqinin qərarlarına hörmətim sonsuzdur. Amma düşünürəm ki, mənə indi daha çox oynayıb, daha çox inkişaf etmək lazımdır.

- Xorvatiyadakı mühitə öyrəşə bilmisənmi? Yerli mentalitet, azarkeşlərin münasibəti necədir?

- Bəli, mühitə öyrəşə bilirəm. Dillərinə də tez alışa bildim. Onları çox yaxşı anlayıram. Bəzən bu dildə danışa biləcəyimi də düşünürəm. Sadəcə bəlkə də utancaqlıq məni geri çəkir (gülür). Baş məşqimiz xorvat dilində danışanda, tapşırıqlar verəndə hər şeyi başa düşürəm. Şəhərə də, insanlara da, mühitə də öyrəşdim. Çətinlik çəkdiyimi deyə bilmərəm. Məncə, Varşavada bu, bir az daha çətin idi. Xorvatiya isə mənim üçün mühitə, komandaya öyrəşmək baxımından daha rahat oldu. 

- Sabiq klubun “Qarabağ”, baş məşqçi Qurban Qurbanovla əlaqələrin hələ də varmı? Oyununla bağlı müzakirəniz olurmu?

- Bəli. Qurban müəllimlə əlaqəmiz hər zaman var. Bəzən tez-tez olur, bəzən də gec-gec. Bu, onun iş qrafikindən asılı olur (gülür). Ümumi olaraq, biz həmişə bir-birimizə dəstək oluruq. Mən hər zaman onun dəstəyini hiss edirəm. Qurban müəllimin haqqını itirə bilmərəm. Hər zaman deyirəm, hara getsəm də, onun üzərimdə əməyi var. Bu yerə gəlməyimdə də Qurban Qurbanovun əməyi danılmazdır. Bu, mənim həyatımda dəyişməz olaraq qalacaq. 

- Ümumiyyətlə, Xorvatiyaya getdikdən sonra oyununla bağlı daha çox kiminlə müzakirə aparırsan?

- Bəzən Qurban müəllimlə, Rəşad Sadıqovla danışırıq. Sadıqovun köməkçisi Eltun Yaqublu ilə də müzakirələr edirik. Düzdür, son vaxtlar Rəşad Sadıqovla danışmaq fürsətimiz olmayıb. Dediyim kimi, Qurban Qurbanov və Rəşad Sadıqov mənə çox şey qazandırıb. Mən bunu hər zaman hər yerdə dilə gətirirəm. Çalışıram ki, onların əziyyətlərini yerə vurmayım. Həmişə istəmişəm ki, onlar məndən razı olsunlar. Ümid edirəm ki, az-çox bunu bacara bilirəm. 

- Milli komandanın qarşıdan gələn oyunları ilə bağlı fikirlərin necədir?

- Millini hər oyunu vacibdir. Milli komandada çıxış etmək hər bir futbolçu üçün qürurvericidir. Yığmanın hansı reytinqdə olduğu önəmli deyil. Bütün futbolçular üçün öz ölkəsinin milli komandasında oynamaq qürurverici hissdir. Bu, tamam başqa bir həzzdir. Rəqiblərimiz də kifayət qədər yaxşı komandalardır. Məncə, maraqlı oyunlar olacaq. Biz də çalışacağıq ki, uğurlu seriyamızı davam etdirək, ən önəmlisi gözəl oyun nümayiş etdirək.

- Milli çempionatımızı izləyirsənmi? Premyer Liqanın bu mövsümü haqqında ümumi fikrini bilmək istərdik.

 

- Premyer Liqanı fürsət olduqca izləyirəm. Düzdür, daha çox "Qarabağ"ın matçlarına baxıram. Ən son "Qarabağ"ın "Sabah"la oyununun ilk hissəsinə baxmaq fürsətim oldu. Bəzən zaman olanda videoicmalları izləyirəm. Fürsət oluqca, "Zirə"nin matçlarını da baxıram. Səhv etmirəmsə, "Zirə"nin də "Qəbələ" ilə oyununa baxmışam. Başqa oyunların da videoicmalları izləyirəm. "Turan Tovuz"un, "Kəpəz"in Premyer Liqaya qayıtması çox pozitiv haldır. Görürəm ki, regionlarda futbola necə maraq var. Tamam başqa bir ab-hava hiss olunur. “Sabah" - "Qarabağ" oyununda da ajiotaj vardı. Düşünürəm ki, futbolumuzun ən çox ehtiyac duyulan məqamlardan biri də stadionların dolu olmağıdır. Ümid edirəm ki, azarkeşlərimiz növbəti oyunlarda da stadiona gələrək öz komandalarına dəstək nümayiş etdirəcəklər. Siz fikir verirsiniz, ya yox, bilmirəm, amma belə ab-hava olanda oyunlar daha maraqlı keçir. 

- Son olaraq “Qarabağ”ın bu mövsüm Avropa kuboklarındakı çıxışını necə dəyərləndirirsən?

- Bu, sırf mənim düşüncəmdir. Bəlkə də mənimlə razılaşmaya bilərlər. Hərənin öz fikri var. Bu fikri Rəşad Sadıqov da səsləndirmişdi. Mən də ona qatılıram. Məncə, biz son illərin ən güclü "Qarabağ"ını görürük. Onların rəqibi öz qapısına sıxmaqları, yüksək pressinq etməkləri, futbolçuların bir-birini başa düşməsi gözlə görünəndir. "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxa bilməməsinə görə çox məyus oldum. Amma yenə də "Qarabağ"ın Konfrans Liqasında irəliləcəyinə inanıram. Bu komanda bu mövsüm hətta Çempionlar Liqasına layiq idi. İlini səhv deyə bilərəm, amma mən hələ onda "Qarabağ"a gəlməmişdim. Reynaldo Silva, Çumbinyo, Dias, Leroy Corcun heyətdə olduğu vaxtlar...Məncə "Qarabağ"ın ən güclü heyətlərindən biri idi. Və bugünkü "Qarabağ" da belədir. Təbii ki, mənim oynadığım vaxtlarda da tərkib güclü idi (gülür). Kənardan deyə biləcəklərim bu qədərdir. "Qarabağ"a gələcək matçlarında uğurlar arzu edirəm. İnanıram ki, indiyə kimi bizi Avropada necə təmsil ediblərsə, bundan sonra da o cür təmsil edəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR